“Bu həbsin arxasında İlham Əliyev dayanır”

Kamil Vəli Nərimanoğlu Türkel Kərimli və dostlarının həbsindən danışdı

Ülvi Nuriyevin atası Rail Nuriyev oğluna baş çəkdi 

“AXCP sədri Əli Kərimlinin xaricdə universitetdə təhsil alan oğlunun həbs edilməsi onun şəxsi həyatı üçün, təhsil prosesi üçün ciddi zərbədir. Xalqımızın yaşadığı ən ağır dönəmlərdə belə, hətta Stalin dövründə ataya görə oğula, oğula görə ataya zülm edilməmiş, bu cür qisas forması tətbiq edilməmişdir”. Bu sözləri tanınmış yazıçı Kamil Vəli Nərimanoğlu AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimlinin həbsinə münasibət bildirərkən deyib.

Kamil Vəli Nərimanoğlu daha sonra bildirib ki, Azərbaycan iqtidarı Cəmil Həsənlinin və Əli Kərimlinin kifayət qədər məntiqli və əsaslı suallarına cavab verməkdənsə hər şeyi unudaraq bu zoraki addımı atıb: “Demokratiyanın ibtidai tələblərinə, hüquq normalarına əməl etməyən iqtidarın əlində alətə çevrilən inzibati orqanların icraçıları unudurlar ki, Azərbaycan mentalitetinə və normal əxlaqa zidd olan bu hərəkət bizim mentalitetimizə ziddir və siyasətçinin ailəsinə birbaşa təzyiqdir. Nəinki siyasətçinin hər hansı bir normal insanın da övladını məhşərə çəkmək yolverilməzdir. Məsələ kifayət qədər aydındır. Seçki gününə qədər Əli Kərimlinin və Cəmil Həsənlini təzyiq altında saxlamaq və mənəvi terror yolu ilə onları susdurmaq. Əli Kərimliyə qarşı tətbiq olunan zorakılığın və hüquqa zidd addımların arxasında birbaşa Prezident Ilham Əliyev dayanır. Halbuki o, bu kobud və yersiz addımı atmaqdansa müxalifət liderlərinin iddialarına cavab verməli, prezidenti olduğu xalq qarşısında hesabat verməlidir. Stalin sayağı ”əhəmiyyətli olan səs verən deyil, səsi sayandır” prinsipinin tətbiq olunmasının bir parçası da teledebatlarda boy göstərən həyasızlıqdır. Xalqın vergisi ilə yaşayan Ictimai Televiziyanın özbaşınalığıdır. Allahı və Milləti unudan insanların bu addımlarını qəti şəkildə pisləməklə yanaşı onları sağduyuya, ədalətə çağırmağı özümüzə borc bilirik. Qoy bu adamlar Muaviyənin, Yezidin, Şümürün, Stalinin, Hitlerin yolu ilə getməkdən çəkinsinlər. Bu yolun sonunun faciə olduğunu bilsinlər. Allah və Tarix heç bir şeyi əvəzsiz buraxmır. Mən şəxsən sağlam düşüncənin qalib gələcəyinə inanıram və əminəm ki, Azərbaycanda ağlı başında olanların hər biri belə düşünür”.

Bu arada Türkel Kərimli ilə birgə həbs edilən dostu Ülvi Nuriyevin atası Ravil Nuriyev oğluna baş çəkib. O, “Media forum” saytına bu barədə açıqlama verib. Ravil Nuriyev bildirib ki, Ülvi Nuriyevin əhvalı yaxşıdır: “Saxlanma şəraitindən şikayəti yoxdur. Ülvi heç bir qanunsuzluğa yol vermədiklərini deyir. Bütün deyilənlər şər-böhtandır. Onlar kafedən çıxan zaman polislər yaxınlaşıb deyiblər ki, bizimlə getməlisiniz. Səbəbini soruşanda onları plakat cırmaqda günahlandırıblar. Plakat cırmağın cəriməsi 35-40 manatdır. Onları həbsə salmaq üçün polisə tabe olmamaq ittihamı veriblər”.

Ülvi Nuriyev Böyük Britaniyanın Bristol Universitetinin hüquq fakültəsində təhsil alır. 

Xatırladaq ki, Türkel Kərimli və dostları Üliv Nuriyevlə Coşqun Salahov sentyabrın 22-də Milli Şuranın Bakıda keçirdiyi mitinqdən sonra tutulub. Sentyabrın 23-də Nəsimi Rayon Məhkəməsi Türkel Kərimlini 25, Coşqun Salahovu 30, Ülvi Nuriyevi 20 sutka müddətinə azadlıqdan mərhum edib. Gənclər Inzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi (polisə tabe olmamaq) ilə təqsirli biliniblər. Polis gənclərin prezidentliyə namizədlərin təbliğat plakatlarını, şəkillərini cırarkən saxlandığını iddia edir.

Həbs olunan gənclər paytaxt polisinin Binəqədidəki təcridxanasında saxlanırlar.