Rusiya Suriyaya hərbi qüvvə göndərə bilər

Bəşər Əsəd: «ABŞ, Fransa və Britaniya Suriya ilə müharibədən qalib çıxmaq istəyir»

 

“Suriyada kimyəvi silahların nəzarət altına alınması və məhv edilməsi üçün fəaliyyət göstərəcək BMT ekspertlərinin təhlükəsizliyi üçün bölgəyə kiçik həcmdə hərbi qüvvə göndərə bilərik. Türkiyə və ərəb ölkələrinin təmsilçiləri də həmin hərbi qüvvələrin tərkibində ola bilər”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Nazir bildirib ki, ekspertlərin fəaliyyət göstərəcəyi bölgələrdə təhlükəsizliyi təmin edəcək qüvvələrin olması vacibdir: “Bizim əsgərlərimiz və polisimiz belə bir tapşırığa hazırdır. Biz, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, Türkiyə və ərəb ölkələrindən müşahidəçi qüvvələr təşkil edə bilərik. Burada olan xarici qüvvələrin bütün tərəflərlə dialoq vəziyyətində olması çox önəmlidir. Təxribat ənənə və alışqanlıq halına gəlməməlidir”. Rusiya XIN başçısı Suriya tərəfinin ölkədə olan beynəlxalq mütəxəssislərin təhlükəsizliyinə əsas cavabdeh olduğunu da bildirib.

Suriya prezidenti Bəşər Əsəd isə Çin telekeanllarından birinə müsahibəsində bildirib ki, ABŞ, Fransa və Britaniya xəyali düşmənləri olan Suriyaya qarşı müharibədən qalib çıxmaq istəyir. Əsəd bu ölkələr tərəfindən hazırlanmış BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsindən narahat olmadığını deyib. Suriya lideri həmçinin BMT TŞ-də Rusiya və Çinin müsbət rol oynadığını, Suriyaya qarşı hər hansı bir hərbi müdaxilə üçün heç bir bəhanənin Şuradan razılıq ala bilməməsinə zəmanət olduqlarını deyib. 

Xatırladaq ki, ötən həftə adıçəkilən 3 ölkə BMT TŞ-nin daimi üzvlərinə Suriya üzrə qətnamə layihələrini təqdim ediblər. Qətnamə Suriyaya hərbi müdaxilə imkanlarını istisna etmir. Rusiya isə açıq şəkildə buna qarşı etiraz edir.

“Konkret şəxslərin hegemon olduğu BMT Təhlükəsizlik Şurasının dünyada sabitliyi təmin etməsi mümkün deyil”. Bunu isə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Suriyada baş verən hadisələrə münasibət bildirərkən deyib. Ərdoğan BMT-nin Suriya məsələsindəki mövqeyini pisləyib:

“Suriyada 1700 adam kimyəvi silahla öldürüldü. BMT-nin Təhlükəsizlik Şurası hələ də bununla bağlı qərar verə bilmir. 3 ilə yaxındır ki, 110 min adam bombalarla öldürülür. BMT-nin Təhlükəsizlik Şurası bununla əlaqədar hələ qərar verə bilmir. BMT nəyə yarayır? BMT sülh üçün yaradılmış bir təşkilatdır. 196 üzvü var. Hazırda öz vəzifəsinin öhdəsindən gələ bilirmi? Təəssüf ki, gələ bilmir. Onda soruşmaq lazımdır, biz BMT-ni niyə yaratdıq? Beş daimi üzvünün dodaqları arasına kilidlənmiş bir dünya ədalətli ola bilməz”.