Obama Suriyadakı münaqişəni siyasi yolla həll etməyə çağırır
ABŞ Suriyada münaqişədən zərər çəkənlərə humanitar yardımın göstərilməsi üçün əlavə olaraq 340 milyon dollar vəsait ayırıb. Bunu ABŞ prezidenti Barak Obama BMT Baş Assambleyasının sessiyasında çıxışı zamanı bildirib: “Suriyaya humanitar yardım üçün ayrılmış bir milyard dollar vəsaitə biz əlavə 340 milyon dollar əlavə etdik”.
Obama qeyd edib ki, ABŞ Yaxın Şərq və Şimali Afrikada öz maraqlarının qorunması üçün hərbi gücdən istifadə etməyə hazırdır: “Bölgədə əsas maraqlarımızın təmin olunması üçün ABŞ hərbi güc də daxil olmaqla imkanlarımızın bütün elementlərindən istifadə etməyə hazırdır”.
Lakin Obama hesab edir ki, Suriyada davamlı sülhə hərbi yolla nail olmaq mümkün deyil. Ona görə də ABŞ prezidenti münaqişəni siyasi yolla həll etməyə çağırır: “Kimyəvi silaha dair razılaşma Suriya münaqişəsinin siyasi yolla nizamlanması istiqamətində göstərilən diplomatik səylərə enerji əlavə edəcək. Mən Suriyada olan və ya xarici qüvvələrin hərbi addımlarının davamlı sülhə nail olmağa yardım edəcəyinə inanmıram. Mən həmçinin Amerikanın və yaxud hər-hansı digər ölkənin Suriyada kimin lider olacağını müəyyən etməsinə də inanmıram”.
Obama əlavə edib ki, ABŞ avqustun 21-də kimyəvi silahın Suriya hökuməti tərəfindən istifadə olunmasına heç bir şübhə etmir: “Bu silahın Əsəd rejimi tərəfindən istifadə olunmasını təsdiqləyən kifayət qədər dəlillər var”.
Türkiyə beynəlxalq ictimaiyyəti Dəməşqin münaqişə zamanı törətdiyi cinayətlərə görə məsuliyyətdən boyun qaçırmasına imkan verməməyə çağırıb. Bunu Türkiyə prezidenti Abdulla Gül BMT Baş Assambleyasının sessiyasında çıxışı zamanı bildirib:
“Kimyəvi silah arsenalının məhv olunmasına dair razılaşma rejimə digər cinayətlərə görə məsuliyyətdən boyun qaçırmasına imkan verməməlidir”. Türkiyə prezidenti BMT Təhlükəsizlik Şurasını məsələyə məsuliyyətli yanaşmamaqda qınayıb.
Fransa isə BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinə (ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa) Suriyada da daxil olmaqla törədilən hərbi cinayətlərə dair qətnamələri bloklamaq məqsədi ilə veto hüququndan istifadə etməməyi təklif edib. Bunu Fransa prezidenti Fransua Olland bəyan edib: “Hərbi cinayətlərə yol verilib və belə təqdirdə BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinə veto hüququndan istifadə etmək olmaz”. Onun sözlərinə görə, Suriyada kimyəvi silahın məhvinə dair BMT Təhlükəsizlik Şurası məcburi qətnamə qəbul etməlidir.
ABŞ dövlət katibi Con Kerri bəyan edib ki, Rusiya XIN rəhbəri Sergey Lavrovla BMT Baş Assambleyasının sessiyası çərçivəsində baş tutan görüşü çox konstruktiv olub.
XIN rəhbərlərinin görüşü 2 saatadək davam edib və Suriya problemi də daxil olmaqla bir sıra məsələləri əhatə edib. Diplomatlar danışıqların nəticələrinə dair hər-hansı şərh verməkdən imtina ediblər. Görüşdən dərhal sonra Lavrov BMT-nin Suriya üzrə xüsusi elçisi Lahdar Brahimi ilə danışıqlara başlayıb(APA).