“BƏSDIR”dən sonra “YAPqayıt”, “ZIYALIgərək” mitinqləri olsun!

Hər dəfə ölkədən ayrılanda sanki ürəyimi qoyub gedirəm. Ürəksiz isə hətta dünyanın ən cənnət ölkəsində yaşamaq mümkün deyil. Özünü boş qutu, ağacdan düşən, küçələri veyl-veyl dolaşan sarı yarpaq kimi hiss edirsən. Hava limanından, uçuşa hazırlaşan təyyarənin pilləkənlərindən, vağzaldan… bəzən sevinə-sevinə, bəzən göz yaşları içində geri qayıdan kino qəhrəmanlarını çox görmüşəm. Gizlətmirəm, həmişə ölkəni tərk edəndə içimdən keçib ki, bir doğma, əziz adam qarşımı kəsib “getmə!” desin, məni yolumdan qaytara bilsin… 

Mənim bu ölkədə atamın məzarı var, amma o məzar məni qürbət yollarından qaytara bilmirdi. Mənim bu ölkədə yataq xəstəsi olan və ancaq mənim əlimdən yemək yeməyi sevən anam var, amma xəstə anamın kədərli gözləri də məni bu ölkəyə bağlaya bilmirdi. Mənim burda çox sevdiyim, məni sevən dəyərli dostlarım var, amma onlara görə də qalmağı ağılsızlıq sayırdım. Çünki Azərbaycandakı təhsil bataqlığı üzündən övladlarım ölkə xaricindəki ali məktəblərdə oxuyurlar, onların yanında olmaq istəyirdim. Gedəcəkdim, həm də həmişəlik…

Son günlər sənədlərimizi, əşyalarımızı hazırlayanda məni ən çox kədərləndirən, yüngül atletika ilə məşğul olan balaca oğlumun sözləri olurdu: “Ana, mən o ölkədə yarışlarda birinci olsam deyəcəyəm ki, şərəfimə Azərbaycan bayrağını qaldırsınlar, Dövlət Himnimizi səsləndirsinlər. Səncə edərlər?”. Hər dəfə yarışlarda ikinci, üçüncü yeri tutanda onu danlayırdım ki, ay tənbəl, niyə bir dəfə birinci yeri qazana bilmirsən. Bir dəfə bezib dedi ki, “ana, mən qəsdən birinci olmaq istəmirəm, çünki onda daha çox kədərlənəcəksən. Təsəvvür et, mən birinci yeri tuturam, aparırlar məni Ilham Əliyevin yanına, o da mənə medal verib, təbrik edir…”. Kim bilir, bəlkə idmançılarımız yarışlarda  ona görə parlaq qələbələr qazana bilmirlər ki, Ilham Əliyev onları təbrik etməsin, valideynlər, qohum-əqrəba kədərlənməsin. Əgər ölkə başçısına ürəkdən, içdən gələn təmənnasız sevgi yoxdursa, nəinki cəld qaçmağa, uzağa tullanmağa, güləşməyə, qapıdan top keçirməyə… heç yuxudan oyanmağa həvəs olmaz. Ilham Əliyev nəinki idmançıların, bütün ölkə vətəndaşlarının uğursuzluq, həvəsöldürmə, yuxuyagetmə, geriyəqalma, məğlubiyyət simvoludur.

Yeri gəlmişkən, bu yaxında ilginc bir hadisə müşahidə etdim: məhəllədə evcik-evcik oynayan balaca uşaqlar palçıqdan körpü düzəldib, qırmızı lenti kəsmək üçün “prezident” tapa bilmirdilər. Balaca uşaqlar “qırmızı lentlər kəsən prezident” olmağı özləri üçün dəhşət təhqir sayırdılar. Beş-altı yaşlı uşaqların özlərinə bir-iki saat layiq görmədiyi oyunu, Ilham Əliyev özü üçün on ildir vəzifə edib. Öz xeyirləri xətrinə üçüncü dəfə Ilham Əliyevi prezident etmək istəyənlər unutmasınlar ki, seçki qutularından çıxan milyonlarla “saxta kağız səslər” ürəkdən gələn bir CANLI SƏSi əvəz edə bilməz. Dövlət başçısına səsi, sayğını kağıza yazıb qutuya atmırlar, seçki səsləri uşaqların oyunlarında, yaşlıların, əlillərin söz-söhbətlərində, alqış və qarğışlarındadır. Inanmayanlar, əmin olmaq üçün bağça uşaqlarını müşahidə etsinlər, dükan-bazarda, nəqliyyatda danışılanlara qulaq assınlar. Sentyabrın 22-si “Məhsul” idman-sağlamlıq kompleksinin stadionunda təşkil edilən “Bəsdir!” mitinqinə balaca oğlumla mən də getmişdim. Avtobusda bir ağsaqqal kişi dayancaqda düşməyən sərnişinlərə dedi: “Hamınız aşağı düşün, gedək bu oğru, quldur hakimiyyətə ”bəsdir, qanımızı içdiniz!” deyək”. Içəri keçəndə polislər çantamı elə yoxladılar ki, bir anlıq mənə elə gəldi sərhəd-nəzarət buraxılış məntəqəsindən keçirik. Çantamda, dünyasını dəyişən əzizimdən yadigar qalan, həmişə özümlə gəzdirdiyim qatlama bıçağı görmədiklərinə təəccüblənmədim. Axı bizim polislər yuxarıdan tapşırıq almadan çantadan, cibdən, evdən heç nə tapmırlar.

Prezidentliyə namizəd Cəmil Həsənlinin çıxışı zamanı yaşaran gözlərimə oğlum həyəcanla baxıb dedi ki, “ana, Cəmil Həsənli prezident olandan sonra birinci yeri tutacağıma söz verirəm”.

Dəyərli ziyalı Cəmil Həsənli bu ağır günlərdə xalqın yanında olmaqla təkcə 20 illik hakimiyyəti yox, həm də mənim 20 ildə verdiyim qərarı yerlə-yeksan etdi…