MSK pullu efir vaxtı ilə bağlı qadağaya münasibət bildirdi
Məlum olduğu kimi Milli Şuranın vahid namizədi Cəmil Həsənliyə Ictimai Televiziyadan ödənişli efir vaxtı almaq imkan yaradılmır. Cəmil Həsənlinin səlahiyyətli nümayəndələri ödənişli efir vaxtının ayrılması üçün müqavilə bağlamaq məqsədilə ITV-yə müraciət etsə də, buna imkan yaradılmayıb. Daha sonra isə müraciətin gecikdirildiyi bəhanə gətirilib.
Cəmil Həsənlinin səlahiyyətli nümayəndələri baş verən qanunsuzluqla bağlı Mərkəzi Seçki Komissiyasına şikayət ərizəsi təqdim edəcəklərini bildiriblər.
Lakin Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyev ötən gün “Azadlıq”a açıqlamasında belə bir müraciətin onlara daxil olmadığını bildirib. A.Sarıyev müraciət daxil olandan sonra ona baxılacağını bildirib.
ITV-nin bu addımı hakimiyyətin narahatçılığından xəbər verir. Cəmil Həsənlinin ITV-nin ödənişsiz efir vaxtında ona ayrılan zaman kəsiyində ölkə başçısı Ilham Əliyev və onun komandasının əməllərini ifaşa etməsi, həmçinin bütün bunlara görə hesabat tələb etməsi hakimiyyət təmsilçilərini çıxılmaz vəziyyətə salıb. Hətta hakimiyyətin Cəmil Həsənliyə qarşı hazırladığı digər “köməkçi” namizədlərin Milli Şura namizədi qarşısında aciz qalması ITV-ni əlavə addımlar atmağa məcbur edib. Cəmil Həsənlinin 6 dəqiqəlik pulsuz efir vaxtı qarşısında davam gətirməyən hakimiyyət onun pullu efir vaxtından istifadə hüququnu əlindən almaq qərarına gəlib. Hakimiyyət bununla bir daha Cəmil Həsənlidən qorxduğunu ortalığa qoydu.
Fizzə