Qırmızı: xətt, yoxsa işıq?

Əli Kərimlinin oğlunun həbsi ilə bağlı reaksiyalara baxıram, əksəriyyət hansısa “qırmızı xətt”dən, siyasi qisasçılığın ailə-məişət səviyyəsinə endirilməsindən, müxalifətçi övladlarının siyasi intiqam hədəfinə çevrilməsindən danışır. 

Eyni “qırmızı xətt” söhbəti Tofiq Yaqublunun qızının sifarişli həbsi zamanı da gündəmdə idi, ondan əvvəl bir xanım həmkarımızın gizli videoçəkilişlə şantajı zamanı da. 

Zamanla da sübut olundu ki, yaptokratik rejim üçün heç bir qırmızı xətt-zad yoxdur, hakimiyyət maraqları tələb etdiyi zaman bunlar hər cür çirkin işin altına könül rahatlığı ilə imza ata bilərlər. Sadəcə, həmişə buna hazır olmaq lazımdır. Nəinki hər dəfə sadəlövhcəsinə “qırmızı xətt” qafiyəsi açmaq.

Ümumiyyətlə isə ən yaxşısı bu olardı ki, artıq ölkədəki bu iyrənc, amansız gedişata, hüququn və əxlaqın sərhədlərini çoxdan zorlamış bu idarəetmənin özünə “qırmızı işıq” yandıraq, dur deyək. Bu “qırmızı işığı” yandırmadan özümüz üçün istədiyimiz qədər qırmızı xətt çəkək, müəyyənləşdirək, fiksiyadır, filfilo söhbətdir, təxminən yağış gölməçəsinə tor atıb ora balıq düşəcəyini gözləmək kimi bir şeydir.

“Balıq” dedim, yadıma kürü düşdü. Bəli, kürü. O hələ də Azərbaycandakı siyasi şounun, tamaşanın baş rol ifaçısı olaraq qalır. “Kürü diplomatiyası”ndan sonra növbə “kürü exit-pollu”na da gəlib çatıb. Bu barədə hörmətli həmkarımız Şahvələd Çobanoğlu “Azadlıq”ın üç gün öncəki sayında dəyərli bir araşdırma yazısı dərc edib. Oradan məlum olur ki, rejim “Jalə” şirələrilə bəslədiyi bir xəbər agentliyinin əlilə hansısa ABŞ şirkətini burada “exit-poll” keçirməyə çağırıb. Şahvələd bəy yazır: “Bu şirkət Amerikada və bütün dünyada məsləhətçi, muzdla seçki kampaniyası quran bir firma kimi tanınır. Bəli, onun məşhur dövrləri də olub, amma həmişə yalnız hansısa namizədin və ya partiyanın qələbəsi üçün çalışıb, həm də ödənişlə. Bu şirkətin nəinki tərəfsiz, ümumiyyətlə, ”exit-poll” keçirmək təcrübəsi yoxdur. O, yalnız sifarişlə konsaltinq sorğuları keçirib. O, PR agentliyidir və son illərdə yalnız Amerikadan kənarda, xüsusən də Israildə siyasi partiyalara ödənişli köməklə pul qazanır, hətta orada PR işində böyük uğursuzluqlarla üzləşərək əvvəlki imicini itirib. Illik gəliri ABŞ üçün çox az – 880 min dollar olan bu qurumun hazırda cəmi 9 əməkdaşı var. Köhnə və bərbad internet saytını belə, yeni hala gətirə bilməyib”.

Təəccüblü heç nə yoxdur. Seçkini saxtalaşdıranlardan, xalqın səsini oğurlayanlardan ədalətli “exit-poll” təşəbbüsü gözləməkdən sadəlövh nə iş ola bilər?

Heç o muzdlu ABŞ şirkətini qınamaq da olmaz. Azərbaycan kimi çağdışı, anti-demokratik rejimlərin hökm sürdüyü, korrupsiyanın at oynatdığı ölkələrdəki seçki şouları “qaz vur, qazan doldur” prinsipi ilə işləyən bu cür şirkətlər, beynəlxalq QHT-lər, xarici KIV-lər üçün göydəndüşmə fürsətdir. Varlanmaq imkanıdır. Bir növ, bizim bozbaş palatka müğənnilərinin “toy tutması” kimi bir şeydir. Bəs necə? Seçkiyə demokratik don geyindir, saxtalaşdırmanı malala, rejimi təriflə, kürünü də nəlbəki ilə ye!

Bir halda ki, bizdə seçki şousuna “balıq” hafizdən sonra “kürü exit pollu” da qarışdı, məncə, məsələnin bircə həll yolu qalır: bu tamaşaları “r” hərfi olmayan aylarda keçirmək.

***

“Kürü diplomatiyası”. “Kürü exit-pollu”.

Yəqin, hələ ardı da gələr.

Istəyirsiniz gəlməsin, kürünü asıb-kəsməklə, qınamaqla heç nə dəyişməz, çıxış yolu Azərbaycana bu utancı yaşadanları idarəetmədən kürüməkdir.

Lap YAP irticası ilə mübarizədə “qırmızı xətt” müəyyənləşdirməkdənsə, “qırmızı işıq” yandırmaq kimi!