Anası Türkel Kərimli ilə görüşdü

Sentyabrın 25-də məhbus tələbə Türkel Kərimliyə anası Samara Seyidova ilə görüş verilib. “Media forum” saytı görüş haqda məlumat almaq üçün gənc məhbusun atası, AXCP sədri Əli Kərimliyə müraciət edib.

Əli Kərimli sayta açıqlamasında deyib: “İnzibati həbsdə saxlanılan şəxslərin ailə üzvləri ilə görüş hüququ var. Təəssüf ki, sentyabrın 24-də görüşə icazə vermədilər. Sentyabrın 25-də həyat yoldaşım Türkellə görüşə bildi.

Türkelin saxlanma şəraitindən heç bir şikayəti yoxdur. Hamının tabe olduğu rejim ona da aiddir. Heç bir ayrı-seçkilik etmirlər. Əsas məqsədimiz ondan təhsil aldığı universitetin müəllimlərinin telefon nömrələrini öyrənib müəllimləri mövcud vəziyyət haqda xəbərdar etməkdir.

Müəllimlərdən dərs vəsaitlərini internet vasitəsilə bizə göndərmələrini xahiş edəcəyik. Bu baş versə, həmin vəsaitləri çap etdirib Türkelə çatdırmaq istəyirik ki, dərslərindən geri qalmasın.

Müəllimlərin əlaqə nömrələrini götürmüşük. Universitetlə əlaqə saxlayıb mövcud vəziyyəti bildirəcəyik. Sentyabrın 26-da isə Bakı Apellyasiya Məhkəməsinə şikayət ərizəsi təqdim olunacaq.

Türkel məhkəmədə dediklərini bir daha təsdiq edib ki, nə plakat cırıblar, nə də polisə müqavimət göstəriblər. Bunların hamısı qurama olub. Türkelin əsas narahatlığı da məhz bundan – məhkəmənin sifarişli qaydada qeyri-qanuni həbs qərarı çıxarmasındandır. Səhhəti normaldır”.