Ulus elçisinin yaşamı, ya da anam, doğma Azərbaycan!

Cəmil Həsənlinin «Tarixi şəxsiyətin tarixi» kitabı haqda düşüncələr

Tarix elmləri doktoru, professor CƏMIL HƏSƏNLI Azərbaycan türklərinin XIX yüzilin sonu, XX yüzilin birinci yarısında yetirdiyi ən böyük siyasətçilərindən biri Əlimərdan bəy Topçubaşının ömür yolundan yazdığı “Tarixi şəxsiyətin tarixi” [Bakı, 2013, 587 s.] adlı kitabını yayımlamışdır. Bu kitab son illərdə azərbaycançılıq ideologiyasının yayılması, gəlişdirilməsi, Azərbaycan Cümhuriyətini quran böyük eloğluları – ulus ideoloqlarını tanıtmaq, yaşatmaq üçün görülmüş ən yaxşı elmi, siyasi-ideoloji işlərdən biri, ulusal anıtdır.

Onu ancaq Şirməmməd Hüseynovun çap etdirdiyi Məhəmməd Əmin Rəsulzadənin Əsərlərinin 3-4-cü cildlərilə [B., 2012; 2013], Aydın Balayevin “Məhəmməd Əmin Rəsulzadə” [B., 2012]; Vilayət Quliyevin “Iz naslediya politiçeskoy emiqrasii Azerbaydjana v Polşe (30-ye qodı XX veka)” [B., 2011, rusca], Nəsiman Yaqublunun “Məhəmməd Əmin Rəsulzadə Ensiklopediyası” [B., 2013], Məhəmməd Əmin Rəsulzadənin, Əlimərdan bəy Topçubaşının yazdığı, Yadigar Türkelin yenidən işləyib yayımladığı 7 kitabın ulusal, ideoloji, elmi dəyərilə tutuşdurmaq olar. 

Professor Cəmil Həsənli son 20 ildə Azərbaycan, azərbaycançılıq, türkçülük, islamçılıq, çağdaşlıq, qafqazçılıq ideyalarının dirçəldilməsi, yayılması yolunda dönmədən çalışmış 5-6 ideoloq alimdən biridir. Buna görə ona ən böyük sayğımızı, sevgimizi sunur, can sağlığı, uğurlar diləyirik.

“Tarixi şəxsiyətin tarixi” anıtı oxucuya XIX yüzilin 80-ci illərindən sonra, eləcə də XX yüzilin başlarında Azərbaycanda gedən toplumsal-siyasi olaylardan çoxlu tarixi, siyasi-ideoloji – elmi bilgi verib, Rusiya Imperiyasının çox ağır siyasi, iqtisadi duruma saldığı Azərbaycan aydınlarının əməyini göz önündə canlandıraraq, onların 1918-ci il mayın 28-də “yoxdan bir bayraq, müqəddəs bir ideal yaratmalarının” böyüklüyünü, ulusal dəyərini bir də göstərir. 

Əlimərdan bəy Topçubaşı Azərbaycan, türk, Rusiya müsəlmanları tarixində uca yeri olan böyük yurddaşlardan biri, sözün bütöv anlamında ulus elçisi, ulus ideoloqu idi. Azərbaycan Cumhuriyəti Ordusunu yaradanlardan general Ibrahim ağa Usubov 1920-ci il fevralın 3-də Romadan Əlimərdan bəyə teleqramında yazırdı: “Sizin konfransda olmağınız bizim üçün sevgili Azərbaycanın siyasi yaşamında yeni çağ yaratdı. Tarixi olay oldu, Azərbaycan bu andan bağımsız dovlət hüququ qazandı. Ölkə onun yaşamındakı bu böyük uğurun iştirakçısı kimi sizə borcludur. Sizin büllur kimi arı adınız artıq əbədiləşib. Qızıl hərflərlə yazılmış bu ad Azərbaycan tarixinin illərliyində [salnaməsində] birinci yerdə dayanacaqdır!” [Cəmil Həsənli. Tarixi şəxsiyətin tarixi. 437-ci səh.].

