Cəmil Həsənlinin əmlak və gəlirləri açıqlandı

 

Gözəl Bayramlı: «Dövlət başçısı var-dövləti oğurluq yolla əldə edib. Məhz bu səbəbdən də o, gəlir bəyannaməsini açıqlamağa ehtiyat edir»

Hafiz Həsənov: «Cəmil Həsənlinin addımı onun daha şəffaf və fəaliyyətində nə qədər açıq olmasının bariz nümunəsidir»

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin əmlakı və gəlirləri barədə məlumat yayılıb. Onun MSK-ya təqdim etdiyi gəlir və əmlak bəyannaməsindən götürülmüş məlumatları səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı aznews.az-a verib. 

Mülkləri:

1.Öz adına olan sahəsi 151 kvadrat metr ev 

2.Öz adına olan 117 kvadrat metrlik zirzəmi 

3.Həyat yoldaşının adına onun atasından qalmış həyət evinin ikidə bir hissəsi. 

Gəlirləri:

1.Aylıq 2002 AZN təqaüd 

2.Öz adına olan zirzəminin 2 aylıq icarəyə verilməsindən əldə olunan 900 AZN icarəhaqqı 

3.Əməkdar müəllim kimi aldığı aylıq 30 AZN təqaüd 

4.Yazdığı 2 sifarişli kitaba görə sifarişçilər tərəfindən ödənilən müvafiq olaraq 14000 və 11700 AZN 

5.Müxtəlif universitetlərdə saat hesabına dediyi dərslərdən əldə etdiyi vəsait

6.Həyat yoldaşının aldığı aylıq 110 AZN təqaüd

Cəmil Həsənli “azadlıq.info”ya açıqlamasında bildirib ki, ötən il gəlirləri 60 min AZN civarında olub və bu barədə məlumat bəyannamədə əks olunub.

Milli Şura namizədi bununla gəlirlərini ictimaiyyətə açıqlamayan digər namizədlərə bir nümunə olub. Qeyd edək ki, Cəmil Həsənli debatlarda Ilham Əliyevi gəlirləri barədə ictimaiyyətə məlumat verməyə çağırsa da, qarşı tərəfdən səs çıxmayıb. 

Bu da ictimayyətdə haqlı narazılığa səbəb olur.

AXCP sədrinin müavini Gözəl Bayramlı dövlət başçısının gəlirlərinin rəsmi qazancından, əmək haqqından qat-qat artıq olduğunu deyir. Bu var-dövlət oğurluq yolla əldə edilib. Məhz bu səbəbdən də o gəlir bəyannaməsini açıqlamağa ehtiyat edir. Bununla da cəmiyyətə, seçicilərə saymamazlıq göstərir. Dövlət başçısı cəmiyyətdə bu hakimiyyətə olan nifrətdən də xəbərdardır.

G.Bayramlının sözlərinə görə, Cəmil Həsənli öz nümunəsi ilə cəmiyyətə göstərdi ki, onların namizədi kim ola bilər. Kimlər xalqla səmimidir, təmizdir, kimlər sabah hakimiyyətə gələcəyi təqdirdə özünün yox, xalqın mənafeyini düşünəcək. Bunun özü Azərbaycan cəmiyyətinə bir mesajdır. 

“Hüquq və Inkişaf” Ictimai Birliyinin rəhbəri Hafiz Həsənov isə əslində namizədlərin ictimaiyyət, seçici üçün öz əmlaklarını açıqlamalı olduğunu deyir. Seçici bilməlidir ki, namizədlərin nəyi var, nə dərəcədə şəffafdır, necə qazanır. 

Ekspertin sözlərinə görə, Seçki Məcəlləsində bu məlumatların MSK tərəfindən açıqlanması vəzifə kimi qoyulmur. Ancaq seçkilərin bir şəffaflıq prinsipi var. MSK bu məlumatları cəmiyyətə elan edə bilər. Burda qanuna zidd heç nə yoxdur. Əksinə, seçkilərin şəffaflığına xidmət edən bir məsələ olardı. Bu mənada Cəmil Həsənlinin addımı onun daha şəffaf və fəaliyyətində nə qədər açıq olmasının bariz nümunəsidir. Digər namizədlərin, hətta MSK-nın bu məlumatları açıqlamasına ehtiyac var. Çünki normal seçki praktikasında digər namizədlərin bu nümunədən istifadə etməsi onların öz xeyirlərinə olar.

Fizzə