Jurnalist Istintaq Təcridxanasında vəkilsiz dindirilir
MTN jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimlinin vəkili ilə görüşünə icazə verməyib. Bu barədə vəkil Elçin Sadıqov danışıb. “Bu gün (red. dünən) saat 16.00-da Pərviz Həşimov ilə görüşmək üçün MTN-ə getmişdim. Birinci girişdən daxil olub MTN-dəki istintaq təcridxanasına yaxınlaşdım. Istintaq təcridxanasından bildirdilər ki, Pərviz Həşimovu müstəntiqin yanına aparıblar.
Qayıtdım girişə və xahiş etdim ki, mənə istintaqa, müstəntiqin yanına girməyim üçün sənəd versinlər. Mənə bildirdilər ki, müstəntiqin yanına getmək üçün istintaqın rəisi M.Şıxəliyev məktub verməlidir. Həmin giriş otağından əvvəl müstəntiq Elşən Murtuzova, daha sonra isə Samir Əliyevə və Sahib Ələkbərova dəfələrlə zəng etdim. Lakin, heç biri telefonu götürmədi. Nəhayət müstəntiq Elmar dəstəyi götürdü. Ona Pərviz Həşimovun mənsiz müstəntiqlər tərəfindən dindirilməsinin qanunsuz olduğunu bildirdim. O, mənə bildirdi ki, Elşənlə danışıb giriş otağına zəng edəcək. Təxminən 30 dəqiqə gözlədim, lakin zəng gəlmədi. Daha sonrakı zənglərimə heç kim cavab vermədi. Müstəntiqlərin Pərviz Həşimovu mənsiz dindirmələri ona işgəncə verməklə istədikləri ifadəni almaq barədə ehtimalları gücləndirir. Ombudsmandan və Elçin Behbudovdan xahiş edirəm ki, təcili MTN-ə gedib Pərviz Həşimovla görüşsünlər”.
Işgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov “Azadlıq” a deyib ki, MTN-nin Istintaq Təcridxanasında jurnalistə fiziki təzyiq göstərilmir. “Istintaq Təcridxanasının rəhbəri ilə danışdım. Dedi ki, ona heç bir təzyiq yoxdur, narahat olmayın. Dedim ki, mən onunla yaxın günlərdə gəlib görüşəcəm. Mütləq Pərvizlə görüşüb onun barəsində sizə məlumat verəcəm”.
E.Behbudov deyib ki, mütəmadi olaraq MTN-nin əməkdaşı ilə əlaqə saxlayır və jurnalistin vəziyyəti ilə maraqlanır. “Ona işgəncə verməyiblər, sadəcə hədə-qorxu gəliblər. Dedim ki, ona işgəncə verilməsin”. Ombudasman Aparatının mətbuat katibi Zemfira Məhərrəmli iclasda olduğuna görə sualımızı cavablandırmadı. Iclas qurtardıqda sonra da telefonunu götürmədi.
Pərviz Həşimlinin həbsi ilə bağlı 30 nəfər QHT üzvü bəyanat yayıb. Bəyanatda deyilir ki, jurnalist peşə fəaliyyətinə görə həbs edilib. “Prezident seçkiləri ərəfəsində tanınmış jurnalist, hüquq müdafiəçisi P.Həşimlinin əsassız ittihamlarla Milli Təhlükəsizlik Nazirliyinın (MTN) əməkdaşları tərəfindən həbs edilməsindən dərin narahatlığımızı bildiririk və onun həbsini pisləyirik.
P.Həşimlinin həbsi, onun iş yerlərində və evində aparılan axtarışlar kobud qanun pozuntuları ilə müşahidə olunub. Belə ki, P.Həşimli MTN əməkdaşları tərəfindən saxlanılarkən ona hüquqları izah edilməyib, öz istədiyi vəkillə təmin olunmasına şərait yaradılmayıb. Saxlanılan zaman P.Həşimli mənəvi və fiziki zorakılığa məruz qalıb. Bundan əlavə MTN əməkdaşları Pərviz Həşimlinin evinə daxil olarkən və orada axtarış apararkən evində xanımının və azyaşlı uşağının olmasına baxmayaraq kobudluq ediblər. Bu əməliyyat Pərviz Həşimlinin xanımını və övladını qorxudub, onlarda sarsıntı yaradıb. Bundan əlavə MTN əməkdaşları Pərviz Həşimlinin evinin qarşısına gələn və öz peşə fəaliyyətlərini yerinə yetirən jurnalistlərlə kobud davranıblar. Pərviz Həşimli barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün məhkəməyə aparılarkən onun başına torba keçirilib.
Pərviz Həşimliyə münasibətdə Insan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının 3-cü maddəsi kobud şəkildə pozulmuşdur”.
Vətəndaş Cəmiyyətinin üzvləri P.Həşimliyə və onun ailə üzvlərinə qarşı edilən hərəkətlərin yerli və beynəlxalq qanunlara zidd olduğunu bəyan ediblər. “Pərviz Həşimlinin həbsini jurnalistlərə, fəallara və siyasətçilərə edilən təzyiq və təhdidlərin davamı kimi qiymətləndiririk və hakimiyyəti bütün bunlara son qoymağa çağırırıq.
Hakimiyyətdən Pərviz Həşimliyə qarşı irəli sürülmüş ittihamlara xitam verilməsini, ona və ailə üzvlərinə qarşı kobudluq edən şəxslərin cəzalandırılmasını və jurnalistin dərhal azadlığa buraxılmasını tələb edirik”.
Bəyanatı Leyla Əliyeva, Intiqam Əliyev, Arzu Abdullayeva, Mirvari Qəhrəmanlı, Qubad Ibadoğlu, Novella Cəfəroğlu, Oqtay Gülalıyev, Xalid Kazımov, Ilqar Ibrahimoğlu, Leyla Yunus, Anar Məmmədli, Hafiz Həsənov, Elşən Nağıyev, Elman Fəttah, Səidə Qocamanlı, Cavad Cavadov, Mehdibəy Səfərov, Azər Mehdiyev, Mətanət Əliyeva, Elçin Abdullayev, Iradə Cavadova, Samir Kazımlı, Rəsul Cəfərov, Zöhrab Ismayıl ,Aytəkin Imranova, Asabəli Mustafayev, Əlövsət Əliyev, Məlahət Nəsibova, Ziya Quliyev, Zaur Əkbər imzalayıblar.
Jurnalist Pərviz Həşimli Irandan qaçaq yolla silah gətirməkdə ittiham olunur. Səbail rayon Məhkəməsinin qərarı ilə onun barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.
Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi Pərviz Həşimlinin həbsini pisləyib və bu həbsi onun peşə fəaliyyəti ilə bağlayıb.
Sevinc Vaqifqızı