Putinin Əfqanıstan qorxusu

Vəfa Quluzadə: «Rusiya narahatdır ki, ABŞ qoşunları Əfqanıstandan çıxandan sonra Mərkəzi Asiyada vəziyyət gərginləşə bilər»

 

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olan dövlətlərin dünən Soçidə keçirilmiş iclasında qurumun nəzdində sülhməramlı qüvvələrin yaradılması barədə razılıq əldə edilib. Modern.az-ın məlumatına görə, bu barədə Soçidə Rusiya prezidenti Vladimir Putin KTMT-nin sammitinin nəticələri ilə bağlı çıxış edərkən bildirib. Putin öz bəyanatında qeyd edib ki, qurumun sülhməramlı qüvvələrinin yaradılmasının zamanıdır. Əsas diqqət isə təşkilatın xarici sərhədlərinin təhlükəsizliyini gücləndirilməsinə yönələcək.

Bir çox ekspertlər hesab edir ki, Putin ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasından sonra yaranacaq situasiyadan narahatdır. Çünki Əfqanıstanda döyüşən qüvvələr diqqəti Şimali Qafqaza yönəldə bilər. Bu da Rusiya üçün əlavə problem deməkdir. 

Politoloq Vəfa Quluzadə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qüvvələri dedikdə Rusiyanın qüvvələrinin nəzərdə tutulduğunu deyir. Bu baxımdan Rusiyanın hər hansı toplantı keçirməsinə ehtiyac yox idi. Bu yalnız görüntü yaratmaq məqsədi daşıyır. Çünki ABŞ qoşunları Əfqanıstandan çıxandan sonra Mərkəzi Asiyaya təhlükə ola bilər. Həmin ərazilərdə isə Rusiyanın diviziyaları yerləşib. Mərkəzi Asiya ölkələrinin qüvvələrinə gəldikdə, onlar əfqanlarla döyüşməyəcək. Ona görə də Rusiyanın bu təklifi bir jest kimi qəbul olunmalıdır. Çünki əslində ortada hərbi ittifaq yoxdur: “Ittifaq gərək güclü dövlətlərin arasında olsun. Ingiltərə və Fransa güclü nüvə dövlətləridir və Amerika ilə müttəfiqdilər. MDB ölkələrindən hansı nüvə dövlətidir və Rusiya ilə eyni səviyyədə gəlib hər hansı hərbi əməliyyatda iştirak edə bilər? Ona görə də bu yalnız jestdir və onun arxasında Rusiyanın narahatlığından başqa heç nə dayanmır. Rusiya narahatdır ki, Mərkəzi Asiyada vəziyyət gərginləşə bilər. Çünki Əfqanıstanda yalnız əfqanlar, mücahidlər, Taliban deyil, eyni zamanda Rusiyanın düşmənləri də var. Sovet Ittifaqı Özbəkistanı işğalı edəndə özbəklər və Mərkəzi Asiyanın digər xalqları ora qaçıb və əfqanlar kimi də davranırlar, hamısı gözəl döyüşçülərdir. Onların Rusiyanın maraqlarına təhlükə gətirməsi tamamilə realdır”.

Fizzə