Vahid Məhərrəmov: «Azərbaycanda kənd təsərrüfatı sahəsində artım yalnız məhsulların qiymətindədir»
Kənd təsərrüfatı naziri Ismət Abbasov Nazirlər Kabinetinin bu ilin ilk altı ayının sosial-iqtisadi yekunlarına dair iclasında Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlətin birbaşa dəstəyindən danışıb. Deyib ki, bu ilin yanvar-iyun aylarında kənd təsərrüfatının ümumi məhsulunun dəyəri faktiki qiymətlərlə 2 milyard 122 milyon 995 min manat təşkil edib.
Bu rəqəm bitkiçilik sahəsində 4,5 faiz, heyvandarlıq sahəsində isə 5,1 faiz artıb. Onun fikrincə, 2013-cü ilin nəticələrinə görə kənd təsərrüfatının ümumi məhsulunun artımının təxminən 6-7 faiz olacağı gözlənilir.
Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov məsələni şərh edərək nazirliyin son vaxtlar verdiyi məlumat, açıqladığı rəqəmlər, vəziyyəti dəyərləndirmə və məsələyə yanaşmasında heç nəyin dəyişmədiyini bildirib. Ekspert qeyd edib ki, nazirliyin 2009-cu ildə açıqladığı və 2010-cu ildən başlayaraq, Azərbaycanın guya, taxıl ixracıyla məşğul olacağı barədə məlumatı vəddən başqa bir şey deyil: “Reallıq tamam başqa cürdür. Bu ilin 8 ayının statistikasına görə, ölkəyə un idxalı 15 dəfə artıb, ərzaq buğdasının idxalı 61,5, kəsim üçün diri heyvan 49,6, süd 25,8 faiz, balıqlar və xərçəngkimilər 59 faiz artıb. Bu isə kənd təsərrüfatı məhsullarının ciddi şəkildə gerilədiyi qənaəti yaradıb. Biz heç bir ölkəyə buğda, ət və süd ixrac etmirik. Indiki halda Azərbaycan yalnız idxalla məşğuldur. Ümumi kənd təsərrüfatı məhsulunun istehsalının 7 faiz artması həqiqətə uyğun deyil, aidiyyəti qurum istehsalı şişirtməklə belə məlumatlar ortaya qoyur. Azərbaycanda yeganə artan kənd təsərrüfatı məhsullarının qiymətidir. Bu da öz növbəsində ümumi istehsal həcminin artmasını göstərən rəqəmdir. Ola bilsin ki, onlar məhsulların həcminin deyil, onun dəyərinin qalxması hesabına ümumi istehsalın 7 faiz artacağını deyirlər”.
Ekspert söyləyir ki, ölkənin idxaldan asılılığı get-gedə artır. Buna görə də taxıl, süd, ət istehsalında olan ciddi problemlər yaxında öz həllini təəssüf ki, tapmayacaq. Ölkənin də idxaldan asılılığı getdikcə artır. Burda daha ciddi problem istehsalda pərakəndəlik, dağınıqlıq, torpaqların deqradasiyaya uğraması, texnika və anbar çatışmazlığı, mövcud bazarı digər ölkələrin fermerlərinin tutması və s. amillərdir. Bu baxımdan ölkənin kənd təsərrüfatında hansısa uğurdan danışmaq həqiqəti, real vəziyyəti görməmək deməkdir.
Nigar