“Tarixi şəxsiyətin tarixi” anıtında “xristianlıq xəstəliyi”nə tutulmuş Rusiya Imperiyası Ağalığının irqçi, dinçi siyasətinin yönəltdiyi ermüni şovinistlərinin 1905-1906-cı illərdə Azərbaycanda törətdiyi qırğınları Rus dövlət bəlgələrinə dayanaraq üzə çıxaran, toplumsal-siyasi sahə alimlərinin də çoxunun bilmədiyi yeni bilgilər vardır. 

Sayğılı Cəmil bəy politologiya elminin biçiminə uyğun, diplomatik yöndə yazdığı bitiyinin bölmələrindən birini “Paris danışıqlarında ermənilərin şıltaqlığı” adlandırmışdır. Gerçəkdə isə emənilərin Qafqaz uluslarına, Qafqaz Konfederasiyası ideyasına, Qafqazda sülhə-barışa dönüklüyündən, satqınlığından, pozuculuğundan danışılır. Azərbaycan Respublikasının Paris Sülh Konfransındakı Elçiliyinin üyələrindən Miryaqub Mehdiyevin Cəmil Həsənlinin bitiyindən aldığımız sözlərinə baxaq: “Ermənilərin başçıları… ”erməni sorunu”nu Qafqazdan qıraqda, güclü, Yenmiş ölkələrin yardımı ilə çözəcəklərinə umud bəsləyirdi… Ermənistan toprağını Gürcüstanla Azərbaycandan topraq qoparmaqla genişləndirmək istəyirdi. Ermənistan toprağını bir dənizdən o birinə kimi genişləndirmək düşüncəsinə qapılan erməni siyasiləri yurdlarının gələcəyini Qafqaz respublikalarının taleyilə heç cür bağlamaq istəmirdilər… Erməni şovinistləri, dövlət başçıları indiki Ermənistan toprağını IT ILINDƏ onların olmuş tarixi topraq düzəyinə çatdırmaq kimi gülünc, xam bir düşüncəyə qapılmışdılar” [385-ci s.].

Doğrudan da Dəli Petronun “Isti dənizlərə çıxmaq” politikasını sürdürən Rusiya Imperiyasının XIX yüzilin başlarında “atalıq qayğısı ilə” “forpostluq” üçün Qafqaza, Azərbaycana gətirdikləri ermənilər o illərdə Qafqazın yerli uluslarına dönük çıxıb satqınlıq etməsəydilər, rus-erməni-sovet-mason bolşefaşistləri 1920-ci ildə Qafqazı tutamaz, bölgənin özgürlüksevər elləri bağımsızlığını qoruyar, indi də sürən sıxıntı, ağrı-acı içində qovrulmaz, Qafqaz, o üzdən də Azərbaycan çağın ən gəlişmiş, uyqar, demokratik bölgələrindən, ölkələrindən birinə çevrilərdi…

Oktyabrın 9-da Azərbaycan xalqının QURTULUŞ PREZIDENTI olacaq CƏMIL HƏSƏNLIyə Azərbaycanın, Qafqazın geopolitikası, tarixi, uluslarası hüquq, ədalət baxımından anlamsız, gərəksiz “Qarabağ sorunu”nunu çözməkdə də uğurlar diləyirik.

Prof. Cəmil Həsənli Azərbaycan Sovet Sosialist Respublikasının Ankaradakı Böyük Elçisi, Azərbaycan Parlamentində dövləti dağıtmaq üçün bütün gərəkənləri edən sosialistlərdən Ibrahim Əbilovun Bakıya göndərdiyi “Topçubaşov 30 desyatin nefli toprağı fransızlara bir milyon franka satıb, yüz min frankını da qabaqcadan almışdır” [479-cu s.] kimi “gizli yalan”ı da anıta salıb oxucuya bildirməklə düzgün iş görmüşdür. Bu bilgi yağıların toxuduğu “Əlimərdan bəy Topçubaşı Azərbaycanın qızıllarını aparmışdır”, “gizli yalan”larında dolaşmış bir sıra yurddaşlarımızın düşüncəsini arıtmaq, gəlişdirmək üçün çox gərəklidir. 

