«Siz Cəmil Həsənliyə səs verməklə Azərbaycanımızı yanlış yoldan, təhlükə dolu gələcəkdən xilas edə bilərsiniz!»
«Azərbaycanda ədalətsizlik, avtoritar rejimin hökm sürdüyünü ürək ağrısı, xəcalətlə söyləməyə məcburuq»
Türkiyədə çalışan elm, sənət, fikir və iş adamları prezident seçkiləri ərəfəsində Azərbaycan xalqına müraciət edib. Müraciətdə Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənliyə səs vermək üçün çağırış öz əksini tapıb:
“Azərbaycandakı mövcud durumda ağırlığı, hüquqsuzluğu və təzyiqi hər gün yaşayan insanlar olaraq, hamıdan yaxşı bilirsiniz. Çünki bu ağrı-acıları hər gün yaşamağa məcbursunuz. Bu durum dünyanın hər yerində, xüsusilə, Rusiyada, Avropada, Türkiyədə yaşayan insanlara yaxşı məlumdur.
Azərbaycanda hökm sürən qanunsuzluq, özbaşınalıq, ədalətsizlik, avtoritar və yarım totalitar rejimin qanun sonucu olduğunu ürək ağrısı, xəcalətlə söyləməyə məcburuq. Maaşları 200-300 manat olan müəllimlərin, həkimlərin, yaradıcı ziyalıların maddi vəziyyətilə bərabər, acınacaqlı mənəvi durum rəzalətdən başqa bir şey deyil.
Bütün bunlara son qoymaq üçün ən ədalətli, demokratik yol seçilməlidir.
Əziz soydaşlar, siz professor Cəmil Həsənliyə səs verməklə Azərbaycanımızı yanlış yoldan, təhlükə dolu gələcəkdən xilas edə bilərsiniz. Unutmayaq ki, Rusiyanın bədnam yeni Avrasiya, başqa sözlə yeni SSRI planı qapımızın ağzındadır, Ilham Əliyevin seçki oyununda sürətlə gündəmə oturacaqdır. Azərbaycan müstəqilliyinin təhlükə altında olduğunu söhbət etməyə belə ehtiyac yoxdur. “Önəmli olan səs verən deyil, səs sayandır” modelinə son qoymaq vaxtdır.
Biz bugünlərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin oğlunun həbs olunmasını da hiddətlə qarşılayırıq. Bu addımı Azərbaycan üçün, mentalitet üçün tamamilə zərərli addım hesab edirik. Əli Kərimlinin məntiqli və əsaslı suallarına cavab verə bilməyən iqtidarın bu qeyri-etik addımı hüquqa və insanlığa ziddir. Xalqımızın gələcəyi üçün təhlükəlidir.
Əziz soydaşlarımız, Siz görkəmli elm xadimi, düşüncə adamı, vətənsevər ziyalı, namuslu, vicdanlı, əqidəli insan olan Cəmil Həsənliyə səs vermək və öz səslərinizi hər cür deməkratik yollarla qorumaqla, yeni tariximizin təməlini qoya bilərsiniz.
Biz ədalətin zəfər çalacağına inanırıq!”
Informasiya şöbəsi