Vəkil Anar Qasımlı sentyabrın 25-də Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanan jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimli ilə görüşüb.
“Media forum” saytına danışan vəkil deyib ki, Pərviz Həşimlinin saxlanma şəraitindən heç bir şikayəti yoxdur: “Pərviz bəy yaxşıdır. Onun işgəncələrə məruz qalması haqda mətbuatda məlumatlar yayılmışdı. Biz bəyan edirik ki, bu məlumatlar əsassızdır. Pərviz bəy yanlız həbs olunan zaman zorakılığa məruz qalıb, daha sonra heç bir zorakılıq faktı olmayıb.
Ona dövlət tərəfindən iki vəkil ayrılıb. Pərviz Həşimli həmin vəkillərlə ifadə verməkdən imtina edib, indiyə kimi istintaqa ifadə verməyib”.
Anar Qasımlı bildirib ki, o, Pərviz Həşimlinin hüquqlarını vəkil Elçin Sadıqovla birlikdə müdafiə edəcək.
Sentyabrın 25-də Ombudsman Aparatının əməkdaşları, o cümlədən Milli Preventiv Qrupun üzvü olan həkim də Pərviz Həşimliyə baş çəkib.
Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı Pərviz Həşimli saxlanma şəraiti ilə əlaqədar heç bir şikayətinin, rəftarla bağlı narazılığının və ona qarşı işgəncə halının olmadığını bildirib.
Söhbət zamanı Pərviz Həşimli ona qarşı irəli sürülən ittihamla razılaşmadığını deyib, istintaq hərəkətlərinin sürətləndirilməsini xahiş edib. O, həmçinin bankda qohumunun adına girovda olan, idarə etdiyi avtomobilin qaytarılması və istədiyi qəzetlərlə təmin olunması üçün kömək göstərilməsini istəyib.