YAP-ın insan resursu hanı?

Hakim partiya rayon görüşlərində tərəfdar tapa bilmir

YAP funksionerləri gecə-gündüz təbliğat apararaq müxalifətin gücsüz olduğunu, xalqın müxalifətə etimad göstərmədiyini, müxalifətin mitinqlərinə 200-300 insanın qatıldığını iddia edirlər. Bu yalan təbliğat uzun illər öncə effekt verə bilərdi. Indi isə texnologiyanın inkişaf etdiyi bir dövrdə xalqın kimə dəstək verdiyini, kimin çağırışına gəldiyini aydın şəkildə görmək olur.

Oktyabrın 9-da ölkədə prezident seçkiləri keçiriləcək və bu məqsədlə namizədlərin təbliğat-təşviqat kompaniyasına start verilib. Ilham Əliyevin vəkilləri Azərbaycanın bölgələrinə gedib, seçicilərlə görüş keçirirlər. Ancaq bu görüşlərdən olan görüntülərə baxanda, 600 minlik üzvü olan partiyanın 6 nəfər sadiq seçici toplamaqda çətinlik çəkdiyini görürük. Demək olar ki, YAP-ın rayonlarda seçicilərlə görüşü çox biabırçı şəkildə olur. 

Maraqlı budur ki, ölkənin bütün resursları hakimiyyətin əlində cəmləşdiyi bir vaxtda, dövlət işçilərinin ucdantutma YAP-a yazdırıldığı bir gerçəklikdə insanlar YAP-a dəstək olmaq istəmir.

Dəfələrlə YAP-ın rayon görüşlərinin effektsizliyi ilə bağlı faktları ortaya qoysaq da, hakimiyyət funksionerləri öz ayıblarından utanmaq əvəzinə, müxalifətin keçirdiyi mitinqlə bağlı ironik fikirlər söyləyirlər.

Milli Şuranın keçirdiyi mitinq o qədər uğurlu oldu ki, hakimiyyət Əli Kərimlinin oğluna 25 sutka həbs cəzası verdi. Etiraf edək ki, hakimiyyət xalqın sevgisini qazana bilməsə də, insanları şərləyib tutmağı yaxşı bacarır.

Bəli, 20 ildir həbs etməklə, qorxu mühiti yaratmaqla öz səltənətini qoruyan rejim, bu qədər imkanlara sahib olduğu halda ölkədə tərəfdar toplaya bilməyib. Və biz hakimiyyətin cəmiyyətdəki nüfuzunu, təkcə “Yeni Azərbaycan” qəzetinin “YAP xəbərləri” bölməsinə daxil olmaqla müəyyən edə bilərik. Hakimiyyəti ən yaxşı ifşa edənlər, hakimiyyətin təbliğatını aparanlardı. Deyirlər, yalançının yaddaşı olmaz. Yaptokratlar da Azərbaycan xalqının Ilham Əliyevi dəstəklədiyini bildirsələr də, yaddan çıxarırlar ki, bu “dəstək” şəkillərdə də özünü göstərməlidir. Görünür, qorxu, məcburiyyət, şantaj, xalqın dəstəyini qazanmaq üçün vasitə deyil. Nəticə onu göstərir ki, 20 ildə qazanılan xalqın sevgisi deyil, xalqın nifrətidir.

Bir daha dönüb özünüzə yaxşı baxın, cənablar!

Ilham Hüseyn