Milli Şura ITV-dən MSK-ya şikayət etdi

Gülağa Aslanlı: «Hakimiyyətin nəzarətində olan qurumlardan obyektiv qərar gözləmirəm»

Məlum olduğu kimi, Milli Şuranın vahid namizədi Cəmil Həsənli seçki qanunvericiliyinin tələbinə uyğun olaraq Ictimai Televiziyadan ödənişli efir vaxtı almaq istəsə də buna imkan yaradılmır. Cəmil Həsənlinin səlahiyyətli nümayəndələri sentyabrın 23-də ödənişli efir vaxtı ayrılması üçün müqavilə bağlamaq məqsədilə ITV-yə getsə də, onları qəbul edən olmayıb və bir gün sonra gəlmələri tələb olunub. Lakin sentyabrın 24-də onlara müqavilə bağlamaq üçün vaxtın bir gün əvvəl bitdiyi bildirilib. 

Artıq məsələ ilə bağlı dünən Milli Şura MSK-ya şikayət edib. 

ITV-nın bu addımını şərh edən Cəmil Həsənlinin səlahiyətli nümayəndəsi Gülağa Aslanlı telekanala istinad etdiyi məqamların pulsuz efir vaxtına aid olduğunu deyir: “Sentyabrın 23-də onların dediyi son tarixdə bizim nümayəndə ictimai televiziyada olub və pulu efir vaxtı ilə bağlı müraciət edib. Onu saat yarım gözlədiblər ki, bu işlə məşğul olan adamın başı qarışıqdır. Sonra deyiblər ki, gedin sabah gəlin. Əgər doğrudan da vaxt ayın 23-ü bitirdisə, həmin gün bizim nümayəndə orda qəbul olunmalı, onunla müqavilə imzalanmalı idi. Amma iki saat orda gözləyəndən sonra telefon nömrəsi veriblər ki, bu nömrəyə zəng elə. Əgər vaxt bitmişdisə, niyə deyirdilər ki, bu nömrəyə zəng elə. Yəqin ayın 23-ü Ictimai televiziyanın rəhbərliyi bununla vaxt qazanmaq istəyib. Ölkənin siyasi rəhbərliyi ilə danışıqlara giriblər və nəticədə də ayın 24-də bizim nümayəndəyə vaxt verməkdən imtina ediblər”.

G.Aslanlı MSK-dan ədalətli qərar gözləmədiklərini də qeyd etdi: “Indiki halda Azərbaycan hakimiyyətinə tabe olan, hakimiyyətin nəzarətində olan qurumların heç birindən obyektiv qərar gözləmirəm”.

Fizzə