“Bu həbs hakimiyyətin siyasi əxlaqını göstərir”
Sentyabrın 22-də Milli Şuranın keçirdiyi izdihamlı mitinq hakimiyyəti bərk narahat etdi. Ona görə də mitinq gününün axşamı AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli və onun 2 dostu saxlanılaraq polis idadərsinə aparıldı. Qondarma ittihamlarla Türkel Kərimliyə 25 sutka, digər 2 gəncə isə 30 sutka həbs cəzası verildi. Bu həbasin siyasi motivli olması heç kimdə şübhə doğurmadı və hər kəs bu həbsə görə hakimiyyəti lənətlədi. Tanımış siyasi partiyalar, qurumlar, ictimai təşkilatlar bu həbslə bağlı kəskin bəyanatlar verdi və gənclərin dərhal azad olunması tələb olundu. Türkel Kərimlinin həbsinin Əli Kərimliyə qarşı təzyiq olduğu, onun fəaliyyətini məhdudlaşdırmaq planı olduğu şübhəsizdir. Əli Kərimli isə öz növbəsində bildirdi ki, bu üsullarla onu mübarizədən kənarlaşdırmaq mümkün deyil.
Tanınmış ictimaiyyət nümayəndələri də Əli Kərimlinin oğlunun həbsinə münasibət bildirib.
Minlərlə cəbhəçi gənc Əli Kərimlinin övladıdır
Neftçilərin Hüquqlarını Müdafiə komitəsinin sədri Mirvari Qəhrəmanlı bildirdi ki, hakimiyyət hər zaman ləyaqətli, mübariz insanlara yaxınları ilə təzyiq göstərməyə cəhd edib və bu addım hakimiyyətə qarşı niftəri daha da dərinləşdirir: “Bundan əvvəl Əli Kərimlinin qayının günahsız olduğu halda həbs etdilər, indi isə övladını həbs etdilər. Ancaq, Əli Kərimlini bu təzyiqlərlə mğlub etmək olmaz.Bunlar başa düşümürlər ki, Əli Kərimlinin yalnız 3 övladı yoxdur. Minlərlə cəbhəçi gənc Əli Kərimlinin övladıdır. Əli bəyə qarşı bu tipli təzyiqlər, cəbhəyə 100-lərlə yeni gəncin axışına səbəb olacaq. Əsl kişi atanın qisasın, övladdan almaz. Hakimiyyət növbəti dəfə cəmiyyətin nifrətin qazandı”.
Bu, təkcə Əli Kərimliyə aid məsələ deyil
Tanınmış Vəkil Aslan İsmayılov hesab edir ki, belə addımlarla hakimiyyət nümayəndələri ilk növbədə öz övladlarına pislik etmiş olurlar və cəmiyyətdə qisasçılıq hissi yaradırlar: “ Hakimiyyətin bu addımı heç bir normaya,əxlaqa sığmır. Londonda təhsil alan, savadlı bir gənc heç vaxt plakat cıra bilməz. Üstəlik bu adam bilir ki, onun atasına qarşı hansı təzyiqlər, təqiblər var. Əli Kərimlinin cibindən tank əleyhinə qumbara çıxartdılar, qayının qondarma itthamlarla həbs etdilər, indi də oğlunu plakat cırmaqda ittiham edib tuturlar. Bu hadisə kənarda daynıb susanlara bir mesajdır. Bu, təkcə Əli Kərimliyə aid deyil. Bu cür qanunsuzluqlar hər kəsin başına gələ bilər və bir gün susan birinin cibindən tank çıxaracaqlar. Mən hakimiyyətdə olanlara demək istəyirəm ki, öz övladlarınıza yazığınız gəlsin, onları odun içinə atmayın. Bu qədər haqsızlıq etdiyiniz insanlar, bir gün sizin övladlarınızdan qisas ala bilər”.
Bu şərəfsiz mübarizə üsuludur
Tanınmış hüquqşünas Vidadi Mirkamal hesab edir ki, hakimiyyətin bu əxlaqsız hərəkəti bumeranq effekti verəcək və insanlarda ikrah hissi doğuracaq: “Əli Kərimli hər zaman cəsarətli, fədakar mövqe nümayiş etdirib və buna görə də hakimiyyətin sərt təzyiqləri ilə üzləşib. Tarixdə ən qatı düşmənlər belə mübarizə aparanda ailəni bu məsələyə qatmayıblar. Bunlar o qədər əxlaqsız mübarizə aparırlar ki, ləyaqətli rəqibə, bunların korrupsioner mahiyyətini ifşa edən rəqibə adekvat cavab verə bilmirlər. Bu ölkədə o qədər gəncləri həbs ediblər ki, artıq hakimiyyətin həbs siyasəti effekt vermir. Bu yolla nə Əli Kərimlini mövqeyindən çəkindirmək mümkündür, nə də insanlarda qorxu yaratmaq olar. Bu sadəcə hakimiyyətin şərəfsiz mübarizə üsuludur”.
Hakimiyyət intellektual mübarizənin qarşısına zorakılıqla çıxır
Tanınmış publisist Mehriban Vəzir bu həbsin siyasi həbs olduğunu və insanlıq adına utanc gətirdiyini bildirdi: “ Türkel Kərimli yüksək təhsilli gəncdir, yüksək mədəniyyətə malik olan bir ailənin övladıdır. Belə bir gənci plakat cırmaqda ittiham etmək cılızlıqdır. Mən bir vətəndaş olaraq təəssüflənirəm ki, hakimiyyət intellektual mübarizənin qarşısına zorakılıqla çıxır. Bu rejimin mahiyyətidir. Hakimiyyət öz repressiyalarına davam edir. Bu baş verənlər sözün bitdiyi yerdir. Bütün etik normalardan, insanlqdan kənar addımdı”.
Susduqca daha da cılızlaşırıq
Tanınmış vəkil Adil İsmayılov da öz “Facebook” səhifəsində gənclərin həbsinə münasibət bildirib: “Dünəndən bu xəbər mənim ürəyimi ağrıdır. Niyə yazmırıq,niyə susuruq? Yəqin ona görə ki, öz övladlarımızı fikirləşirik. Qorxuruq ki, münasibət bildirəcəyik, bizim münasibətimiz övladlarımızın başında çatlayacaq. Amma susduqca da cılızlaşırıq. Yəni bu hərəkəti edənlər doğrudanmı başlarını itiriblər, doğrudanmı onlar öz övladlarının taleyini fikirləşmirlər. Dərk etmirlərmi ki, bir gün eynisini onların övladlarına edəcəklər və buna haqları da çatacaq. Bu gün hakimiyyətdə olub iqtidar sahibi olanlar özlərini güclü hesab edir. Etdikləriniz güclülüyünüzü yox, zalimliyinizi və zəifliyinizi sübut edir. Belə güclüsünüzsə niyə işğal edilmiş torpaqlarımızı azad etmirsiniz, niyə düşmənlərimizi əzmirsiniz? Unutmayın Zalımın zülmü, topu- tüfəngi varsa da, məzlumun da ahı və Allahı var”.
İlham