1925-ci ildə Parisdən Istanbula Məhəmməd Əmin Rəsulzadəyə yazdığı məktubda “Inanın, mən altı adamlıq ailəmlə çox ağır günlər keçirirəm! Ömrüm boyu belə mənəvi çətinlik çəkməmişəm” deyən Əlimərdan bəy Bakıdakı rus-sovut-mason ağalığı Azərbaycan Cümhuriyəti Ağalığının 1919-cu ildə oxumaq üçün Avropanın ayrı-ayrı ölkələrinə göndərdiyi 82 öyrənciyə pul göndərməyi dayandırandan sonra onlar üçün Qafqaz Dağlıları Birliyi Respublikasının keçmiş Baş bakanı bu iş üçün “əlindən gələni etməyə özünü borclu sayan” Abdul Məcid Çermoyevdən belə borc pul istəmişdir. Başqa gerçəklər bir yana… 

Əlimərdan bəyin Parisdə soyadını TOPÇUBAŞI etdirməsi də onun necə özgür şəxsiyət, ulusalçı, azərbaycançı olduğunu göstərir. Əlimərdan bəy Topçubaşı qara götürməyən böyük politik, türk oğlu türkdür!

“Tarixi şəxsiyətin tarixi” kimi anıtlardakı bilgiləri toplayıb düzgün yozmaq, yorumlamaq, elmi ölçü-biçiyə salmaq çox çətindir. Cəmil bəy bunu tək bacarmışdır, sağ olsun!  Prof. Xaləddin Ibrahimli Cəmil Həsənlinin bu bacarığından şaşırır: “Bu qədər faktları yadda saxlamaq, çoxşaxəli, ziddiyətli olayları izləmək, təkrara yol vermədən ardıcıl, düzənli bir məcraya yönəltmək heyrət doğurur”. [“Azadlıq” qəzeti, 26.08.2013, 217-ci sayı]. 

Son 20 ildə qohumluq, dostluq, tanışlıq, rüşvət – proteksiya yolu ilə çoxlu adama elmlər namizədi, doktoru, professor, akademik elmi adı satılıb. Elmi-siyasi yaradıcılığı ilə Azərbaycanın “klassik tarixçi”si olduğunu göstərən professor Cəmil Həsənliyə “Tarixi şəxsiyətin tarixi” adlı taysız bitiyinə görə akademik elmi adı, dövlət ödülü, prezident pensiyası verilməlidir! 

Cəmil Həsənli bu taysız bitiyinə “Son söz, ya da nəsillərin yaddaşında” adlı “Əlimərdan bəy Topçubaşının 70 illik yaşamının gecikmiş bir hekayəsi” dediyi “Son söz” yazıb. Cəmil bəyə görə Əlimərdan bəyin 50 illik ömrü “Azərbaycan xalqının uluslaşma, dövlətləşmə, çağdaşlaşma” tarixidir… “O, Rusiya türklərinin ulusal kimlik pasportuna qol çəkən birinci böyük müsəlman xadimi idi”… “Əlimərdan bəy körpə Azərbaycanın bağımsızlığı üçün, edə biləcəyi hər şeyi etdi… ”Ömrünün sonunda ailəsi üçün vəsiyət yazmayan Əlimərdan bəy Topçubaşı bu bəlgələr üçün ilginc vəsiyətnamə yazmışdı: Arxivindəki bəlgələr komunistlərə verilməsin! Illər keçdi, komunizm də tarixin saxlancına verildi, ancaq Əlimərdan bəyin böyük adı, işıqlı işləri bağımsız Azərbaycanın ulusal dəyərinə, komunistlərin üzünə bağladığı bəlgələr isə ulusal tariximizin dəyərli yatırına çevrildi”.

