Heydərizmin debat tamaşaları

ITV-dəki debatlar, getdikcə daha çox göründüyü kimi, heydərizm-KQB rejiminin ssenarisinə, rejissurasına uyğun aparılır. Seçki kampaniyası üçün bilərəkdən ayrılan çox az çağ da, müxalifətin illərlə repressiyaya uğradılması da, televiziyaların bütünlüklə diktatura rejiminə bağlanması da, administrativ resursların bütün ölkə boyu hegemonluğu da, regionda ANALOQU olmayan hərbi-polis üstünlüyü də ANTI-MILLI Əliyevlər hakimiyyətini professor Cəmil Həsənlinin 6 dəqiqəlik çıxışlarının dağıdıcı sarsıntllarından qoruya, yayındıra bilmir. Buna görə də regionun ANALOQU olmayan prezidenti Ilham Əliyevin dublyorlarını tez-tez dəyişmək gərəyi yaranır.

Ancaq… Heydər Əliyev “universitetinin” seçilmişləri olaraq tanınan bu adamlar Cəmil Həsənlinin çıxışından sonra istər-istəməz yazıq günə düşürlər. Onları yazıq duruma salan biliksiz-bacarıqsız, siyasi yetkinlikdən uzaq olmaları deyil, ANTI-MILLI, ANTI-DEMOKRATIK rejim qulluqçuları, əliyevçi ailə hakimiyyətinin əlaltıları, qulluq qulları olaraq söykəndikləri faktların, arqumentlərin ÇÜRÜKLÜYÜdür. M.Qurbanlı səhiyyədəki, təhsildəki “yüksəlişdən” danışır. Bunun ağ yalan olduğunu kim bilmir? Ölkəni bürümüş rüşvətin-korrupsiyanın başında, Cəmil bəy deyən kimi, prezident adlanan kimsə dayanırsa, doğal resursları aşıb-daşan ölkədə həkim, müəllim 150 manat aylıq alırsa, xəstəxana-klinikalar yalnız yoxsulların üz tutduğu ölüm palataları yerindədirsə, universitetlərə keçid balı ildən-ilə dönməz sıfra yaxınlaşma yolundadırsa… burada ancaq tərsinə, geriyə “yüksəlişdən” danışmaq olar.

Dublyor Mübariz xalqa verilən 1 milyardlıq “az faizli” kreditdən danışır. Həyasızcasına yalandır. Azərbaycanda bu gün 1 milyon 200 min adam dünyada görünməyən çox yüksək faiz (18-30 arası) üzündən ölümcül kredit asılısına çevrilib. Buna görə də ölkədə çoxlu adamın özünü asması ilə bağlı statistika bilgiləri durmadan yenilənməkdədir. Budur əliyevçi ANTI-MILLI, ANTI-DEMOKRATIK rejimin Azərbaycan xalqına qazandırdığı başlıca “yüksəliş”!

Dublyor Mübariz 48 milyard dollarlıq ata-oğul oğurluğunu “ümumu daxili məhsulun” bundan qat-qat az olması ilə bağlamaqla, yalana çıxarmağa çalışır. Bütün qanunların – milli-mənəvi, konstitusion – ayaq altına alındığı, məhkəmə-hüquq sisteminin, parlamentin, başlıca media qurumlarının Ailənin, oliqarxiyanın əlatısına çevrildiyi, korrupsiyanın, monopoliyanın PREZIDENT siyasətinə dönüşdüyü rejimdə hansı “ümumi daxili məhsuldan” danışmaq olar? “Ümumi daxili məhsuldan” gerçək olaraq yalnız hakimiyyət bölgüsü aparılan, parlamentin, məhkəmənin, medianın bağımsızlıq qazandığı ölkədə danışmaq olar. Ölkənin bütün başlıca gəlir qaynaqları bir ailənin, bir ailəyə bağlı olanların əlində toplanırsa, belədə “ümumi daxili məhsuldan” danışmaq xalqı əxlaqsızcasına aldatmağa çalışmaqdır. Belə aldatmaların cəzası bir gün veriləsidir…

Hələ bir siyasi debat adına oynanan iyrənc tamaşaya baxın: başda “bitərəf” Zahid Oruc, ardınca “Müasir Müsavat” – Hafiz Hacıyev, sosial-demokrat – Araz Əlizadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi – Qüdrət Həsənquliyev. Dördüncü debat arxada qalıb, bu adamlar hələ də Cəmil Həsənlini, müxalifəti yenməyə yönəlik çıxışlarda bulunurlar. Elə bil prezident Ilham Əliyev deyil, Cəmil Həsənlidir. Elə bil bunlar Ilham Əliyevi deyil, Cəmil Həsənlini hakimiyyətdən düşürmək üçün… prezidentlik uğrunda çarpışmaya qatılıblar. 

Prinsipcə necə olmalıdır? Zahid Oruc hakimiyyətlə müxalifət arasında neytrallıq sərgiləməklə çıxışlar etməli, görəv sorumluluğu baxımından başlıca qınaqlarını hakimiyyətə yönəltməlidir. Ələ düşən olanaqdan yararlanaraq, qalan hər biri Müsavat, Sosial-demokrat, Cəbhə ideyalarını yaymalıdır. Bunun yerinə onlar aldıqları tapşırığa uyğun olaraq Cəmil Həsənlinin üzərinə gedirlər.