Əvvəla, bütün xalqımızı təbrik edirəm, gözaydınlığı verirəm. Niyə? Niyə olacaq, Zahid Oruc dünən ITV-dən işğaldakı torpaqlarımızın 200 metrinin azad edildiyini bildirdi, amma bu, gizli olduğu üçün açıqlanmadığını söylədi. Bundan sevindirici xəbər?
Bəli, yatmısınız fil qulağında, heç xəbəriniz də yoxdur ki, Qarabağ yavaş-yavaş qayıdır.
Bəzi ağzıgöyçəklər Ilham müəllim məzuniyyətə gedəndə götürüb yazırlar ki, harda istirahət etdiyi bilinmir. Amma bir gün məlum olacaq, ya da bəlkə növbəti çıxışında Zahid müəllim özü açıqlayacaq ki, o, məzuniyyətini Şuşada – Cıdır düzündə, Isa bulağının başında keçirib. Bax, onda görüm anti-milli ünsürlər, elementlər, naftalin iyi verənlər, düşmən dəyirmanına su tökənlər nə deyəcəklər?!
Nəzərə alsaq ki, Əliyevlər 20 ildə 200 metr torpaq qaytarıblar, o zaman kiçik bir hesablama aparaq. Bu, 1 ildə 10 metr torpaq deməkdir.
Maaşları, pensiyaları nə qədər artırırlar? 10 faiz.
Ilham Əliyev neçə ildir hakimiyyəti ələ keçirib? 10 il.
Prezidentliyə namizədlərin sayı nə qədərdir? 10 nəfər.
Biz bura Heydər Əliyevin milli hakimiyyəti devirdikdən sonra 10 il hakimiyyətdə qalmasını, dünyaya mayın 10-da gəlməsini, ikinci dəfə prezident kürsüsünə 10 oktyabrda (1998) əyləşməsini, ilk baxışda heç bir dəxli olmasa da, əslində, hazırkı yaptokratların mənəvi babaları adlandıra biləcəyimiz Mir Cəfər Bağırovun 10 dekabrda (1933) Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsini və s. əlavə edə bilərik.
Buradan hansı nəticə çıxır? 10 – yaptokratlar üçün müqəddəs rəqəmdir, necə ki, 99 müsəlmanların, 7 qədim türklərin müqəddəs rəqəmidir, qədim meksikalılar üçün bu 14, krişnalar üçün 108, biz qazaxlılar üçün 35-dir və s. Müqəddəs rəqəmlərlə zarafat etmək doğru deyil, adamın ağzı əyilə bilər. Ona görə də yapçıların sevimli, müqəddəs rəqəminə də buradan dərin ehtiramımızı çatırıq, arzu edirik ki, bundan sonra da 10×10 il qədər hakimiyyətdə qalsınlar, gün o gün olsun, offşor zonalardan 10 trilyon dollarlıq bank hesablarının xəbəri gəlsin, Isa Qəmbər 10 milyon il də müxalifətdə qalsın, “Azadlıq”ın tirajı 10 mini keçməsin. Daha nələr, nələr… Sıra dağlar, gen dərələr, ürək açan mənzərələr. Ceyran qaçar, cüyür mələr. Yada düşər xatirələr.
Doğrudur, bəzi inanclara görə, 9 rəqəmi mütləqiyyət deməkdir, ölümü və yenidən doğuluşu ifadə edir, ondan sonra gələn 10 rəqəmi isə yeni nəsə demək deyil, olsa-olsa, 1 və 0-ın təkrarlanmasıdır. Şübhə yoxdur ki, belə düşünənlər Azərbaycanı sevməyən, onun inkişafını gözügötürməyən qüvvələrdir, xamısını dərxal xəbs etmək lazımdır.
Qədim yunan alimi Pifaqor deyirdi ki, bütün dünya riyazi ədədlərin təsiri altındadır, başqa bir çox məşhur alimlərin fikrincə isə, rəqəmlər insanların həyatını idarə edir. Şəxsən mənim buna heç bir şübhəm yoxdur. Yuxarıda sadaladlıqlarımızdan da göründüyü kimi, Azərbaycan artıq 10-un təsiri altındadır, bu rəqəm bütün azərbaycanlıların həyatının idarəedici, təkanverici, yolötürücü, yarımkeçirici, qandondurucu qüvvəsinə çevrilmişdir.
Ümumiyyətlə, Zahid Orucun xalqa verdiyi muştuluqdan yola çıxaraq əminliklə deyə bilərik ki, narahatlığa əsas yoxdur, 1 ilə 10 metr hesabı ilə hardasa 100 min ildən-zaddan sonra biz torpaqlarımızı tamamilə işğaldan azad edə bilərik. Ola bilər, kimlərsə üz-gözünü turşutsunlar, qaş-qabaq töksünlər, gileylənsinlər ki, onlar həmin günü görə bilməyəcəklər. Əlbəttə, bu artıq yaptokratların problemi deyil, hər kim o qədər yaşamasa, şair demişkən, günah onun özündədir.
Yaptokratların müqəddəs 10 rəqəmindən danışarkən bircə dənə qanqaraldıcı məsələ qalır. Bu da bizim qədim, ulu, müdrik ataların sözüdür: “Igidlik 10-dur, 9-u qaçmaq”.
Odur ki, hörmətli yapçılar, məndən söyləməsi, siz siz olun, çamadanlarınızı daim hazır saxlayın.