Kitabın gələcək çapında aradan qaldırılmalı tək-tək hərf yanlışlarından başqa sayğılı professorun bir şeyi də gözə almasını diləyirik. Bir də görürsən anıtın dili türkcədir, bütün sözlər anlaşıqlı, yerində, gözəl – demək belə də yazmaq olar, belə yazılmalıdır – bir də görürsən “ərəbcə”dir, anlaşılmaz, yayğın, dilə yatmayan, kobud Ərəb sözləri düzülüb yan-yana… 

Prof. Cəmil Həsənli kimi alimlər Türk dilini qoruyub gəlişdirməkdə də örnək olmalıdırlar. Belə olmasa oxumamış, oxudulmamış, bilincaltı ilə düşünən “yarımrus jurnalistlər”lə “yarımrus yönəticilər”, alimlər, yazarlar, yazıçılar, mollalar gözəl Türk dilini yenidən “Bürokratlar Rusiya inqilabi-kəbirindən rəhayab olub, xilaslıq tapmaq üçün biçarə rəiyyəti bir neçə vaxtda təhti-təzyiq və təkdirdə saxlamaq üçün olmazın hiylələr edib, hər bir ərzəl işlərə tənəzzül etdilər” gününə salacaqlar. Ata-anaya valideyn, oğul-uşağa övlad, ildırıma şimşək, gözlüyə eynək, sözlüyə lüğət deyən bu oxumamış, oxudulmamış, öyrədilməmiş “jurnalistlər” 60-70 il qabaq Türk dilindən çıxmış, heç kimin işlətmədiyi, özlərinin də anlamadığı təhliyə, təsviyə, təəmmül, təərrüz, təəhhüd, tələqqi, rəğmən, fəqət, sadəcə, zatən, müdhiş, möhtəşəm, möhtərəm, rəğmən, asi, rica… eləcə də başqa anlamsız, Türk dilinə girən kimi ölüb söz yığınına çevrilən ərəb sözlərini yenidən dilə soxur, göründüyə “büruzə verdi”, yendiyə “qalib gəldi”, yenildiyə “məğlub oldu”, tikdi, qurdu, yaratdıya “təşkil etdi”, çıxarıldı, uzaqlaşdırıldı, köçürüldüyə “təhliyə edildi”, izlədiyə “təqib etdi”, çağırdıya “dəvət etdi” deyir, danışırlar, analoq, alternativ, şop, şou, tender, eksklüziv, bravo, brend… kimi yeni zibillər, “futbolçu ayaqqabısının bağı ilə problem yaşadı” tək ağlasığmaz oxumamışlıq da bu yandan. AMEA-nın Dilçilik Institutu da durub gendən baxır. 1983-ci ildə “Azərbaycan dilinin orfoepiya SÖZLÜYÜ”, 2013- cü ildə “Lüğət” buraxan Dilçilik Institutunun dil düşüncəsinin 30 il geridə qaldığı, “Dilsizlik Institutu”na çevrildiyi ortadadır.

SAYĞILI YURDDAŞ, prof. Cəmil Həsənlinin yayımladığı bu anıtda indi də qurtulamadığımız çoxlu geriliklərdən birini sənə çatdırıb düşündürmək istəyirəm. O çağın aydınları çox çalışsalar, çağırsalar da “Seçki prosesini izləyən özəl, eləcə də dövlət qurumları müsəlman seçicilərin çoxunun Dumanın dövlət əhəmiyətli problemlərilə heç ilgilənmədiyini yazırdı” [217-ci s.].
Sən XXI yüzilin demokratiya çağında geri düşüncənin kökləri açıqlanmış bu bitikdəki dünən salındığın, bu gün də qurtulmadığın ağır gününü anla!!!

