Asəf Quliyev: «Növbəti aksiyada əvvəlkilərlə yanaşı yeni plakatlar və şüarlardan da istifadə olunacaq»
Milli Şuranın sentyabrın 29-da «Məhsul” idman-sağlamlıq kompleksinin stadionunda (“İnşaatçılar” metrostansiyasının yanı) keçirəcəyi aksiya ilə bağlı hazırlıq prosesi tam sürəti ilə davam edir. Növbəti aksiyanın daha izdihamlı keçəcəyinə əmin olan A.Quliyev qəzetimizə açıqlamasında bildirdi ki, köhnə şüarlara yenilərinin də əlavə olunması, aksiyanın daha çoşqulu keçməsi üçün bir sıra addımların atılması da planlaşdırılır: «Keçən mitinqdə aksiyanın texniki məsələləri həllini tapdığına görə bu istiqamətdə elə bir problem yaşanmır. Amma növbəti aksiyada əvvəlkilərlə yanaşı yeni plakatlar və şüarlardan da istifadə olunacaq. Cəmil Həsənlinin seçki təbliğat plakatları sentyabrın 29-dakı mitinqdə tam hazır olacaq və seçicilər onlarla tanış olmaq imkanı əldə edəcəklər. Sentyabrın 29-dakı aksiya Milli Şuranın Bakı mitinqidir. Artıq mitinqə hazırlıqla bağlı Milli Şuraya daxil olan partiyaların Bakıdakı təşkilatlarına müvafiq göstərişlər verilib. Hesab edirəm ki, qarşıdakı aksiya əvvəlkidən daha izdihamlı olacaq».
A.Quliyev bildirdi ki, seçki kampaniyasının sonunda Milli Şuranın təbliğat kampaniyasına yekun vuran aksiya keçirmə ehtimalı da var. «Bu təbliğat kampaniyasının gedişindən və əyalətlərdəki aksiyalardan asılı olacaq», deyə A.Quliyev vurğuladı.
Xəyal