Nəhayət ki, söhbət Qarabağ probleminin də üzərinə gəlib çıxdı. Bunu dördüncü teledebatda Milli Şuranın namizədi qaldırdı. Mən bunu da heç də təsadüfi hesab etmirəm – Qarabağ problemini teledebatlarda yalnız həqiqi milli qüvvələr yada sala bilərdi.
Hakimiyyət təbii ki, bu problemin yada salınmamasını, onun üzərindən sükutla keçilməsini istəyərdi, çünki ilk növbədə onlardan soruşulacaqdı ki, bəs bu 20 ildə nə etmisiniz? Və soruşuldu da. Cavab verə bildilərmi? Əfsus ki, yox. Deməyə sözləri yoxdur.
Bütün digər problemlər kimi bu problemin də adı çəkiləndə əzbərlədikləri bir-iki sözü havaya üfürdülər. Əslində bu, heç söz də deyildi. Nə dedilər? Bu xüsusda təzə bir hey eşitmədik.
Həmişəki kimi beynəlxalq vəziyyəti yada salmaq istədilər. Amma məhz bu hakimiyyətin adamları deyildimi bir vaxtlar kimlərisə Rusiya ilə, Iranla münasibətləri korlamaqda ittiham edənlər? Bəli, onlar idi. Indi ən oldu? Ötən 20 il ərzində Rusiya ilə münasibətləri yoluna qoydunuzmu? Iranla hansı işləri gördünüz? Nə etdiniz? Nə etdinizsə hamısını hakimiyyətiniz üçün etdiniz! Bundan bir qarış da uzağa gedə bilmədiniz.
Milli maraqlardan danışırlar. Milli maraqlar faktiki olaraq hakimiyyətin maraqlarına transformasiya olunub, ortalıqda yalnız hakimiyyətin maraqları var. Bunu hamı görür, hamı başa düşür.
Qarabağla bağlı uzun-uzadı danışmayacam. Amma bir-iki tezisi yada salacam.
Dedilər ki, hərb olmaz. Başa düşdük. Amma danışıq da yoxdur axı! Buradan bu nəticə çıxmırmı ki, bəs hakimiyyət faktiki olaraq Qarabağın itirilməsi ilə barışıb?
Doğrusu, bunların Qarabağ uğrunda savaş açmasının da şahidi olmadığımdan özüm də öz sadəlövhlüyümə gülürəm. Onlar Qarabağ haqqqında nə vaxt düşünüb ki, mən indi bu cənabların Qarabağın itirilməsilə barışmasından danışıram? Əslində Qarabağ bunların əlində həmişə bir siyasi “kart” olub. Problemin əvvəlində ondan istifadə edib hakimiyyət gəldilər, indi də həmin o problemdən istifadə edib hakimiyyətdə qalırlar.
Qarabağ bunların hakimiyyətdə qalmasının şərtidir. Böyük dövlətlər də, yaxın-uzaq qonşular da bu problemdə bu hakimiyyəti daha “anlaşılan” hesab edirlər.
Bunlar da ondan istifadə edirlər, hamıya işarə edirlər ki, bəs biz getsək, müxalifət gəlsə, müharibə başlayacaq, aləm dəyəcək biri-birinə, ona görə də bizdən bərk yapışın. Dövlətlər də yapışıb durub.
Fikir verirəm, səfirlərdən biri buyurur ki, biz nə heç bir namizədin lehinəyik, nə də əleyhinə. Yəni tamam-kamal neytralıq!
Xub! Bəs onda uzunömürlü diktatorlardan bu dünyanı xilas edənlərin önündə getmək istəyənlər sizlər deyilsinizmi?
Siyasətçi reallığın əsiri ola bilməz. O, daim reallıqları dəyişməyə cəşd etməlidir. Bu hakimiyyət özünü beynəlxalq münasibətlər sisteminə çox gözəl adaptasiya etdirə bildi.
Ölkənin içində asıb-kəsirlər, çünki bilirlər ki, bu böyük dövlətlərin hamısı başa düşür ki, həmin deyilənlər ölkənin içi üçündür, bunların heç azacıq da olsa ölkənin çölünə dəxli yoxdur.
Ona görə də ölkə daxilində ritorika sarıdan kasadlıq çəkmirlər. Amma məni təəccübləndirən budur ki, bəs bunları seçki vaxtı niyə danışmırsınız? Bir özünüzə əziyyət verin, bunları seçki vaxtı da danışın! Niyə I.Əliyev həmin problemlə, Qarabağla bağlı hesabat çıxışı etmir? Bəlkə vacib deyil?
“Lider dövlət”, “görünməmiş iqtisadi yüksəliş” haqqındakı siyasi nəğmələri seçki vaxtı bir daha yada salmaq olmazmı? Olar. Amma daha heç kim bu nağıllara inanmır! Insanlar hər şeyi başa düşür. Onu da başa düşürlər ki, avtomatın lüləsini uzatmaqla, Rusiyadan köhnə silahlar almaqla bü müharibəni udmaq mükün deyil. Onu da bilirlər ki, əslində hakimiyyətin bu müharibəni heç udmaq fikri də yoxdur. Bunlar Qarabağ problemini həll etmək fikrinə düşsələr, sabah həmin böyük dövlətlər bunların arxasından qaçacaq, çünki regionda sülh, ölkənin öz içində isə soyuq vətəndaş müharibəsi lazımdır onlara.
Bəli, onlara elə hakimiyyət lazımdır ki, Ermənistanın bütün təhqirlərinə dözsün, Gürcüstana havayı qaz, neft və pul versin! Müxalifət gəlib bunları etməyəcək axı! Indi bildiniz bunlar niyə bu vaxta qədər hakimiyyətdə qalıb? Biz də gözləyirik ki, bunlar durub Qarabağı qaytaracaq! Burada adamın yadına lap “Yeddi oğul istərəm” filmindən Kələntər dayının “mahnı”sı düşür…