Müsəlmanların yasında molla danışar, yasdakılar susub dinləyərlər. Ancaq yurddaşlarını etkiləmək, oyatmaq istəyən Azərbaycan aydınları 1907-ci il noyabrın 30-da Həsən bəy Zərdabinin sonyolasalınmasını ULUSA ÇAĞIRIŞA çevirmişlər. XIX yüzilin sonu XX yüzildə yetirdiyin ən böyük Türk aydınlarından olan Əhməd bəy Ağaoğlu bu sonyolasalmada uzun, etkiləyici bir çıxış edib yuddaşlarını yeniliyə, oyanışa, yüksəlişə, çağırmışdır.
“Irşad” [Doğruyolgöstərmə] qəzetinin 1907-ci il dekabrın 2-si sayında çap olunmuş, Cəmil bəyin də bitiyinin 171-173-cü səhifələrində verdiyi “ÇAĞIRIŞ”ın ayrı-ayrı yerlərini, bir sıra Ərəb-fars sözlərini Türk sözlərilə dəyişərək sənə çatdırıb, demokratik Azərbaycan Respublikasının çağdaş yurddaşı kimi özünü, hüquqlarını anlamağa, istəməyə, qorumağa çağırıram: “…Əlli il bundan qabaq Qafqaz bölgəsində elmə, texnikaya dəyər verilmədiyi çağlarda mərhum Həsən bəy Moskva şəhərinə gedərək universitetin riyaziyat elmləri şöbəsini [Həsən bəy Moskva Universitetinin fizika-riyaziyat fakültəsininin təbiət şöbəsini bitirib, biologiya elmləri namizədi alim adı almışdı] qurtarıb, öz yurdu Bakıya dönmüşdür. Bakıya qayıdan Həsən bəy nə ilə uğraşmışdır… Yerlər ələ keçirməklə? Dövlət, yüksək ad, ün, pul qazanmaqla? Yox! Yox! Müəllimlik edib öz soydaşını, ulusunu, elini düşdüyü gerilikdən, qaranlıqdan qurtarmaqla! ”Ancaq mərhum müəllimliklə yetinməyib, ulusuna daha böyük çevrədə qulluq etmək istəyilə Bakıda “Əkinçi” adında bir qəzet çıxarmışdır. Bu qəzetin çapından onun amacı ancaq öz ulusuna uyduğu geriliyin, qaranlığın çox qorxulu sonuclarını bildirmək idi.

“Bu gecə ”Əkinçi”nin ilk saylarını oxuyurdum. Onların birində mərhum yazmışdır: “Ey müsəlmanlar, çağla uyuşmaq, onun istəyinə görə iş görmək gərəkdir! Görməsək, dünya özü-özünə, bizsiz iş görüb, bizi əzər, bizi döyüb keçər!”. …Kəsəsi, islam aləmi dağılmağında dönməzdir! …Baxın bu şəhərin özündə bizim günümüzə: başqaları yüksəliş, var-dövlət, bolluq düşüncəsində, biz bir-birimizin canına, malına, namusuna düşüb bir-birimizi doğramaqdayıq!

“Həsən bəy bizə doğru söz dedikdə acığımız tutub, ağzına belə döyürdük! Onun başına qaxdığımız ən birinci qaxınc yoxsulluğu idi. Ağzını açıb danışdıqda biz ona deyirdik: ”Kəs səsini! Danışma! Sən yoxsulsan! Yəni biz ömrünü pul qazanmaq yerinə bizə – biz ulusa qulluğa verdiyinə görə ona lağ edirdik!
Ancaq bu yurdsevər, bu ulussevər bizim heç bir haqsızlığımızdan çəkinməyib, tutduğu yolunda qanmadığımız bir dönməzliklə gedərək ulusu ayıltmaq, ona qulluq etmək üçün əlindən gələni əliaçıqlıqla edirdi.
Indi Bakıda 11 rus-tatar məktəbi var. Bu məktəblərin bütünü o insanın çalışmalarının, əməyinin sonucudur!

