Qubad Ibadoğlu: «Azərbaycanda turizm sferası da oliqarxlar arasında bölüşdürülüb»
Gürcüstan Turizm Administrasiyasının rəhbəri Georgiya Siqua deyib ki, Gürcüstana bu il 1 milyon azərbaycanlı gəlib və onların da 300 mini sırf turizm məqsədli səfər edib: “Azərbaycan turizm sahəsində Gürcüstan üçün əsas 3 dövlətdən biridir. Hər il ölkəmizə xeyli sayda azərbaycanlı gəlir və bu tendensiya ilbəil artmaqdadır”.
O həmçinin əlavə edib ki, builki proqnozlara görə, bu rəqəm 250 mini ötəcək: “Azərbaycan bizim üçün vacib bir bazardır və biz bu əməkdaşlığı davam etdirməkdə maraqlıyıq”.
Görəsən, Gürcüstana bu qədər turist axınının səbəbi nədir?
Bu barədə fikirlərini bölüşən iqtisadçı-ekspert Qubad Ibadoğlu hesab edir ki, buna səbəb Azərbaycanda qiymətlərin bahalığı və xidmətlərin keyfiyyətinin aşağı olmasıdır. Ekspertin sözlərinə görə, bu məqam alternativ turizm bazarlarının axtarışına şərait yaradır: “Bu istiqamətdə də azərbaycanlılar üçün qiymət və məsafə, eləcə də xidmətin keyfiyyəti baxımından əlverişli olan məhz Gürcüstandır. Ona görə də azərbaycanlılar turizm üçün Gürcüstana daha çox üz tutur. Gürcüstanın təbiəti və mətbəxi də turizm məqsədləri üçün ölkələri seçəndə Azərbaycan vətəndaşlarının ora üstünlük verməsinə şərait yaradır. Azərbaycanda rəqabətli turizm bazarı yaradıla bilmədiyi üçün turizm sferası da oliqarxlar arasında bölüşdürülüb. Azərbaycanda xidmətlərin keyfiyyəti çox aşağıdır, əsasən də bu məsələlər azərbaycanlıların turizm məqsədilə kənarı seçməsinə səbəb olur”.
Nigar