ABŞ-ın “exit-poll” şirkəti özünü ifşa etdi

Gözəl Bayramlı: «Əminəm ki, Azərbaycan hökuməti bu şirkətə külli miqdarda pul ayırıb»

 

Prezident seçkiləri yaxınlaşdıqca hakimiyyət bütün vasitələrdən istifadə edərək nəticələri saxtalaşdırmağa çalışır. Görünür bu məsələdə iqtidar bəzi xarici qurumların da yardımından istifadə etməyə çalışır. Seçkilərdə “exit-poll” təşkil edəcək ABŞ-ın “Arthur C. Finkelstein and Associates” (ACF) şirkətinin açıqladığı ilkin nəticə və şirkət barədə yayılan məlumatlar da bunu deməyə əsas verir.

Bir neçə gün əvvəl “Azadlıq”ın köşə yazarı Şahvələd Çobanoğlu “Muzdlu ABŞ şirkətinin kürü ”exit poll”u” adlı yazısında diqqəti məhz ACF şirkətinin fəaliyyətinə yönəltmişdi. Yazıda bu şirkətin Amerikada və bütün dünyada məsləhətçi, muzdla seçki kampaniyası quran bir firma kimi tanındığını qeyd olunur. Vaxtilə məşhur olan bu firma həmişə ödənişlə yalnız hansısa namizədin və ya partiyanın qələbəsi üçün çalışıb. Məqalədə qeyd olunur ki, bu şirkətin nəinki tərəfsiz, ümumiyyətlə, “exit-poll” keçirmək təcrübəsi yoxdur. Illik gəliri ABŞ üçün çox az – 880 min dollar olan bu qurumun hazırda cəmi 9 əməkdaşı var. “Exit-poll” keçirmək təcrübəsi və tərəfsiz imici olmayan bir qurumun Azərbaycana gəlməsi isə təsadüfi deyil. Şirkətin bu günlərdə açıqladığı sorğunun nəticəsi də bunu deməyə əsas verir.  

Şirkət keçiridiyi sorğuya əsasən seçicilərin 86%-in Ilham Əliyevi dəstəklədiyini açıqlayıb. Ancaq cəmi 9 əməkdaşı olan şirkətin qısa müddət ərzində 5 mindən artıq məntəqədə sorğu keçirməsi mümkün deyil. “Exit-poll”un nəticəsinin obyektiv hesab olunması üçün ən azı bu məntəqələrin yarısında sorğu keçirilməlidir. Bu da məhdud resurslarla mümkün deyil. 

Bütün bunlar artıq indidən onu deməyə əsas verir ki, seçkidən sonra elan ediləcək “exit-poll” nəticələri reallığı əks etdirməyəcək. 

AXCP sədrinin müavini, Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin seçki qərərgahının üzvü Gözəl Bayramlı ACF şirkətinin Azərbaycanda birbaşa hakimiyyətin sifarişi əsasında fəaliyyət göstərdiyini deyir. Sorğunun reallığı əks etdirməyən nəticələri də bunu deməyə əsas verir: “Əminəm ki, Azərbaycan hökuməti bu şirkətə külli miqdarda pul ayırıb. Çünki onsuz da Ilham Əliyev dövlətin resurslarından öz təbliğatı üçün istifadə edir. Bu da onun tərkib hissəsidir”. 

G.Bayramlı Cəmil Həsənlinin 75,5 faiz səslən qalib gəldiyi “Azadlıq radiosu”nun sorğusunun reallığı əks etdirdiyini və Ilham Əliyevin cəmiyyətdə dəstəyinin olmadığını da qeyd etdi. Hakimiyyət isə bunu anlayır və ictimai rəyi azdırmaq üçün belə sorğular təşkil edir. Reallıq isə başqdarı. Ədalətli seçkilər keçiriləcəyi təqdirdə Ilham Əliyev seçicilərin səslərinin 10 faizini belə qazana bilməz. 

Fizzə