Indi belə böyük, belə uca bir insanın sonyolasalınmasına gəlib biz ona nə deyək?! Onu son yola necə salaq? Məncə, biz gərək o ucaruhluya üz tutub deyək: “Ey uca ruh, indi sən gedirsən ata-babalarımızın yanına. Onlara bizdən salam yetirib, bizim bu gileyimizi de: Ey ata-babalar, bizə nə gün qoydunuz?! Bizə hansı ata-baba yatırı qoydunuz getdiniz?! Stanlarımız [Türk sözüdür, ölkə, yurd, yaşayış yeri anlamındadır – Türkmənistan-Türkmən ölkəsi, Qazaxıstan-Qazax ölkəsi]  uçmuş, bölgələrimiz dağılmış! Bütün uluslar arasında başıaşağı, gözdəndüşmüş, kor, yenilmiş, yazıq, durumumuz pozuq, gündən-günə yox, heç olmaqdayıq! Işimiz-sənətimiz oğruluq, quldurluq, bir-birimizin canına, malına, namusuna saldırmaqdır! Kaş nə biz olaydıq, nə böylə ata-baba yolu!
Indi üzümü bu cavan okul uşaqlarına tutub deyirəm: Bax, Həsən bəyin bu tərpənməyən, duyğusuz, cansız qalmış bədəni sizə öyüd olsun! Dünyadan hamımız böylə gedəcəyik! Heç bir şey aparmayacağıq! Bizdən ancaq indi Həsən bəyin ruhunu dəyərli, sayğılı edən o insanlıq – ulusumuza, elimizə, bütün insanlığa qulluq qalacaqdır!

Həsən bəyi özünüzə örnək edin, həmişə o bənzərsiz ustadın ruhuna rəhmət oxuyun!”.
SEVIMLI YURDDAŞ! Ulus dövləti özünü qorumaq, daha yaxşı yaşamaq üçün yaradır. Dövlətin qalan bütün anlamları bundan sonra gəlir. Demokratik siyasi quruluş isə “Ulus ağalığıdır, ulusdangəlmə ağalıqdır, ulus üçün ağalıqdır!”. Demək Azərbaycan Respublikası – sənindir!
Bilin, ulus haqqını, huququnu anlamasa, istəməsə, qorumasa demokratik dövlətdə də Siyasi Ağalıq Avropa bilginlərinin dediyi əjdahaya – AQAMEMNONA çevrilir. Buna görə də ulus hər hansı siyasi ağalığı qarşısında soumlu bilib onu gözlətməli, Anayasaya hüquqlarını heç kimə qapdırmamalıdır!
Azərbaycan Respublikasında 1995-ci ildən uyğulanan Anayasanın 1-ci düzüyündə “Azərbaycan Respublikasında dövlət hakimiyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır” yazılsa da, ölkədə demokratikləşmə prosesləri Konstitusiya uyğulanandan sonra kəsildi, ulusun, demək olar, heç bir strateji sorununu çözməyən, totalitar düşüncəli “köhnə komunistlər”in “Dəyişməz YAP Ağalığı” yurdumuzu avtoritarizm, oliqarxiya bataqlığında batırdı!

