Əli Kərimli xalqı Milli Şuranın mitinqinə səslədi
AXCP sədri Əli Kərimli xalqı Milli Şuranın 28 sentyabr mitinqinə çağırıb. O, rəsmi Facebook səhifəsində bunları yazıb:
Milli Şuranın vahid namizədi, professor Cəmil Həsənlinin rejimi bu gün də (dünən – red.) hansı qətiyyətlə ifşa etdiyini gördünüzmü? Cəmil müəllim debatlarda xalqın sözünü deyir. Xalq da ona arxa olmalıdır. 28 sentyabrda, saat 16:00-da “İnşaatçılar” metrostansiyası yaxınlığındakı stadionda Cəmil Həsənlinin seçicilərlə razlaşdırılmış görüş-mitinqi keçiriləcək. Bir az düşünsək, aydın olar ki, əslində tam əksəriyyətimizin bu mitinqə gəlməsinə, Cəmil müəllimə dəstək verməsinə əsaslar var.
Siz də bu mitinqə gəlin! Cəmil Həsənliyə dəstək verin ki, Azərbaycana hər gün yalnız neft satışından daxil olan 100 milyon dollardan artıq vəsaitin korrupsiya yolu ilə dağıdılmasının, xaricə daşınmasının, heykəllərə çevrilməsinin, xaricilərə rüşvət kimi verilməsinin qarşısını alsın. Dövlət müəssisələrində təhsili, səhiyyəni pulsuz etsin. Maaşları, pensiyaları, müavinətləri, təqaüdləri dəfələrlə artırsın. Vəd etdiyi kimi, İpoteka fonduna ayrılan vəsaitləri 20 dəfə artıraraq, hər bir gəncin ev almasına şərait yaratsın.
Gəlin və Cəmil Həsənliyə dəstək verin ki, övladlarımız, qardaşlarımız, atalarımız daha vətəndən didərgin düşməsinlər, axtardıqları işi, yüksək təhsili, firavan həyatı bu ölkədə tapa bilsinlər.
Siz Cəmil Həsənliyə dəstək verin ki, o da sizin mülkiyyət hüquqlarınızın toxunulmazlığına təminat versin. Zorla sökdürülmüş evlərinizə bazar qiymətinə uyğun kompensasiya ödənilsin. Hələ də müvafiq qaydada sənədləşdirilməmiş 100 minlərlə evə dərhal mülkiyyət sənədi verilsin.
Cəmil bəyə dəstək verin ki, polisdə, prokurorluqda, vergidə, gömrükdə, məhkəmələrdə fəaliyyət göstərən “bazarları” bağlatdırsın. Korrupsiya, rüşvət və inhisarçılarla dövlət səviyyəsində mübarizə başlatsın.
Cəmil Həsənliyə dəstək verin ki, orduda intizam yaratsın, tədricən peşəkar ordu quruculuğuna başlasın, hərbi hissələrin üzərində əsgər valideynlərinin ictimai nəzarətini bərqərar etməklə müəmmalı əsgər ölümlərinin qarşısını alsın.