Jurnalistlər Pərviz Həşimlinin müdafiəsinə qalxdı

Media mənsubları həmkarlarının azadlığa buraxılmasını tələb edir

“Bizim Yol” qəzetinin əməkdaşı və “Moderator.az” saytının rəhbəri, hüquq müdafiəçisi Pərviz Həşimlinin həyat yoldaşı Ilahə Həşimova sentyabrın 24-də ölkə başçısı Ilham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Ombudsman Aparatına və Işgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudova müraciət edib. 

Vəkil Anar Qasımlı da Pərviz Həşimlinin müdafiəsinə qoşuldu

Bizimyol.info-nun xəbərinə görə, Ilahə Həşimli prezidentə və Mehriban Əliyevaya müraciətində Pərviz Həşimlinin hüquqlarının qorunmasına və onun tezliklə azadlığa çıxmasına yardımçı olmalarını xahiş edib. Ombudsman Aparatına və Işgəncələr Əleyhinə Azərbaycan Komitəsinə müraciətində isə hələ də vəkilinin Pərviz Həşimli ilə görüşə bilmədiyini, jurnalistə qarşı Milli Təhlküəsizlik Nazirliyinin istintaq təcrudxanasında işgəncə verilə biləcəyindən narahat olduğunu deyərək onlardan həyat yoldaşına baş çəkmələrini istəyib. 

Qeyd edək ki, sentyabrın 23-də vəkili Elçin Sadıqov görüş üçün Milli Təhlükəsizlik Nazirliyinə getsə də, yenə də görüşə buraxılmayıb. Elçin Sadıqov vurğulayıb ki, müstəntiqlərin Pərviz Həşimovu onun iştirakı olmadan dindirmələri, işgəncə verməklə istədikləri ifadəni almaq barədə ehtimalları gücləndirir. 

Pərviz Həşimlinin müdafiəsi üçün bu gün daha bir tanınmış vəkillə – Anar Qasımlı ilə müqaviə bağlanıb. Anar Qasımlı “Bizim Yol”a bildirib ki, bu gün jurnalistin xanımı Ilahə Həşimova ilə müqavilə bağlayıb və sabah Pərviz Həşimli ilə görüş üçün Milli Təhlükəsizlik Nazirliyinə müraciət edəcək. 

Pərviz Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatla saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri üzrə ittiham irəli sürülüb və barəsində Səbail rayon məhkəməsi tərəfindən 2 aylıq həbs-qətimkan tədbiri seçilib. 

Pərviz Həşimli ittihamları qəbul etmir, hüquq müdafiəçiliyi və jurnalist fəaliyyətinə görə saxta ittihamla həbs edildiyini bəyan edir.

Həmkarları Pərviz Həşimlinin müdafiəsinə qalxdı

Bu arada jurnalistlər və Milli Şura Pərviz Həşimli ilə bağlı bəyanat verib. Jurnalistlərin bəyanatında deyilir: 

“Biz jurnalistlər həbs olunan həmkarımız və hüquq müdafiəçisi Pərviz Həşimlinin həbsini onun hakimiyyət nümayəndələrini daim tənqid edən yazıları ilə bağlayırıq. Sentyabrın 17-də onun evində axtarış aparılarkən bir neçə jurnalist həmkarımız da olay yerində olub. Həmin vaxt MTN-nin işçiləri Pərviz Həşimlinin xanımına, 5 yaşlı uşağına, qohumlarına və ora gələn hüquq müdafiəçisi, jurnalistlərə qarşı kobud davranıb, onları hədələyib. MTN-nin işçiləri Pərviz Həşimlinin xanımı Ilahə Həşimovanı həyətdəki tikiliyə aparıb oradakı qumbaraları çıxarmağı tələb edib. Qadın bildirib ki, o qapını açıq qoyub gedib, kim bağlayıbsa, qapını açsın. MTN işçisi ona deyib ki, qapını açıq qoysaydıq deyəcəkdiniz ki, qapı açıq olub kimsə bu qumbaraları ora yerləşdirib. Bu ifadələr də MTN-in Pərviz Həşimlini şərləyərək həbs etdiyini göstərir.

Pərviz Həşimliyə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci və 228.2.1-ci maddələri ilə ittiham irəli sürülüb. Sentyabrın 18-də Səbail Rayon Məhkəməsi Pərviz Həşimli barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. Biz jurnalistlər bu həbsi seçki öncəsi söz azadlığına təzyiq kimi qiymətləndiririk. Pərviz Həşimlinin məhkəməyə başına qara torba keçirməklə gətirilməsini insan hüquqlarına qara ləkə hesab edirik. 

Pərviz Həşimlinin vəkili Elçin Sadıqov artıq ikinci dəfədir ki, müdafiə etdiyi şəxslə görüşə bilmir. O, hər dəfə MTN-nin Istintaq Təcridxanasında Pərviz Həşimli ilə görüşmək istəyir, amma müstəntiqin jurnalistlə görüşdüyünü deyərək vəkilə görüş vermirlər. Pərviz Həşimli vəkilinin iştirakı olmadan dindirilir ki, bu da qanun pozuntusudur. Biz hesab edirik ki, jurnalist MTN-də işgəncələrə məruz qalır. Bu səbəbə görə də vəkilin onunla görüşməsinə imkan verilmir. Pərviz Həşimli məhkəməsində də bildirmişdi ki, saxlanılan zaman MTN-də 3 saat müddətində ona işgəncə veriləcəyi ilə bağlı hədələnib. O , Ombudsman Aparatının sədri Elmira Süleymanovanın və Işgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudovun onunla görüşməsini xahiş edib. 

Biz jurnalistlər Azərbaycan hakimiyyətindən seçki öncəsi jurnalistlərə qarşı təzyiqləri dayandırmağı və Pərviz Həşimlini dərhal azad etməyi tələb edirik. Beynəlxalq təşkilatları bu məsələni diqqətdə saxlamağa çağırırıq”.