Milli Şuranın sentyabrın 29-na təyin etdiyi mitinqin vaxtı dəyişdirilib. Bu barədə qəzetimizə məlumatı Milli Şuranın Mitinq Komitəsinin sədri Asəf Quliyev verib. A.Quliyev qəzetimizə açıqlamasında bildirib ki, meriya Milli Şuranın 29 sentyabr tarixinə müəyyən etdiyi mitinqə icazə verməyib. İcra hakimiyyəti Milli Şuraya görüş-mitinqin 28 sentyabr tarixində keçirilməsini təklif edib və Milli Şuranın Mitinq Komitəsi bu təklifi müzakirə etdikdən sonra onunla razılaşıb: «Bakı şəhər İcra Hakimiyyəti Milli Şura ilə eyni günə mitinq keçirmək istəyən Hafiz Hacıyevin təklifini qəbul edərək prezidentliyı namizəd Hafiz Hacıyevə seçicilərlə görüş keçirməyə icazə verib. Əslində bu qanunsuz qərardır. Çünki Bakı Şəhər İcra Hakimiyyətinə Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda sentyabrın 29-da aksiya keçirməklə bağlı ilk olaraq Milli Şura müraciət edib. Biz meriyaya müraciəti sentyabrın 23-də ünvanlamışıq. Hafiz Hacıyev isə eyni məkanda mitinq keçirməklə bağlı bir gün sonra icra hakimiyyətinə müraciət edib. Hakimiyyət bu qərarı qəbul etməklə Milli Şuranın aksiyasının izdihamlılığının qarşısını almağa çalışır. Amma bu cəhdlər əbəsdir».
Beləliklə Cəmil Həsənlinin seçicilərlə növbəti görüş-mitinqi sentyarbrın 28-i saat 16-da Bakıda Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (M.Seyidov küçəsi, 3155-ci məhəllə) keçiriləcək.
Xəyal