Pakistanda zəlzələ qurbanlarının sayı 208-ə çatdı

Pakistanın cənub-qərbində yerləşən Belucistan əyalətində Rixter cədvəli ilə 7,7 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 208 nəfərə çatıb. Ən son məlumatlara görə, 400-ə yaxın adam da xəsarət alıb. Ölənlərin əksəriyyəti Avaran şəhərinin sakinləri, qalanları isə Maşkay və Turbat rayonlarının sakinləridir.

“Associated Press” agentliyinin məlumatına görə, Avaran şəhərindəki evlərin 30%-i dağılıb. Ümumilikdə minlərlə evə ziyan dəyib, yüzlərlə evin uçması nəticəsində xeyli insan dağıntılar altında qalıb. Belucistan əyalətinin Baş naziri Əbdül Bəloc bölgədə fövqəladə vəziyyət elan edib. Xilasedicilərin köməyinə hərbçilər və sərhədçilər də gəlib.

Seysmoloqların məlumatına görə, yeraltı təkanların episentri Avaran şəhərindən 66 kilometr aralıda, yerin 20 kilometr dərinliyində olub. Güclü zəlzələdən sonra ən böyüyü 5,9 bal təşkil edən 4 avtoşok da qeydə alınıb. Bir neçə dəqiqə ərzində yeraltı təkanlar Kəraçi, Heydərabad, Larkana şəhərlərində və digər yaşayış məntəqələrində də hiss edilib. Hindistan kütləvi-informasiya vasitələri zəlzələnin ölkənin şimalında və paytaxt Dehlidə də hiss edildiyini xəbər verir.