Cəmil Həsənlini qaralayan bir hüquq professoru haqqında

Dünənki qəzetlərdə Mayis Əliyev adlı hüquq elmləri doktoru, professorun xalqın prezidentliyə vahid namizədi Cəmil Həsənli haqqında dediklərinə rastladım. Hər nə qədər 30-cu illərin donos ruhunu xatırlatsa da, bu cənabın söylədiklərinə bir göz ataq, sonra davam edərik: “Əmək Məcəlləsində əlil olan insanlar üçün güzəştli iş şəraiti nəzərdə tutulur. Yəni əlil insanların iş saatı az olur, gərgin işlərdə çalışmasına icazə verilmir. Lakin III qrup əlilliyi olan bir şəxsin Prezident və Ali Baş Komandan kimi gərgin iş rejimli vəzifədə çalışması qanunauyğun deyil. Ona görə də MSK onun III dərəcəli əlilliyi ilə bağlı məsələni araşdırmalı və öz sözünü deməlidir”.

Əslində Cəmil Həsənli ona qarşı ilk olaraq Əli Əhmədov tərəfindən səslənən bu ittihamın cavabını ITV-dən çox aydın və dəqiq vermişdi: “Fiziki cəhətdən xəstə olmaq ayıb deyil. Xəstə olmaq xalqın sərvətini xaricə daşımaqdır”.

Amma biz yenə də adıçəkilən hüquq professorunun dedikləri üzərindən sükutla keçməyək və azacıq keçmişə qayıdaq. 

Illərdən 2010.

Ali Attestasiya Komissiyasının qərarı ilə 6 dissertasiya işi ləğv olunur.

Səbəb? Səbəb – plagiatlıq. Elmi oğurluq. 

Hansı ki, çağdaş dünyada ən ayıb, utancverici işlərdən biri sayılır, buna görə dünyanın çeşidli yerlərində tutduqları postdan istefa vermək məcburiyyətində qalan, bir də xalq arasına çıxmağa, ona-buna öyüd-nəsihət verməyə, yol göstərməyə ar eləyən, utanan ölkə başçıları, hökumət rəhbərləri, nazirlər var. 

Nə isə, plagiat olduğu isbatlanan və ləğv edilən həmin 6 elmi işin dördü haqqında oxuyuruq: 

Esmira Əliyevanın “Televiziya və radio işçilərinin əməyinin hüquqi tənzimlənməsinin xüsusiyyətləri” mövzusunda müdafiə üçün təqdim etdiyi dissertasiya işi. Elmi rəhbəri: hüquq elmləri doktoru Mayis Əliyev. 

Əhəd Əliyevin “Dövlət qulluqçularının əməyinin və sosial müdafiəsinin hüquqi tənziminin nəzəri və praktiki məsələləri” mövzusunda dissertasiya işi. Elmi rəhbəri: hüquq elmləri doktoru Mayis Əliyev.

Müşfiq Cəfərovun “Miqrantların əmək münasibətlərinin hüquqi tənzimlənməsi” mövzusunda təqdim etdiyi dissertasiya işi. Elmi rəhbəri: hüquq elmləri doktoru Mayis Əliyev.

Adil Mustafayevin “Sosialnoe obespeçenie kak qosudarstvennaya sistema zaşitı naseleniya ot sosialnoqo riska” mövzusunda dissertasiya işi. Elmi rəhbəri: hüquq elmləri doktoru Mayis Əliyev.

Bəli, bu gün özünü Cəmil Həsənlini hədəf alaraq hakimiyyətə şirin salmaq, nələrsə əldə etmək istəyən hüquq professoru 4 plagiat elmi işin rəhbəri olub, məsələnin üstü açılınca isə Milli Elmlər Akademiyası tərəfindən sərt şəkildə cəzalandırılıb: 5 il ərzində ona elmi rəhbər olmaq yasaqlanıb! Üstəlik, bir daha adlarının bu cür çirkin işlərdə keçəcəyi təqdirdə doktorluq elmi dərəcəsinin əlindən alınacağı barədə xəbərdarlıq edilib!

Zamanında AMEA-nın bu haqda yaydığı məlumatda “elmə gəlmək istəyən təsadüfi şəxslərə onların doktorant və dissertant olduqları ali təhsil və elm müəssisələrində bəzi alimlər məqsədli surətdə əlverişli şərait yaradırlar” deyə bir cümlə keçirdi və o cümlə bu gün həm də dünya çapında görkəmli alim olaraq bilinən bir prezidentliyə namizədə qarşı qaralama kampaniyasına qoşulmuş məlum hüquq professorunu çox dəqiq xarakterizə edir.

Bu da son deyil. 