Dünya tarixində sonrakı elmi, alimləri ən çox etkiləmiş, politologiyanın da özülünü qoyanlardan, yaradıcılarından biri Aristotel oliqarxiyanı YANLIŞ DÖVLƏT QURULUŞU adlandırmışdır. Çağdaş Azərbaycan Respublikasının çiyasi rejimi də “klassik” avtoritarizm, oliqarxiyadır!
Oliqarxiya ULUSA ancaq dostluq, tanışlıq, rüşvət – proteksiya, korrupsiya gətirər, onun heç bir strateji sorununu çözməz!
Aydınlar özgəsevər, oliqarxlar özünüsevər-eqoist doğulmuşlar! Oliqarx özündən başqasını saymaz, basıb əzər! O, təkəlçi – monopolist-inhisarçıdır, özü də son 20 ildə yurdunun, ata-babanın, sənin var-yatırını ələ keçirməklə varlanıb.
IŞIQLILAR yaşam boyu dünyaya maddi bağlılığı ən aza endirib sufiləşir, oliqarxlar isə aşırı istəklərini sonsuza – 48, 72… milyarda çatdırırlar.

Sevgili yurddaş, demokratiyanın ilkələrindən biri də ölkədə açıq, aydın, özgür, düzgün seçkilərin keçirilməsidir. Bu yasal yolla demokratik ölkədə SIYASI AĞALIQ dəyişir, yeni, çağauyğun, özgür düşünən politiklər, yönəticilər yetişir, ulus seçkilər yolu ilə yönətimi gözətimdə saxlayır.
Azərbaycan Respublikasının 1993-cü ildə dövlət çevrilişilə Siyasi Ağalığı ələ keçirmiş “köhnə komunistlər”in ötən illərdə seçkiləri necə saxtakarlıqla keçirdiyini yaxşı bilirsən. Azərbaycan Respublikasında “demokratik seçki oyunu” oynanır, seçki saxtakarlığı edilir! Axşam saat 7-8-ə kimi oynanan demokratik seçki görüntüsü saat 10-dan seçki həyasızlığına, seçki tərbiyəsizliyinə çevrilir.

Sevimli yurddaş, son çağlarda çağırışlardan, çalışmalardan bezmiş bir sıra işıqlılar qəzetdə rəhmətlik Əhməd bəy Ağaoğlu kimi səni oyatmaq, haqqını anlatmaq üçün “Gül bayramından sənə… qaldı” kimi ağır sözlər belə yazıblar. Onları da anla! Incimə! Sənin yatağanlığın, ömür boyu aydınlarının belində getmək düşüncən onları yorub, bezdirib. Bu sənə kobudluq yox, onların harayıdır! Bax buna görə Əhməd bəy Ağaoğlu Həsən bəy Zərdabi kimi böyük eloğlunun sonyolasalınmasını siyasi ÇAĞIRIŞA çevirib elliklə yatmış, oyanmaq istəməyən müsəlmanlara, daha çox da Azərbaycan türklərinə ağır sözlər demişdir.
Bil, aydınların gücü tükənəndir, bitəndir, sənin gücün isə böyükdür. Sən işıqlılarının arxasında duranda onlar sənin üçün daha böyük işlər görürlər. Doğma qardaşına on manat pulu borc veirsən, YAPın sorumsuz, strateji ulusal düşüncəsiz oliqarxları isə yurdunun, ölkənin – SƏNIN milyardlarını sorumsuzcasına ora-bura dağıdır, ələ keçirir, susursan, onsuz da saxtalaşdıracaqlar deyib, seçkiyə belə getmirsən. Demokratik respublikada isə ulusun var-yatırı eşit bölünməlidir, o var-yatır hamıyaçatandır!

