Müzəffər Baxışov: «Qanunlara görə, belə bir cavabı verən şəxs əslində məsuliyyətə cəlb olunaraq cəzalandırılmalıdır»
Natiq Ədilov: «Xoşagəlməz hadisə Cəlilabad icra hakimiyyətində çalışan məmurların Azərbaycanda iş başında olmasıdır»
Xəbər verdimiz kimi, Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin sentyabrın 27-də Cəlilabadda keçirəcəyi görüş təxirə salınıb. Görüşün təxirə saınmasına səbəb Rayon İcra Hakimiyyəti başçısının razılıq məktubunda aksiya zamanı təxribat törədiləcəyinə açıq işarələrin olmasıdır. İcra başçısının məktubunda yazılıb ki, görüşdə yalnız Cəlilabad rayonunun seçiciləri iştirak edə bilər. Kənar şəxslərin görüşdə iştirak etməsi başqa namizədlərin tərəfdarları ilə xoşagəlməz halların yaranmasına səbəb ola bilər. Buna görə də görüşdə rayon sakini olmayan şəxslərin iştirak etməsi yolverilməzdir. İcra hakimiyyəti qarşıdurma olacağı təqdirdə görüş təşkilatçılarının məsuliyyət daşıyacağını qeyd edib. İcra başçısının cavabı Milli Şuraya və Cəmil Həsənliyə qarşı təxribatın hazırlandığından xəbər verir. Bu səbəbdən seçki qərargahı rayonda görüş keçirilməsini təxirə salmalı olub.Əslində belə bir cavabın gündəmə gəlməsi heç də təsadüfi deyil. Çünki hakimiyyətin C.Həsənlinin çıxışlarından, keçirdiyi mitinq-görüşlərdən narahat olduğunu artıq nümayiş etdirib. Belə ki, C.Həsənlinin ödənişli efir vaxtından qondarma arqumentlərlə imtina olunması, Milli Şuranın sentyabrın 29-na planlaşdırdığı aksiyanın bir gün öncəyə çəkilməsi də bunu sübut edir.
Bəs icra hakimiyyətindən verilən cavabı nə dərəcədə qanunauyğun saymaq olar?
Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin səlahiyyətli nümaynədəsi Natiq Ədilov bildirdi ki, Cəlilabad icra hakimiyyətinin verdiyi cavab hüquq pozuntusudur və icra hakimiyyətində çalışanların «fəaliyyətinin» göstəricisidir: «Amma mən düşünmürəm ki, onlar bunu savadsızlıqlarının nəticəsi olaraq gündəmə gətiriblər. Bu ölkədə aparılan siyasətin nəticəsidir. Hakkimiyyət Cəmil Həsənlinin seçki kampaniyasından, müxalifətin fəaliyyətindən, ölkədə ictimai-siyasi fəallığın artmasından narahatdırlar. Ona görə bu cür cəfəng məktublar yazıb göndərirlər. Məktubda göstərilib ki, kənar şəxslərin Cəmil Həsənli ilə görüşə gəlməsi nəticəsində xoşagəlməz halların yaranmasına görə məsuliyyəti təşkilatçılar daşıyacaq. Birincisi, «kənar şəxslər» nə deməkdir? Ölkədə prezident seçkisi keçirilir. Bələdiyyə seçkisində hətta vətəndaşların namizədlərlə görüşünə gəlməsinə heç kim qadağa qoya bilməz. Xoşagəlməz hadisə Cəlilabad icra hakimiyyətində çalışan məmurların Azərbaycanda iş başında olmasıdır. Bu vətəndaşlarla yolverilməz rəftardır». Hakimiyyətin bu tip addımlarının heç bir nəticə verməyəcəyini deyən N.Ədilov vurğuladı ki, Azərbaycan vətəndaşı Milli Şuranın namizədinin kim olduğunu gözəl bilir. Milli Şuranın namizədinin nümayəndələrinin və səlahiyyətli nümayəndələrinin bütün rayonlarda görüşlərinin davam etdiyini deyən N.Ədilov vurğuladı ki, təmsil etdiyi təşkilat bunda maraqlıdır.
Hüquqşünas Müzəffər Baxışovdan Cəlilabad icra hakimiyyətindən gələn məktuba hüquqi qiymət aldıq. M.Baxışov vurğuladı ki, bu məktub bir daha təsdiq edir ki, Azərbaycanda idarəetmə iflic vəziyyətindədir: «İdarəetmə funksiyasını həyata keçirən yerli icra hakimiyyəti orqanları qanunları deyil, öz şəxsi düşüncələrini rəhbər tutaraq, bu və ya digər qərarlar qəbul edirlər. Konstitusiyanın 49-cu maddəsinə və Sərbəst Toplaşmaq Azadlığı Haqqında qanunun tələblərinə, Seçki Məcəlləsinin müddəalarına görə, belə bir cavabı verən şəxs əslində məsuliyyətə cəlb olunaraq cəzalandırılmalıdır. Çünki o vəzifəsindən sui istifadə edərək qanunların tələblərini kobud şəkildə pozaraq, vətəndaşlarla görüş keçirmək istəyən prezidentliyə namizədə qanunsuz bir məktub ünvanlayıb. Azərbaycan Respublikasının prezideti Azərbaycan xalqını təmsil edir. Belə bir vəzifəli şəxsin seçkisində vətəndaşın harada yaşamasından asılı olmayaraq o namizədin keçirdiyi görüşdə iştirak edə bilər. İcra hakimiyyətinin elə bir səlahiyyəti yoxdur ki, belə bir görüşlərə məhdudiyyət qoysun. Azərbaycan normal hüquqi dövlət olsaydı dərhal həmin icra başçısı barəsində Cinayət Məcəlləsi ilə cinayət işi qaldırılaraq, o həbs edilməli idi. Amma təəssüf ki, Azərbaycan hüquqi dövlət olmadığına görə, yerli icra hakimiyyəti başçıları, nazirləri heç bir məntiqə sığmayan cavablar verirlər. Belə şəxsləri cəzalandırmaq lazımdır ki, digərlərinə bu nümunə olsun».
Hikmət