“Bu, hakim partiyanın müstəqil medianı qorxutmaq üçün istifadə etdiyi klassik hədə-qorxu taktikasıdır”
YAP-ın səlahiyyətli nümayəndəsi Əli Əhmədov “Azadlıq” radiosu ilə bağlı MSK-ya şikayət edib. Onun iddiasına görə, radio qanuna zidd olaraq, Azərbaycanda seçkiqabağı təşviqat aparır. Onun MSK-ya məktubunda bildirilir ki, xarici dövlət tərəfindən maliyyələşdirilməklə Azərbaycanda fəaliyyət göstərən “Azadlıq” radiosu Seçki Məcəlləsinin tələblərini kobud şəkildə pozaraq, Azərbaycanda seçkiqabağı təşviqat aparır. Əli Əhmədov bildirib ki, hətta radio internet səhifəsində xüsusi “Seçki-2013” bölməsi yaradaraq burada “namizədi tanı” keçidləri təşkil edir, yaydığı məlumatlarda və verilişlərdə qanunvericiliyin tələblərini və peşə kodeksini ciddi şəkildə pozaraq konkret namizədin xeyrinə təşviqatla məşğul olur.
Əli Əhmədovun iddialarına “Azadlıq” radiosundan belə cavab veriblər ki, bu, hakim partiyanın müstəqil medianı qorxutmağa və seçkilərin işıqlandırılmasını nəzarətdə saxlamağa çalışmaq üçün istifadə etdiyi klassik hədə-qorxu taktikasıdır.
“Azadlıq Radiosu seçkilərin işıqlandırılmasında seçki məcəlləsinə əsaslanan və professional, beynəlxalq media standartlarına uyğun fəaliyyət göstərən peşəkar media qurumudur.
Biz seçkini işıqlandırmaq yönündə fəaliyyətimizi tam müdafiə edirik. Bu iş balanslı, ədalətli və peşəkarcasına həyata keçirilir.
Bütün bunlar heç bir əsası olmayan, heç bir beynəlxalq konvensiyaya uyğun gəlməyən absurd ittihamlardır.
Azadliq Radiosu bu hücumlar barədə, seçkilərə yekun qiymət verəcək ATƏT-in MüşahidəMissiyasına məlumat verəcək”, – deyə radionun cavabında bildirilir.
azadliq.info