Sayğılı yurddaş, sən tarixin böyük dövlətlər, kültürlər yaratmış, uluslarından birinin oğlusan. Ancaq son 22 ildə ulus dövlətin olsa da, yağıların 200 ildə varlığına yeritdiyi geridüşüncəlikdən qurtula bilmirsən. Demokratik siyasi quruluşlarda istənilən pis, kötü Siyasi Ağalığı seçkilərlə tarixə gömmək ulusun borcudur. Sənə üz tutub deyirəm: Oyan! Hüququnu anla, Istə! Azərbaycan Respublikasında demokratiyanı qoru, dərinləşdir, XX yüzildə yetirdiyin ən böyük politikin, ulusal ideoloqun Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Cümhuriyəti Pralamentində Rus-erməni-sovet-mason bolşefaşistlərinin əlaltısı-agenti Əliheydər Qarayevə dediyi: “Haqqınızı verərik, haqqımızdan keçmərik!” düşüncəsinə çat, LAYLAÇIların sözlərinə uyma, özünün, oğul-qızının yarınını, gələcəyini düşün, oktyabrın 9-da PREZIDENT SEÇKILƏRINƏ GET, Azərbaycan Respublikasının kiminsə atasının malı yox, 9,5 milyonluq SƏNIN yurdun olduğunu səsinlə doğrula, MILLI ŞURANIN adayı, Azərbaycan Respublikasının AVTORITARIZMDƏN, OLIQARXIYADAN QURTULUŞ PREZIDENTI olacaq professor CƏMIL HƏSƏNLIYƏ səs ver, hüququnu demokratik yolla qoru, ana yurdun SEVGILI AZƏRBAYCANI dünyanın gəlişmiş demokratik dövlətlərindən birinə çevir, yoxsa, Məhəmməd Əmin bəyin 1915-ci ildə yazdığı “Çağırış”dakı kimi: “Bil, ayıq ol: optovoyçu [topdansatan-təkəlçi-monopolist-inhisarçı-oliqarx] dediyin adam nə sənin işinə, nə ağarmış saç-saqqalına, nə də tökülən göz yaşlarına baxmayacaq, səni üzüquylu qoyub üzərinə bir taxta qoyacaq, özü də çıxıb üstündə oturacaq. Sən də dilini yarım arşın çıxaracaqsan, qan qusa-qusa can verəcəksən”, dünyanın bilgi, demokratiya, yüksəliş çağında hamıdan geridə qalacaqsan!
Indi sənin yolun haqqını demokratik seçkilərlə qazanmaqdır! Oyan! Qalx ayağa, demokratiya yolu ilə get! Bu yurd, bu dövlət, bu Azərbaycan sənindir!!!

Min doqquz yüz doxsan üç:
Birilərin doğuşu,
Birilərin qaçışı,
Ulusun çöküşü.
Doğulan aslan,
Qaçan dovşan,
Doğan Böyük ayı.
Yanan Azərbaycan.
Ortada olan: Satılmış Qarabağ,
“Məhkəməsiz” ölkə,
Korrupsiya, hüquqsuzluq, qan,
Çökdürülən Azərbaycan.
Zahid Oruc, Balıq Hafiz,
Yalançı Məzahir, Bazarçı Batı,
Xanış dayı, professor Siyavuş.
Yetmiş ildə iki Siyavuş:
Biri dövlətquran bilgin, biri bilinməz kim.
Yaltaqlar dəstə-dəstə:
Bəxtiyar, Nəriman, Qabil, Vaqif Mustafa…
Bir də “Peyğəmbər”ilə Zəlimxan,
Heykəllərilə hər yerdə Heydər xan.
Bu ulus oktyabrın doqquzunda
Doğacaq daha bir Siyavuş:
Poladxan oğlu Cəmil xan.

[“Tarixi şəxsiyətin tarixi” anıtından alıntılardakı bir sıra ərəb-fars sözləri uyğun Türk sözlərilə dəyişdirilmiş, Azərbaycan dilçilərinin ağızdolusu ƏDAT – dediyi, Türk dilində anlamı, dəyəri, yazıda yeri olmayan, gözəl dilin quruluşunu pozan hətta, fəqət, əlbəttə, əcəba, əgər, məhz, halbuki, hərçəndi, lakin, sadəcə, zatən… sözləri, eləcə də gərəksiz və, ki bağlayıcıları atılmış, ikisəsli gəlmə sözlər bir səslə yazılmışdır].

Yadigar Türkel, AMEA FSHI-nin politologiya şöbəsinin aparıcı elmi işçisi