Baş prokurorluq milyonluq dələduzluq olayı ilə bağlı heç bir tədbir görmür
Baş Prokurorluq “VEDİ-E” MMC və “SAFARİ-N” MMC-nin dələduzluq əməlləri barədə tədbir görmək istəmir. Bu barədə “Azadlıq” adıçəkilən şirkət tərəfindən aldadılan vətəndaşlar bildirib. Xatırladaq ki, onlar məsələ ilə bağlıölkə başçısı İlham Əliyevə, xanımı Mehriban Əliyevaya, milli təhlükəsizlik naziri Eldar Mahmudova, baş prokuror Zakir Qaralova və daxili işlər naziri Ramil Usubova müraciət etmişdi. Həmin müraciət “Azadlıq” qəzetində də dərc olunmuşdu.
Vətəndaşlar bildirirdi ki, 2007-2008-ci illərdən etibarən “VEDİ-E” MMC-nin Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa etdiyi binada mənzil almaq üçün adıçəkilən şirkətlə müqavilə bağlayıblar. Bu şirkətin təsisçisi Elmr Məhərrəmov, direktoru isə Qoşun Rəhimovdur. Müqavilə əsasında şirkət vətəndaşlardan toplam olaraq bir milyon manatdan çox vəsait alıb. Vətəndaşlar pul alınması barədə maliyyə arayışları da var. Lakin vətəndaşlara “VEDİ-E” MMC-nin inşa etdiyi binada mənzil almaq qismət olmayıb. Çünki şirkət tikinti işlərini bir müddət sonra naməlum səbəblərdən dayandırıb. Orada işləyən fəhlələr buraxılıb. Vətəndaşlar “VEDİ-E” MMC-nin direktoru Qoşun Rəhimovun qəbulunda olublar. Lakin o, məsuliyyəti “SAFARİ-N” MMC-nin üzərinə atıb. Bəlli olub ki, bu işdə “VEDİ-E” MMC podraçtı, “SAFARİ-N” MMC isə sifarişçidir.
Bu şirkətin direktoru İmran Axundov “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundovun qardaşıdır. Vtəndaşlar İmran Axundovun qəbulunda olsalar da, o, məsuliyyəti “VEDİ-E” MMC-nin üzərinə atıb.
Vətəndaşların müraciəti “Azadlıq”da dərc edildikdən sonra onlar Baş Prokurorluqda da olublar. Lakin hələ də tikinti fırıldaqçıları barədə tədbir görülməyib. Görünür, bu işdə “Şərurlu İsfəndiyar”ın adı hallandığına görə, Baş Prokurorluq məsələyə müdaxilə edə bilmir. Yəni, adıçəkilən iş adamı hakimiyyətdə iri çaplı məmurlar tərəfindən himayə olunması baş prokuror Zakir Qaralovu ehtiyatlı mövqe tutmağa məcbur edib. Lakin bu işdə zərərçəkn 18 ailə geri çəkilmək niyyətində deyil. Onlar növbəti dəfə qəzetimiz vasitəsilə başçısı İlham Əliyevə müraciət edərək ondan problemin həlli üçün yardım istəyirlər.