Birinci debatdanca Qüdrət Həsənquliyev yersiz yerə professor Cəmil Həsənliyə hücuma keçdi. Niyə “yersiz yerə?”. Bilindiyi kimi, prezidentliyə adayların sıralamasında Cəmil Həsənli 10-cu – sonuncu yerdədir. Qüdrət Həsənquliyevsə ondan öndə – 9-cu yerdədir. Elə birinci debatda Qüdrət Həsənquluyevin hələ nə deyəcəyini, necə çıxış edəcəyini faktik olaraq bilmədiyi C.Həsənliyə yersiz hücumu onun rejim qulluqçusu olduğunun, tapşırıq yerinə yetirdiyinin açıq görsənişi idi.
Rejim polittexnoloqları Q.Həsənquliyevin əlinə fakt verərək onu C.Həsənlini başlanğıcdan qorxudub yenməyə yönəltmişdilər. Q.Həsənquliyevin dediyi nə idi? C.Həsənli 2009-cu ildə çıxmış kitabında H.Əliyevi öyüb – Xarici işlər nazirliyinin pul yardımı ilə çıxmış kitabında. Azərbaycanın 20-ci yüzil tarixinin ən dəyərli araşdırıcılarından olan C.Həsənlinin H.Əliyevi öyməsi, sözsüz, yerinə düşmür. C.Həsənli bunu etməməli idi, edib. Buna görə biz onu qınaya bilərik, ancaq… Iş də elə bu ancaqdadır. C.Həsənli sözü gedən çox dəyərli, çox gərəkli kitabının çapı üçün rejimlə (burada XIN) uzlaşma-kompromisə gedib.
Sözü gedən kitabı başda olmaqla C.Həsənlinin bir çox kitabları Azərbaycan tarixi, bu tarixin indiyədək bilmədiyimiz, bizə qaranlıq qalan gizlinləri ilə bağlı bilgi verən, gerçəkləri ortaya qoyan olduqca dəyərli, gərəkli örnəklərdir. C.Həsənli bu kitabları dünyanın bu başından o başına arxivləri gəzməklə, arxivlərdə yorulmaq bilmədən çalışmaqla yazıb ortaya qoyub. Belə işlərdən başı çıxan kimsə olaraq bildirirəm: bu kitablarla bağlı ağır, üzücü əməyinə görə, bu kitabların böyük, üstün dəyərinə görə Cəmil Həsənliyə indiyədək dönə-dönə dövlət ödülləri verilməli, bu kitablara görə Cəmil Həsənli indiyədək akademik adı almalı idi. Indiyədək bunların biri də olmayıb. Bunların yerinə nə olub? Bu kriminal-korrupsioner rejim C.Həsənlini ağır seçim qarşısında qoyub: ya kitabına H.Əliyevin adını salmalısan (sözsüz, yaxşılığa), ya da kitabının çapından əlini üzməlisən. C.Həsənli, ola bilsin, gizlinləri aydınladan tarixçi-araşdırmaçı istəyi ilə birinci varianta üstünlük verib. Seçim variantına görə kimlərsə bəri başdan C.Həsənlini qınaya bilərlər. Ancaq ən düzgünü C.Həsənlinin seçim variantını kitabları oxuyandan sonra dəyərləndirmək olardı.
Q.Həsənquliyevin (eləcə də bir çox beləsinin) hansı rejim qulluqçusu olduğunu göstərmək üçün oxşar bir fakta üz tuturam. 2009-cu ildə (il də birdir) AMEA-nın Fəlsəfə institutunun əməkdaşı, fəlsəfə elmləri doktoru, dostum Yadigar Türkel mənə M.Ə.Rəsulzadənin olduqca dəyərli, bizim bugünümüz üçün də dedikcə aktual “Milli birlik” kitabını gətirdi. Onun istəyi ilə mən 10 günə bu kitabı redaktə etməli, dilini yeniləşdirib ona qaytarmalı idim. Bir yandan ürəyimdəki böyük Məmməd Əmin sevgisindən, o biri yandan kitabın məni alıb aparan ulusal-ideoloji-politoloji yetkinliyindən, dəyərindən, gərəkliyindən yarımçıq gözlə onu bir gecəyə oxudum. Üç gün sonra (7 gün tez) kitabı redaktəsi, dil yeniləşdirməsi ilə birlikdə Yadigar bəyə qaytardım.
Çapına pul ayrılması üçün Yadigar bəy kitabı işlədiyi institutun direktoruna verdi. Direktor 176 səhifəlik bu kitabı üç aya oxudu. Üç ay sonra kitabın ardınca gedən Yadigar bəyi direktor şoka salmışdı: “Kitaba H.Əliyevin adını salmasan, çapına pul ayrılmayacaq”. Yadigar bəy kitabı götürüb, qapını çırpıb çıxmışdı. Biz o kitabı, ailə büdcəmizdən kəsməklə, pul yığıb çap etdirdik. Biz sonra Rəsulzadənin üç, Ə.B.Topçubaşının bir kitabını belə işləyib çap etdirdik. Qalan kitabların (kitabçaların) hamısının pulunu Yadigar bəy 300 manatlıq “akademik” aylığından kəsməklə qırıq-qırıq verib. Rejimin ölkədə milli-mənəvi dəyərləri aşındırması üzündən ölkədə bu kitabların (Rəsulzadə kitablarının!) çapına yardım edəcək bir kimsə tapılmadı…