Onlara təqaüdlərin hansı meyarlarla verildiyi, yaxud verilmədiyi bilinmir
Bəxtiyar Hacıyev: «Narazılığın yaranmaması üçün keçənlərin və keçməyənlərin bütün göstəriciləri açıqlanmalıdır»
Təhsil Nazirliyi bu günlərdə xarici ölkələrə göndərdiyi tələbələrin siyahısını açıqladı. Açıqlanan siyahıda şəffaflıq meyarları hansı səviyyədədir? Bu və başqa suallarımıza Bəxtiyar Hacıyevlə aydınlıq gətirməyə çalışdıq.
– Bu barədə məqalə də yazmışam və Təhsil Nazirliyinin elektron poçtuna təkliflərimi də göndərmişəm. Əvvəla, prosesdə həddindən artıq narazı insanlar qalır, narazıların arqumentləri ondan ibarətdir ki, onlar hansı meyarlara uyğun olaraq namizədlərin seçildiyini bilmirlər. Yəni bilmirlər ki, proses zamanı bilik səviyyəsi yoxlanılır, şəxsin siyasi baxışlarına üstünlük verilir, təcrübəsinə və s. Yaxşı olardı, şəffaflığın təmini üçün birinci növbədə meyarlar açıqlanaydı. Təhsil Nazirliyindəki müsahibə zamanı hansı meyarlar əsasında tələbələrə təqaüd verilir. Bu, TQDK-nin keçirdiyi imtahanda, yoxsa dil imtahanlarından topladığı balla götürülür, yaxud universitetin reytinqidir. Siyahı açıqlananda yaxşı olardı ki, əvvəlcədən ölçülə bilən göstəricilər qeyd olunsun. Yəni yalnız tələbənin adı, soyadı, atasının adı yox, həm də onun daxil olduğu universitet, proqram, təhsil haqqı, qəbul imtahanında topladığı bal, dil imtahanlarında göstərdiyi nəticələr və s. Bunlar göstərilməlidir ki, təqaüd ala bilməyən tələbə siyahıya baxıb görsün ki, təqaüd alanların hər biri başqa meyarlara əsasən ondan üstündür. Yalnız bu halda narazılığı aşağı salmaq olar. Ikincisi, məncə, indidən elan olunmalıdır ki, növbəti tədris ili üçün hər ixtisas üzrə hər ölkəyə nə qədər tələbə göndəriləcək, bu say əvvəlcədən göstərilməlidir ki, tələbələr hansı ölkələrə və ixtisaslara müraciət edəcəklərini bilsinlər. Çünki bəzən tələbə ABŞ-ın ən nüfuzlu universitetinə müraciət edir və qəbul olunur, amma ona təqaüd verilmir. Amma Belarusun bir universitetinə qəbul olunmuş tələbəyə təqaüd verilir, yaxud Isveçrənin ali məktəbinə. Kimsə arqument kimi istifadə edə bilər ki, ABŞ universitetləri Belarus universitetlərindən bahadır, ona görə təqaüd verilmir. Amma reytinqi dəfələrlə aşağı və təhsil haqqı çox olan Isveçrə universitetlərinə daxil olanlara təqaüd verilir. Bu amil, mən də daxil olmaqla, bir çoxlarımızda əsaslı şübhələr yaradır ki, bəlkə, Təhsil Nazirliyi ABŞ-la bağlı siyasi qərar qəbul edib.
– Başqa bir məqam, 5 iddiaçıdan 3 nəfəri keçmirsə, onların da siyahısı açıqlanmalıdırmı?
– Bəli. Çünki təqaüd alan insanlarla yanaşı keçməyənlərin də göstəriciləri açıqlanmalıdır. Həm də qeyd olunmalıdır ki, nə uyğun gəlmədi və buna görə təqaüd ala bilmədi.
– Iddiaçı olub keçməyənlər Sizə şikayət ediblərmi?
– Ilk vaxtlar gündə 30-35 məktub alırdım. Bir qrup hətta təşkilatlanıb Təhsil Nazirliyinə də getmişdi, müəyyən məsələlərdə mənimlə məsləhətləşdilər də. Onların arasında elə insanlar vardı ki, TQDK-nin keçirdiyi imtahanda 695 bal toplayıb, Azərbaycanı bir neçə beynəlxalq olimpiadada təmsil edib, çox nüfuzlu universitetə qəbul olub, dil səviyyəsi çox yüksəkdir, amma keçməyib. Bir başqası isə prioritet elan olunmayan ixtisasa və reytinqi aşağı olan universitetə 500 civarında balla və çox aşağı ingilis dili səviyyəsilə keçib. Əsaslı olaraq başqa tələbələr sual edirdi ki, axı necə olur, 695 bal toplayan, dünya olimpiadasında ölkəmizi təmsil etmiş, yüksək reytinqli universitetə qəbul olunana təqaüd verilmir, ancaq bütün göstəricilərinə görə aşağı nəticə göstərmişə təqaüd verilir. Onlar soruşurdular ki, Təhsil Nazirliyi bu məsələni izah etməlidir. Hesab edirəm ki, narazılığın yaranmaması üçün keçənlər və keçməyənlərin bütün göstəriciləri açıqlanmalıdır.
– Siz Təhsil Nazirliyi qarşısında bu məsələni qaldırmışdınız, cavab aldınızmı?
– Rəsmi cavab olmasa da, mətbuat vasitəsilə cavab verildi ki, Siz, necə olur, ABŞ-Azərbaycan, Almaniya-Azərbaycan təhsil üzrə mübadilə proqramlarında kimsə keçməyəndə bunu tələb etmirsiniz, ancaq Azərbaycan dövlət proqramında bunu tələb edirsiniz? Cavab əsaslı arqumentə söykənmirdi, çünki ABŞ-Azərbaycan mübadilə proqramlarını Vaşinqton maliyyələşdirdiyindən həmin ölkənin vergi ödəyiciləri vəsaitin necə xərclənməsi barədə tələblər irəli sürə bilərlər. Eyni şəkildə Almaniya üçün bu fikirləri işlətmək olar. Amma Azərbaycan dövlət proqramı neft pullarından istifadə olunduğundan həmin gəlirlərdə bütün vətəndaşların haqqı var. Ona görə dövlət proqramı şəffaf idarə olunmalıdır.
– Bəs şəffaflığı təmin etmək üçün ictimai nəzarət necə təmin olunmalıdır?
– Hər bir vətəndaşın proqramın idarə olunmasıyla bağlı sual vermək, təklif irəli sürmək və tənqid etmək hüququ olmalıdır. Başqa tərəfdən, qarşıya 2015-ci ilə qədər 5 min tələbənin göndərilməsi qoyulub, amma bu günə qədər hədəfin heç yarısı göndərilməyib. Əgər qarşıdakı ildə 2 min-3 min tələbə bu dərəcədə qeyri-şəffaf və xeyli suallar doğuran proseslə aparılacaqsa, o zaman proqramın özü kölgə altında qala bilər. Yaxşı olar ki, Təhsil Nazirliyi QHT-lərə, gənclər təşkilatlarına prosesin idarə olunması üçün müraciət etsin. Oturun müsahibə, imtahan zalında, komissiya onları sorğu-sual edəndə, kənardan qeydlərinizi götürün, sonra təqaüd alanlarla almayanlar arasında ciddi fərqləri göstərin.
Natiq