Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin Seçki Qərargahı nəzərdə tutulmuş plana uyğun şəkildə dünən də təşviqat işlərini davam etdirib. Hazırda təşviqat materiallarının xüsusi ayrılmış lövhələrdə yerləşdirilməsi uğurla aparılır, təbliğat bukletlərinin və namizədin seçki platformasını əhatə edən vərəqələrin evbəev paylanması, şifahi söhbətlərin aparılması gözlənildiyindən daha sürətlə həyata keçirilir.
Seçki təşviqatına cəlb edilən siyasi partiya üzvləri, tərəfsiz vətəndaşlar və gənclər hakimiyyət orqanlarının yaratdığı qanunsuz əngəllərə və maneələrə baxmayaraq, təbliğat işini daha da genişləndirməyə çalışırlar. Maliyyə çətinliyinə baxmayaraq, daha bir neçə təşviqat materialının hazırlanması nəzərdə tutulur. Eyni zamanda, təbliğat işlərinə maliyyə vəsaiti toplamaq üçün sentyabrın 26-da daha bir marafon keçirilib.
Prezidentliyə namizəd professor Cəmil Həsənli özü də dünən gün ərzində bir neçə xarici və yerli KIV-ə müsahibə verib.
Informasiya şöbəsi