Nurəddin Məmmədli: «Mübariz Qurbanlı Qarabağın ermənilərə kimin verdiyini gözəl bilir»
Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin Ictimai televiziyada çıxışı zamanı hazırkı hakimiyyətin 20 il ərzində işğal altında olan ərazilərimizdən 20 metrini belə azad etmədiyi ilə bağlı səsləndirdiyi ittiham hakimiyyəti “hərəkətə” gətirib. Iqtidar təmsilçiləri də öz nəzarətlərində olan KIV-də bu arqumenti “cavablandırıblar”.
Hakimiyyət yetkilisi Mübariz Qurbanlının “AXCP-nin Qarabağdan danışmağa haqqı yoxdur” açıqlaması da bu qəbildəndir. Amma belə görünür ki, hakimiyyətin bu istiqamətdəki faktlarla bağlı ciddi yaddaş problemi var. Belə ki, hazırda işğal altında olan rayonların altısı məhz Əliyev hakimiyyətinin dövründə düşmənə verilib. Bundan başqa, AXCP Qarabağ uğrunda döyüşlərdə 4000-dən yuxarı şəhid verən təşkilatdır. Məhz AXC-nin hakimiyyəti dövründə cəbhədə uğurlu əməliyyatlar aparılaraq, Ağdərə düşmən işğalından azad olunub.
AXCP sədrinin müavini Nurəddin Məmmədli hakimiyyətin bu tip cəhdlərinə baxmayaraq, AXC-nin Qarabağ uğrunda savaşlarda göstərdiyi qəhrəmanlıq və verdiyi şəhidlərin unudulacaq həqiqət olmadığını dedi: “Mübariz Qurbanlı Qarabağın ermənilərə kimin verdiyini gözəl bilir. AXCP Qarabağ uğrunda döyüşlərdə dörd mindən çox qurban verib. Bu gün həmin şəhidlərin ailələri hazırkı hakimiyyət tərəfindən böyük məhrumiyyətlər yaşamağa məcbur ediliblər. Sadəcə olaraq hakimiyyətin danışmağa sözü yoxdur. Çünki ölkəni elə bir vəziyyətə salıblar ki, bu cür situasiyada heç bir arqument gətirə bilməzlər. Əslində Heydər Əliyevin hakimiyyətə gəlməsi Qarabağın böyük bir qisminin ermənilərə verilməsi nəticəsində mümkün olub. Vaxtilə dediyim bir sözü təkrar etmək istəyirəm. Nə qədər bu rejim hakimiyyətdədir, Qarabağ torpaqları azad edilməyəcək. Ötən illər də bunu sübut edir”.
C.Həsənlinin hakimiyyətin Qarabağla bağlı yürütdüyü siyasəti sərt tənqid etməsindən sonra bu cür açıqlamaların səslənməsinin təsadüfi olmadığını deyən N.Məmmədli vurğuladı ki, əslində hakimiyyət C.Həsənlinin sərt çıxışından öncə də bu ifadələrdən leksikonunda istifadə edirdi: “Növbəti qıcıq kampaniyası təbii olaraq Cəmil Həsənlinin ”iyirmi il ərzində iyirmi metr torpağı azad etmədikləri” ilə bağlı fikirlərindən sonra gündəmə gəldi. Əslində bu hakimiyyətin Qarabağ kartından hakimiyyətdə qalmaq üçün istifadə etdiyi bir zamanda iqtidarın, ümumiyyətlə, bu mövzuda danışmağa üzü olmamalıdır. Milli Məclisdə Təhlükəsizlik Komitəsinin sədri Ziyafət Əsgərov bəyan edir ki, istəsələr bir həftə ərzində Qarabağı azad edərik. Bu özü göstərir ki, hakimiyyət Qarabağ probleminin həllində maraqlı deyil. Qarabağı ermənilərə verməyin arxasında hakimiyyətin iddiası durur. Ona görə də bu günə qədər Qarabağ ermənilərin əlində qalır. Hansı aspektdən yanaşsaq, hakimiyyətin Qarabağla bağlı apardığı siyasət Azərbaycan xalqına xəyanətdir”.
Hikmət