Sentyabrın 25-də hüquq müdafiəçisi, Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin sözçüsü Oqtay Gülalıyev “Media forum” saytına oğluna xəsarət yetirilməsi hadisəsi ilə bağlı açıqlama verib.
Xətai rayonun 165 saylı orta məktəbinin 11-ci sinif şagirdi Əli Gülalıyevə xəsarət sentyabrın 23-də Bakıda, yaşadığı NZS qəsəbəsində yetirilib. Atası Oqtay Gülalıyevin dediyinə görə, həmin gün Əli Gülalıyev “Azərsutikinti” xəstəxanasında əməliyyat olunub.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə sentyabrın 24-də APA-ya bildirib ki, bir neçə gənc 16 yaşlı Əli Gülalıyevi döyərək ona yüngül xəsarət yetirib: “Faktla bağlı polisə məlumat daxil olan kimi dərhal araşdırmalara başlanılıb. Müəyyən edilib ki, sentyabrın 20-də Əli Gülalıyev öz sinif yoldaşı Bayram Sultanlını döyüb və ona göz nahiyəsindən xəsarət yetirib. Güman edilir ki, Bayram Sultanlıya yaxın şəxslər də Əli Gülalıyevlə bu məsələ ətrafında mübahisə ediblər. Nəticədə onlardan biri Əlini döyərək yüngül dərəcəli xəsarət yetirib. Hazırda polis əməkdaşları tərəfindən onların müəyyənləşdirilərək yaxalanması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir”.
Orxan Mansurzadə Əli Gülalıyevin döyülməsinin bəzi KİV-də atası Oqtay Gülalıyevə xəbərdarlıq kimi qiymətləndirilməsi barədə yayılan məlumatların heç bir məntiqi və hüquqi əsası olmadığını da bildirib.
“Media forum” saytına açıqlamasında Oqtay Gülalıyev deyib ki, sentyabrın 25-də oğlunun oxuduğu 165 saylı orta məktəbə gedib: “Daxili İşlər Nazirliyinin açıqlamasında düzgün olmayan məqamlar var. Nazirliyin açıqlamasında qeyd olunub ki, Əliyə yüngül xəsarət yetirilib. Oğluma yüngül xəsarət yetirilməyib. O, vəhşicəsinə döyülüb. Bədənində gözünə qansızmadan tutmuş çapıq izinə, bıçaq zədəsinə kimi xəsarətlər var. Bunlar yüngül xəsarət deyil.
Daxili İşlər Nazirliyinin açıqlamasında qeyd olunub ki, Əli sinif yoldaşı Bayram Sultanlını döyüb. Mən 165 saylı orta məktəbin direktoru ilə danışdım. Əlinin Bayram adında sinif yoldaşı yoxdur. Məktəbdə belə bir şagirdin oxuduğunu dedilər. O da bir necə gün olar başqa məktəbdən 165 saylı məktəbə keçirilib. Hazırda Bayram Sultanlı 37-ci polis bölməsində ifadə verir. O, ifadəsində bu məsələdən xəbərsiz olduğunu, Əliylə heç bir söz-söhbəti olmadığını söyləyib. Əli də onu döyənin Bayram Sultanlı olmadığını deyir. Əli ümumiyyətlə bildirir ki, Bayram Sultanlını tanımır. Bu məsələ araşdırılır. Mən bu insanların kim olduğunu bilmirəm. Niyə bu insanları bu işə qoşduqlarını da anlamıram. Məsələ orasındadır ki, Bayram Sultanlı bu hadisəni törətmədiyini deyir. Məsələni özüm də araşdırıram. Mənim üçün də maraqlıdır ki, Əliyə xəsarət yetirən kimlərdir, Daxili İşlər Nazirliyi niyə belə açıqlamalar verir”.
Oğlunun artıq xəstəxanadan evə gətirildiyini deyən Oqtay Gülalıyevin sözlərinə görə, Əli hələ tam yaxşılaşmayıb: “Ağrıları olduğundan sərbəst hərəkət edə bilmir”.
“Media forum” saytı 165 saylı orta məktəbin direktoru Nemət Məmmədovla da əlaqə saxlayıb. Nemət Məmmədov açıqlamasında Əli Gülalıyevin dalaşqan şagird olduğunu söyləyib: “Əli Gülalıyevin Bayram Sultanlı adında sinif yoldaşı yoxdur. Bayram Sultanlı 9-cu, Əli Gülalıyev 11-ci sinifdə oxuyur”.
Nemət Məmmədovun sözlərinə görə, əvvəlcə Əli Bayramı döyüb, sonra da Bayramın qohumları Əlini döyüblər: “Düzdür, Əli Bayramı tanımır. Amma həqiqətən Əli Bayramı döyüb. Bu birinci dəfə deyil, əvvəllər də Əli başqa şagirdlərlə dalaşıb”.
Hazırda işi 37-ci polis bölməsinin araşdırdığını vurğulayan məktəb direktoru özünün də məsələ ilə bağlı ifadə verdiyini qeyd edib: “Bayram Sultanlının ailəsi Rusiyadan Azərbaycana yeni gəlib. Hazırda Keşlə qəsəbəsində yaşayırlar. Bayram Sultanlı sakit təbiətli, ağıllı şagirddir. Əli özünü Bayrama göstərmək üçün onu döyüb. Yəni sən bu məktəbdə təzəsən, mən isə çoxdan oxuyuram, mən qoçuyam”.