«Nauka» və «Flinta» tarixçi alimin əsərlərini eyni vaxtda çap edib
Moskvanın iki məşhur nəşriyyatı “Nauka” və “Flinta” dünya şöhrətli azərbaycanlı tarixçi, tarix elmləri doktoru, professor Cəmil Həsənlinin “Sovet hakimiyyəti illərində Azərbaycanın xarici siyasəti. 1920-1939″ adlı fundamental monoqrafiyasını eyni vaxtda dərc edib. Bu nəşr Azərbaycan Xarici Işlər Nazirliyinin qərarı ilə ”Azərbaycan Respublikası diplomatiyasının tarixi” üçcildli nəşrin dərci çərçivəsində hazırlanıb.
Bu silsilədən olan ikinci kitab sovet hakimiyyəti illərində Azərbaycanın xarici siyasətinə həsr olunur və 1920-ci ildən 1939-cu ilədək olan dövrü əhatə edir. Oxuculara təqdim olunan kitabda müəllif Rusiya Federasiyası, ABŞ, Fransa, Türkiyə, Gürcüstan və Azərbaycanın arxivlərindən götürülmüş zəngin sənədlər əsasında sovet hakimiyyəti qurulduqdan sonra yeni şəraitdə Azərbaycan diplomatiyasının formalaşmasını və qurulmasını araşdırır, sovet Rusiyasının öz Şərq siyasətini həyata keçirməsində Azərbaycanın forpost kimi rolunu işıqlandırıb, 1921-ci il martın 21-də Sovet Rusiyası və Türkiyə arasında Moskva müqaviləsinin imzalanması, 1921-ci il martın 13-də sovet Rusiyasının iştirakı ilə Türkiyə və Cənubi Qafqaz respublikaları arasında Qars müqaviləsinin imzalanması zamanı onun Rusiya-Iran, Rusiya-Türkiyə münasibətlərindəki yerini və önəmini açıqlayır.
C.Həsənli öz kitabında Rusiya imperiyasının süqutundan sonra Azərbaycanla Ermənistan arasında yaranmış Qarabağ probleminin həllində və 1918-ci ildə Cənubi Qafqaz ölkələrinin yaranmasında gənc Azərbaycan diplomatiyasının roluna xüsusi yer ayırıb.
Xatırladaq ki, üçcildli “Azərbaycan Respublikası diplomatiyasının tarixi” seriyasından birinci kitabı da C.Həsənli yazıb və 2010-cu ildə Moskvada adı çəkilən nəşriyyatlar tərəfindən “Azərbaycan Demokratik Respublikasının xarici siyasəti. 1918-1920″ adı altında dərc olunub. Bu kitab həmin il ingilis dilinə tərcümə olunub və ABŞ-da ”Foreign Policy of the Republic of Azerbaican, 1918-1920: The Difficult Road to Western Integration” adı altında nəşr edilib. Kitab nəşrə Con Hopkins Universiteti yanında Mərkəzi Asiya və Qafqazın Öyrənilməsi Institutu tərəfindən hazırlanıb(Turan).