İfşa videolarından bir il ötdü

Hazırda mühacirətdə olan, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı ifşaedici videoların ictimailəşdirilməsinin bir ili tamam oldu. Bir müddət sonra keçmiş deputat Gülər Əhmədova bu işə görə məsuliyyətə cəlb olunaraq həbs edildi. Ölkəni silkələyən bu videolardan dərhal sonra Gülər Əhmədovaya qarşı hakimiyyət düşərgəsindən ciddi kampaniya başladıldı.

Baş verənlərə öncə susqun yanaşan hakimiyyət daha sonra aqressiya nümayiş etdirdi. Amma bu aqressiv davranış da çox çəkmədi. Gülər Əhmədovanın “ağzımı açdırmayın” hədə dolu açıqlamasından sonra iqtidardan gözlənilmədən başlayan kampaniya elə gözlənilmədən də sona yetdi. Hadisələrin sonrakı gedişində isə daha bir mühüm olay baş verdi. Elşad Abdullayevin parlamentin səsvermə yolu ilə deyil, Prezident Administrasiyasından gələn göstərişlə formalaşdırıldığını sübut edən videogörüntülərdəki əsas şahidlərdən biri Sevinc Babayeva müəmmalı şəkildə dünyasını dəyişdi. S.Babayevanın ölümü və onun açıqlanan videolarla bağlı bildikləri isə sirr olaraq qaldı. S.Babayevanın ölümündən dərhal sonra onun oğlu Ayxanın anasının qətlə yetirildiyi ilə bağlı söylədikləri də bir müddət gündəmin əsas mövzusu oldu. E.Abdullayevin cəmiyyətdə şok effekti yaradan videolarının ictimailəşdirilməsindən artıq bir il ötüb. Amma ötən müddət ərzində açıqlanan ifşaedici faktlarla bağlı aparılan istintaq elə bir ciddi nəticə sərgiləməyib. Yalnız Gülər Əhmədovanın həbsi ilə kifayətlənin hakimiyyət videolarda adları çəkilən digər iri çinli məmurlar barəsində heç bir tədbir görməyib. Bəs ötən bir il obyektiv araşdırma aparmaq üçün kifayət idimi?

Aslan Ismayılov: “Həmin videoların doğru araşdırılması bu hakimiyyətin sonu deməkdir”

Vəkil Aslan Ismayılov vurğuladı ki, E.Abdullayevin açıqladığı videomaterialların obyektiv araşdırma predmeti olmayacağı əvvəlcədən bəlli idi: “Mən bu videollar açıqlanandan dərhal sonra bəyan etmişdim ki, hakimiyyətin bu istiqamətdə dürüst araşdırma başlayacağına inanmıram. Həmin videoların doğru araşdırılması bu hakimiyyətin sonu deməkdir. Amma hakimiyyət bütün günahı bir qadının üzərinə yıxmağa çalışır. Hərçənd ki, o qadının özü də günah sahibidir. Lakin heç olmasa bir kişi taparaq bütün günahları onun boynuna yıxaydılar”. Videogörüntülərin açıqlandığı vaxtdan keçən müddətin obyektiv araşdırmanın aparılması üçün yetərli olduğunu deyən A.Ismayılov vurğuladı ki, sadəcə olaraq hakimiyyət belə bir araşdırmanın aparılmasında maraqlı deyil: “Bu qədər faktlardan sonra istintaqı aparmayan hakimiyyətin korrupsiyaya qarşı mübarizə faktından danışmağa haqqı yoxdur. Hakimiyyət dürüst araşdırma apara da bilməzdi. Çünki baş verənlərə rəhbərlik edən Prezident Administrasiyasının rəhbəridir. Bütün istintaq orqanları isə Ramiz Mehdiyevə tabedir”. 

Vidadi Mirkamal: “Hakimiyyət dəyişmədən, hakimiyyətlə bağlı cinayət işlərinin obyektiv araşdırılması mümkün deyil”

Milli Şuranın üzvü Vidadi Mirkamal də E.Abdullayevin açıqladığı videoların obyektiv araşdırmaya məruz qalmamasını təsadüfi saymır: “Korrupsiya və rüşvətin tüğyan etdiyi Azərbaycan kimi ölkələrdə hakimiyyətə və hakimiyyətin yandaşlarına yönəlik hər hansı cinayət faktının açılması, ona uyğun məhkəmə qərarının çıxarılması mümkün deyil. Bu hakimiyyət dəyişmədən, hakimiyyətlə bağlı cinayət işlərinin obyektiv araşdırılması, normal məhkəmə hökmünün çıxarılması mümkün deyil. Hakimiyyət əksinə, iri məmurlarla bağlı ciddi faktları ictimailəşdirən şəxsin özünü məsuliyyətə cəlb etməyə üstünlük verir. Elşad Abdullayevin yaydığı videolar normal ölkədə ictimailəşdirilsəydi, o ölkələrdə ciddi dəyişikliklərin şahidi olardıq. Gürcüstanın özündə belə dövlət başçısının komandası ilə bağlı ciddi faktların açıqlanması bir sıra istefalara səbəb olmuşdu”.

Xəyal