Məlum qalmaqal zamanı Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq Institutunun direktoru Ilham Məmmədzadə mətbuata açıqlama verərək bildirir ki, 2010-cu ilin yanvar ayında Mayis Əliyev adıçəkilən institutun şöbə müdiri vəzifəsindən azad edilib, Elmi Şuradan çıxarılıb. Buyurun, indi belə bir adam Cəmil Həsənli prezident olarsa, vəzifələrini yerinə yetirə biləcəyi yönündə quşqularını dilə gətirir, MSK-ya “iş verir”. Adama deyərlər, sən öncə dön özün vəzifədə ikən tutduğun işlərə bax, o işlərə görə vəzifədən atılmağının hesabını ver, sonra başqalarının nə vaxtsa vəzifə tutacağı təqdirdə işinin öhdəsindən gəlib-gəlməyəcəyinə “hüquqi qiymət” verərsən!

Bunu da deyim, yazıya nöqtə qoyaq. Əslində yalnız Mayis Əliyev deyil, özünü Cəmil Həsənliyə qarşı savaşa qoşanların hər biri ilə bağlı vəziyyət üç aşağı, beş yuxarı eynidir. Belələrinin hər birinin tərcümeyi-halında kifayət qədər qaranlıq, kirli səhifələr tapmaq olar.

Buna isə əlbəttə, yalnız sevinmək lazımdır. Təsəvvür edin, birdən Mayis Əliyev Cəmil bəyi müdafiə etmiş olsaydı, neyləyərdik?

Kim olduğunu bilmək üçün yalnız dostunu göstərmək kifayət deyil. Həm də düşmənini göstər, deyim kimsən.

Cəmil bəyə savaş açanların, düşmən münasibət sərgiləyənlərin yuxarıdakı nümunədən də gördüyümüz gerçək kimlikləri məncə, hər şeyi aydın izah edir.

Əlavə nəsə demək artıqdır.  

Bir söhbətə nöqtə

Hər dəfə Azərbaycanın qədim insan məskəni olması barədə pafosu eşidəndə eyni sualı verirəm: “Bəs Azərbaycan nə vaxt müasir insan məskəni də olacaq?”.

Bir neçə dəfə bu haqda yazmışam da.

Bir sözlə, bu məsələ mənim yaralı yerimdir.

Dünən yeni və yenilikçi nəsili təmsil edən dəyərli aydınlarımızdan Yalçın Islamzadənin eyni mövzuda qısa, amma hədəfə dəyən çox qiymətli bir facebook statusunu oxudum, sizlərlə də paylaşmadan, tirajlamadan keçə bilmədim.

Məncə, Yalçın bəy “qədimlik söhbəti”nin nöqtəsini qoyub, əlavə nəsə demək mənasızdır. 

“Deyirlər, biz qədim xalqıq. Biz qədim yox, qocalmış xalqıq. Qədimlik də məziyyət deyil, ən qədim qəbilələr Amazonda, Afrikadadır və gənc xalqlar onları kəşf edir. Xalq, tərifi etibarı ilə qədim ola bilməz. Avropanın aparıcı millətlərinin (Ingiltərə, Fransa, Almaniya, Italiya) xristian ümmətindən öz dili və dövləti olan millətlərə çevrilməsinin bulanıq başlanğıcı bir neçə əsrdən uzağa getmir. Qədim olmamaq ayıb deyil, müasir olmamaq ayıbdır”. 

Vəssalam. Indi gedin oturun fikirləşin. Məşhur kinofilmlərimizdən birində deyildiyi kimi, “hamınız fikirləşin”.

Daxili köləliyin son həddi

“Tanınmışlar Ilham Əliyevi dəstəkləyir” adlı bir videorolik yayılıb. 

O videorolikə çəkilənlər arasında Alim Qasımovun da olması çoxlarında məyusluq yaradıb, bunu gözlənilməzlik hesab edib sarsılanların, depressiyaya düşənlərin biri bir qəpikdir.

Halbuki illər əvvəl muğam üstə:

Əzizim Azərbaycanda,
Təmir gedir Azərbaycanda,
Soruşdum nə həngamədi bu,
Dedilər Rastropoviç Azərbaycanda! –

oxuyan bir adamdan hər hansı müsbət gözləntidə olmağın, vətəndaş mövqeyi gözləməyin özü biabırçılıqdır, daxili köləliyin, mənəvi mütiliyin son həddidir.  

Biz bu daxili köləliklə, mənəvi mütilikləmi Azərbaycana azadlıq gətirmək, onun çağdaşlığa, yeniliyə yolunu açmaq istəyirik?!

Yazıqlar olsun!

Yüz kərə, min kərə yazıqlar olsun!