«Biz Cəmil Həsənliyə səs verəcəyik, bunu bizdən vicdanımız tələb edir»
“Azadlıq”a müraciət edən şəhid atası Əli Kərimbəyli qarşıdan gələn prezident seçkisilə bağlı təmsil etdiyi ictimai təşkilatın mövqeyini açıqlayıb. O bildirib ki, şəhid ailələrinin birləşdiyi “Atəşkəs Qurbanları” Ictimai Birliyi Milli Şuranın prezidentliyə vahid namizədi, professor Cəmil Həsənliyə səs verəcəklər. Eyni zamanda, verilən səslər uğrunda da sonadək mübarizə aparacaqlar. Əli Kərimbəyli yazır:
“Biz halal, demokratik seçki istəyirik. Hakimiyyət isə bunu istəmir. Təşkilatımız xalqımızı, vətəndaşlarımızı, millətimizi seçkilərdə ayıq-sayıq olmağa, Milli Şuranın vahid namizədinə səs verməyə çağırır. Bütün vicdan məhbusları azadlığa buraxılmalı və prezidentliyə namizədlərə eyni şərait yaradılmalıdır.
Xalqımız dəyişiklik istəyir. Yeni liderə böyük ehtiyac var. Hər bir Azərbaycan vətəndaşı çürük hakimiyyətə son qoyulması üçün vətəndaşlıq mövqeyini ortaya qoymalıdır. Azərbaycanın hər bir vətəndaşını ölkədə baş verən haqsızlıqlara göz yummamağa, biganə yanaşmamağa çağırırıq. Bütün problemlərin həlli hakimiyyət dəyişikliyindən keçir. Hakimiyyət dəyişməyənə qədər köklü dəyişikliklərdən söhbət gedə bilməz. Çünki bu hakimiyyəti dövlət maraqları deyil, şəxsi maraqlar düşündürür. Azərbaycan bir çox beynəlxalq hesabatlarda korrupsiyanın miqyasına görə lider dövlət sayılır. Ölkədə hər il milyonlarla vəsait korrupsiyanın qurbanına çevrilir. Korrupsiya demək olar ki, bütün Azərbaycanı əhatə edir. Bu gün ölkədə dövlət vəsaitləri müxtəlif layihələr vasitəsilə mənimsənilir. Hakimiyyətin yürütdüyü siyasət nəticəsində ölkədə haqqı pozulmayan vətəndaş qalmayıb. Hakimiyyət seçki yaxınlaşdıqca ənənəsinə sadiq qalıb qanun pozuntularının sayını artıraraq, seçkiyə deyil, daha çox saxtakarlıq prosesinə hazırlaşdığını gizlətmir. Belə olan halda, Azərbaycan vətəndaşı öz hüquqlarının müdafiəsinə qalxmalı, səsləri oğurlanmayan vətəndaşlar kimi seçkidə iştirak etməlidir. Qarabağ torpaqlarının azad olunmasını, günahsız əsgər ölümlərinin qarşısını almaq, demokratiyanı Azərbaycanda bərpa etmək, təhsilimizi, səhiyyəmizi yüksək səviyyəyə qaldırmaq, ordumuzu rüşvətxorlardan təmizləmək, Azərbaycanımızı Əliyevlərin zülmündən xilas etmək istəyiriksə, qanunların aliliyini, azad cəmiyyətin yaradılmasını, xeyrin şərə qalib gəlməsini arzulayırıqsa, bütövlükdə millət olaraq, 9 oktyabrda seçki məntəqəsinə gələrək professor Cəmil Həsənliyə səs verəcəyik. Bunu bizdən vicdanımız, həm də şəhidlərimizin ruhu tələb edir. Yolumuz Rəsulzadə və Elçibəy yoludur. Ulu Tanrı bu şərəfli yolda Azərbaycanımıza və millətimizə yardımçı olsun!”
Sosial şöbə