Vəfa Quluzadə: «Kiev dəfələrlə bəyan edib ki, Ukraynanı Avropaya inteqrasiya kursundan döndərmək mümkün deyil»
Bəzi KİV-lər Ukraynanın baş naziri Nikolay Azarovun hökumətin toplantısındakı fikirlərini bu ölkənin Gömrük İttifaqına qoşulmaqla bağlı prinsipial razılığı kimi dəyərləndirirlər. Belə bir yozuma səbəb Ukraynanın baş naziri Nikolay Azarov hökumətin sentyabrın 26-da keçirilən toplantısındakı bəyanatı səbəb olub. Baş nazir Ukraynanın Gömrük İttifaqına üzvlüyü üçün heç bir maneənin olmadığını deyib. Amma Ukrayna Gömrük İttifaqında tam hüquqlu üzv şəkilində qoşulmaq niyyətində deyil. Və son həddə Ukrayna bu təşkilatın yalnız bir sıra layihələrinin iştirakçısı ola bilər.
Politoloq Vəfa Quluzadə bildirdi ki, baş verənlərin fonunda Ukraynanın baş naziri bir daha təkrarlayır ki, Kiev Avropaya inteqrasiya yoluna sadiqdir və xarici siyasət vektorunun əsas istiqamətini məhz bu xətt təşkil edir: «Kiev dəfələrlə bəyan edib ki, Ukraynanı Avropaya inteqrasiya kursundan döndərmək mümkün deyil. Ukrayna Gömrük İttifaqı ilə əməkdaşlığı yalnız öz maraqları çərçivəsində edəcək. Ukrayna Gömrük İttifaqının fəaliyyətini öyrənmək üçün bir qrup müəyyənləşdirib və həmin qrupda baş nazirin müavini aparıcı şəxs olacaq. Bu Ukraynanın Gömrük İttifaqına daxil olması kimi dəyərləndirilməməlidir. Rusiya Ukarynanın ən iri qonşusudur və Ukrayna bu ölkə ilə əməkdaşlıqdan heç zaman imtina etməyib. Bütün ölkələr özlərinə sərf etdikləri formada Gömrük İttifaqı ilə əməkdaşlıq edə bilər».
Gömrük İttifaqı ilə bağlı müzakirələrin qızışdığı bir zamanda Saakaşvilinin BMT-dəki çıxışı ilə Rusiyaya növbəti ciddi zərbəni vurduğunu deyən V.Quluzadə bildirdi ki, Rusiya iqtidarı baş verənlərdən çox narahatdır: «Çünki Saakaşvili çıxışı zamanı həm Gürcüstanın, həm də Qarabağın işğalına görə Rusiyanı suçlayıb. Ermənistanın Gömrük İttifaqına sürükləməsinə görə Rusiya günahkar sayılıb. Əslində bu həm Azərbaycanın, həm də Ermənistanın maraqlarına uyğundur. Ona görə Rusiyanın müstəqil KİV-ləri Saakaşvilinin bu çıxışını dəstəkləyiblər. Bu çıxışı ilə Saakaşvili nümayiş etdirdi ki, o güclü siyasətçidir. O prezident vaxtı bitəndən sonra həm Gürcüstanda, həm də dünyada güclü siyasətçi kimi qalacaqdır».
Xəyal