İranın keçmiş prezidenti Məhəmməd Xatəmi “Qardian” qəzetində (Böyük Britaniya) dərc etdirdiyi məqalədə Həsən Ruhani hökumətindən və Qərblə münasibətlərdən danışıb.
“Media forum” saytının məlumatına görə, Xatəmi yazır ki, dünya ilə konstruktiv danışıqlar və mötədillik şüarı seçən Ruhani hökuməti İranın Qərblə nüvə probleminin həlli və bölgədə gedən qarşıdurmaları dayandırmaq üçün yaxşı bir imkan və fürsətdir: “İran özünün dünya gücləri ilə siyasi ixtilaflarını həll etmək üçün yaxşı bir tərəfdaş olmaqla bərabər həm də bölgədəki problemlərin aradan qaldırılmasına yardımçı ola bilər. Nəzərə almaq lazımdır ki, qarşılıqlı ehtiram və etimadın yaranmasına, səmərəli danışıqların aparılmasına lazım olan müsbət atmosfer və səylərin məğlubiyyətə uğraması yalnız ekstremist və ifratçı qüvvələrin güclənməsinə gətirib çıxaracaq.
İran xalqı Ruhaniyə və onun daxili və xarici siyasətdə dəyişiklik yaradılmasını nəzərdə tutan proqramına səs verib. Hesab edirəm ki, Ruhani hökuməti Qərb və İran, eləcə də regional güclər üçün mövcud ixtilaf və problemləri aradan qaldırmaq üçün təkrarolunmaz bir fürsətdir. Əgər qarşılıqlı münasibətlərdə və danışıqlarda yaxşı niyyət olsa və insafa riayət edilsə, biz həm Qərb, həm də Şərq üçün daha yaxşı bir dünyanın şahidi olacağıq”.