MSK seçkinin demokratik keçəcəyini panduslarla sübut eləməyə çalışır
Pandus əlil arabalarıyla gəzmək zorunda qalan insanların hərəkətini asanlaşdırmaq üçün düşünülmüş vasitədir. Pilləli yerlərdə əlillərin istifadəsi üçün maili hərəkət zolağı nəzərdə tutulmalıdır. Dünyanın çox yerində bu problem həllini tapıb.
Azərbaycanda, paytaxt Bakıda bəzi yerlərdə əlillərin sərbəst hərəkəti təmin edilib. Amma çox yerdə panduslara ehtiyac var, oralarda əlillər çıxılmaz duruma düşürlər. Enmək, qalxmaq onlar üçün hər zaman aşılmaz problemə çevrilir. Xüsusi hərəkət yolunun olmaması, pandusların azlığı əlillərin təhlükəsiz hərəkətini xeyli çətinləşdirir. Onlar avtobus, taksi və metrodan istifadə edə bilmirlər. Liftsiz binalara çıxmaq müşkülə dönür.
Yəni ictimai yerlərdə pandusların olması əlillərin halal haqqıdır. Hökumət bu haqqı bütünlüklə tanımalıdır. Ictimai yerlərə təbii ki, seçki məntəqələri də aiddir. Və bu il MSK seçki hazırlıqlarına ayrılan vəsaitin bir hissəsini də pandus düzəltməyə xərcləyib. Hər axşam ITV-nin “Carçı” proqramının rayonbarayon, məntəqəbəməntəqə hazırladığı süjetlərdə seçkiylə bağlı görülmüş işlərin sırasında mütləq pandusların adı çəkilir. Seçki hazırlıqlarıyla bağlı raport verən məntəqə sədrləri seçici siyahılarının dəqiqləşdiyini, şəffaf qutular gətirildiyini, bəzi yerlərə veb-kameralar quraşdırıldığını söyləməklə mütləq əlillər üçün pandus düzəldiyini də fərəhlə qeyd edirlər. Lerikdəki 78 saylı məntəqənin sədri deyir ki, 2 əlil seçicimiz var, onlar üçün pandus düzəltmişik. Bax ha. Görün seçkinin demokratik, şəffaf keçirilməsi üçün nə qədər xərc, necə cəfa çəkirlər, nələr düşünürlər. Axşamlar imkan olanda Ictimai televiziyanın xəbər buraxılışına baxın və MSK-nın göstərişi ilə dairə, məntəqə seçki komissiyalarının yerləşdiyi binaların pilləkənləri üzərinə qoyulan iki taxta parçasına diqqət yetirin. Adına pandus deyirlər. Uzağı 3-5 manata başa gələn işdir. Onun üçün öyünməyə dəyərmi? Televiziya müxbirinin hər dəfə onu ayrıca vurğulamağına dəyərmi? Dəyməz. Çünki o panduslardan əlil arabası ilə qalxıb düşmək mümkün deyil. Panduslar çox qısa və şaqulidir. Etibarlı deyil. Bircə əlil də o pandusla seçki məntəqəsinə daxil ola bilməz. Bilərsə, çəkib göstərsinlər. Bu panduslar sadəcə iş görüntüsü yaratmaq üçündür. Seçki məntələrərinin rəhbərləri pandusları şişirtməklə MSK-nı razı sala bilər. Bizləri aldada, əlilləri sevindirəməzlər.
O pandus ancaq məktəbli uşaqların diyircəkli ayaqqabı (roliklə) vəÿskeytlə əylənməsinə yarayar. Yəni pandusla demokratik, şəffaf seçki olmur, bununla öyünməyə dəyməz. Belə sərt yoxuşlu pandusla isə, ümumiyyətlə, seçki səsverməsi alınmır.
Beləliklə, pandus əlillər üçün deyil, məntəqə sədrlərinin büdcədən pul silməsi üçün vasitədir.
Azad