Azərbaycan Türkiyədən keçi alır

Türkiyənin Qaziantep bölgəsində Azərbaycana damazlıq keçi ixracı ilə bağlı təntənəli mərasim keçirilib. Virtualaz.org Türkiyə mənbələrinə istinadən xəbər verir ki, mərasim Qaziantepin Hisar kəndində təşkil edilib.

AKP-nin Qaziantepdən olan millət vəkili Nejat Koçer və daha bir neçə AKP-li deputat bu təntənəli mərasimə qatılıb. N.Köçer çıxışında bölgədə heyvandarlıq sektorunun inkişafına yönəlmiş səylərdən danışıb.

“Son illərdə bölgəmizdə heyvandarlıq sektorunun inkişafı ön plana çıxıb. Hazırlanan proqramlar və AKP hökumətinin təşviq siyasəti nəticəsində yerli firmalar istehsala başlayıb” – deyə millət vəkili bildirib.

AKP-nin yerli təşkilatının rəhbəri Ahmet Uzer isə Türkiyədə son illər ət istehsalının artmasından danışıb: “Bu gün burada bir ilkə şahid oluruq. Bu şəhərdə yetişdirilmiş damazlıq keçilər Azərbaycana ixrac edilir.  Bölgəmizdə bu cür modern fermer təsərrüfatının olmasından qürur duyuruq”.

Fermer təsərrüfatının sahibi Demirezer isə çıxışında Türkiyədə ilk dəfə damazlıq keçi ixrac edən firma adı qazandıqlarını deyib. O bildirib ki, başçılıq etdiyi fermer təsərrüfatında 4 mindən çox keçi saxlanılır.

“Təşəbbüslərimizin nəticəsi olaraq Azərbaycana 1000 baş damazlıq keçi ixracını həyata keçirdik” – deyə fermer bildirib.

Mərasimdə AKP millət vəkillərindən Halil Mazıcıoğlu, Mehmet Erdoğan və Derya Bakbak da çıxış ediblər.

Çıxışların ardından damazlıq keçilər yük maşınlarına yüklənib və Azərbaycana yola salınıb. Azərbaycandan keçiləri hansı təşkilatın və ya fermer təsərrüfatının aldığı məlum deyil.

Həmçinin damazlıq keçilərin Azərbaycana neçəyə satıldığı göstərilmir. Bununla belə Türkiyə mənbələrində göstərilir ki, damazlıq keçi təsərrüfatlarında satış qiymətləri təqribən aşağıdakı kimidir:

Damazlıq oğlaq – 600-800 türk lirəsi (təqribən 300-400 dollar)

Damazlıq çəpiş – 1250 TL (650 dollar)

Damazlıq anaş keçi – 1400-1600 TL (700-800 dollar)

Damazlıq təkə – 1000-3000 TL (500-1500 dollar)

Son vaxtlar Azərbaycan hökuməti xaricdən damazlıq iribuynuzlu heyvanların alınmasını maliyyələşdirir, bu heyvanlar oliqarxların iri fermer təsərrüfatlarına və heyvandarlıq şirkətlərinə verilir. Mümkündür ki, Türkiyədən damazlıq keçi idxalı da Kənd Təsərrüfatı Nazirliyinin xaricdən damazlıq heyvanların alınması proqramı xətti ilə həyata keçirilib. Belə ki, kənd təsərrüfatı naziri İsmət Abbasov son illərdə xaricdən Azərbaycana damazlıq qismində iri və xırdabuynuzlu heyvanların gətirilməsini təşviq edir.

virtualaz.org