«Azərbaycanda demokratiyanı effektiv dəstəkləmək lazımdır»
Reportyorların Azadlıq və Təhlükəsizlik Institutu (RATI) “Avropa Ittifaqının Azərbaycanda demokratiyanın inkişafındakı rolu” ilə bağlı hesabatında beynəlxalq ictimaiyyəti ölkədə insan haqlarının pozulmasına son qoymaq üçün effektiv tədbirlər görməyə çağırıb:
“Azərbaycanın fundamental azadlıqların təminatı və müdafiəsi ilə bağlı öhdəlik götürməsinə baxmayaraq, hökumətin vədləri və baş verən hadisələr arasında böyük ziddiyyət var. Ölkədə vətəndaşların, xüsusən də müxalifət partiyaları, hüquq müdafiəçiləri, müstəqil media nümayəndələri və gənc fəalların hüquqlarının pozulması halları davam edir. Prezident seçkiləri ərəfəsində siyasi müxalifəti və fəal vətəndaş cəmiyyətini susdurmağa yönələn hallar artır”.
RATI Avropa Ittifaqını daha çox siyasi və iqtisadi inteqrasiyanın qarşılığında Azərbaycan üçün konkret standartlar tətbiq etməyə çağırır. Hesabat Danimarkada fəaliyyət göstərən Beynəlxalq Mediaya Dəstək (International Media Suppor) qeyri-hökumət təşkilatının dəstəyi ilə hazırlanıb(Turan).