Sentyabrın 23-də axşam saatlarında Azərbaycanda vətəndaş cəmiyyətinin fəallarından olan, eyni zamanda, Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyevin oğlu Əli Gülalıyeva hücum edilməsi haqqında məlumat vermişdik.
Belə ki, 4-5 nəfər gənc 16 yaşlı Əlini döyüblər və iki bıçaq zərbəsi endiriblər. Gəncin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
İndi aldığımız məlumata görə 15 nəfər polis əməkdaşı Oqtay Gülalıyevin evinə soxularaq, bıçaqlanmış gəncdən zorla izahat almağa başlayıblar. Oqtay Gülalıyevin evdə olmadığı üçün, həyat yoldaşı polisləri mənzilə daxil olmasına etriaz etsə də, bu nəticə verməyib. Hansı ki, bu qanun pozuntusudur. Əgər həmin şəxsin vəkili yanında deyilsə, evə daxil omaq üçün icazə yoxdursa və ailə başçası evdə deyilsə zorla mənzilə daxil omaq hüquq pozuntusudur.
Qeyd edək ki, O.Gülalıyev 2010-cu ildə Kür zonasında daşqının və 2012-ci ildə Zaqatala rayonunda zəlzələnin nəticələrinin aradan qaldırılması zamanı yol verilmiş korrupsiya faktlarının üstünü açan “Kür” vətəndaş cəmiyyəti qərargahının koordinatorudur.
O.Gülalıyev həmçinin “Siyasi məhbuslarsız Azərbaycan” ictimai alyansının üzvüdür.