Milli Şura namizədinin Cəlilabad görüşü təxirə salındı
Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin sentyabrın 27-də Cəlilabadda keçirəcəyi görüş təxirə salınıb. Bu barədə namizədin seçki qərargahından məlumat verilib. Görüşün təxirə saınmasına səbəb Rayon İcra Hakimiyyəti başçısının razılıq məktubunda aksiya zamanı təxribat törədiləcəyinə açıq işarələrin olmasıdır.
İcra başçısının məktubunda yazılıb ki, görüşdə yalnız Cəlilabad rayonunun seçiciləri iştirak edə bilər. Kənar şəxslərin görüşdə iştirak etməsi başqa namizədlərin tərəfdarları ilə xoşagəlməz halların yaranmasına səbəb ola bilər. Buna görə də görüşdə rayon sakini olmayan şəxslərin iştirak etməsi yolverilməzdir. İcra hakimiyyəti qarşıdurma olacağı təqdirdə görüş təşkilatçılarının məsuliyyət daşıyacağını qeyd edib.
İcra başçısının cavabı Milli Şuraya və Cəmil Həsənliyə qarşı təxribatın hazırlandığından xəbər verir. Bu səbəbdən seçki qərargahı rayonda görüş keçirilməsini təxirə salmalı olub.
Qeyd edək ki, Milli Şura namizədinin seçicilərlə görüşməsi üçün sentyabrın 27-də saat 16:00-dan 18:00-dək vaxt təyin edilmişdi. İcra hakimiyyəti aksiya üçün “Aqrotexservic” ASC-nin həyəti ayrılmışdı.