Öz vəbamız

Bir neçə gündür Irandan gözlənilən vəba təhlükəsi haqqında yazılır və danışılır. Orada bu xəstəlik geniş yayılıb, hazırda onun Azərbaycana keçmək təhlükəsi varmış.

Bizdə bu saat əksəriyyət müalicə, müayinə üçün Irana gedir, Iran həkimləri, xəstəxanaları hesabına sağlamlıqlarına qovuşurlar, ona görə də indi oradan bura qorxunc bir xəstəliyin yayılma təhlükəsinin yaranması bəlkə adama absurd kimi görünür.   

Əslində absurd o olar ki, Irandan bizə yaxşı, fərli bir şey yayılsın. Onsuz da çoxdandır oradan ölkəmizə başqa qorxunc “xəstəlik”lərin (məsələn, “yaşıl inqilab” kimi!) yayılma qorxusu var, vəba bəlkə də onların yanında toya getməlidir.  

Əsas narahatlıq isə ondadır ki, bu təhlükə real olsa, biz nə edəcəyik? Güvənəcəyimiz bir səhiyyə sistemi yoxdur. Güvənəcəyimiz Iran həkimləridir, amma dərd orasındadır ki, vəba da oradan gəlir. Çox bəxtsiz, qarayığval millətik. Dərdimiz də özgə yerdəndir, dərmanımız da. 

Əslində qeyri-sağlam təfəkkürün və xəstə idarəçiliyin hökm sürdüyü ölkədə adi soyuqdəymə ilə vəbanın təhlükəsi eynidir. Malyariya ilə xərçəngdən ölmə riskləri bərabərdir. Çünki belə ölkələrdə səhiyyə sağaltmır, öldürür.

Necə ki, təhsil də maarifləndirmir, cahilləşdirir.

Necə ki, polis də qorumur, qorxudur və s. və i.a

Hə, indi bizim üçün ən qorxulu xəstəlik – məhz hazırkı idarəetmədir. O, bizim canımıza da, malımıza da ən böyük təhlükədir. O, yalan, yaltaqlıq, saxtakarlıq kimi viruslarla qanımıza işləyir, beynimizi zəhərləyir, ürəyimizi zədələyir və sonda – mənən, ruhən öldürür. Daha bundan sonra vəbanın nəyindən qorxuruq?

Alber Kamyunun indi yazdıqlarımızı daha çılpaqlığı ilə, daha dəqiqliyi ilə anladan bir romanı var: “Taun”.

Romanda hadisələr Oran adlı bir şəhərdə baş verir. Qəfildən camaat arasında taun xəstəliyi baş qaldırır və cavan, qoca, uşaq, qadın, varlı, kasıb demədən hamını öldürür. Və Kamyu öz romanında bu cür ölümcül şəraitdə insanların davranış və düşüncələrinin necəliyini ortaya qoyur.

“Taun”u müəllif Fransanın faşistlər tərəfindən işğalının təsiri altında yazıb və bu roman həm də “mənəvi taun”a – faşizmə qarşı müqavimət ruhundadır. Kamyu özü də yazırdı ki, bu əsər faşizmə qarşı Avropa müqavimətidir. Elə ona görə də indi bir yandan bioloji vəbanın yayılma qorxusunun yarandığı, o biri yandan “mənəvi vəba”nın – urfaşizmin hökm sürdüyü Azərbaycan oxucusu üçün bu roman başqa bir anlam daşıyır. Oxuyanlar nə demək istədiyimi anlayıblar, oxumayanlar isə oxuduqdan sonra anlayacaqlar.

Çoxlarına “Taun” qaramat, ümidsiz bir əsər təsiri bağışlayır, halbuki bu, Kamyunun bəlkə də ən işıqlı romanıdır. Əsər taun üzərində qələbə ilə başa çatır. Bu, həm də faşizmin məğlubiyyətidir. Romanda deyildiyi kimi, istənilən halda – “insanın gözəlliyi eybəcərliklərindən çoxdur”.

Bizdə indi məhz bunun əksini sübut etmək istəyirlər. Insanlardan eybəcər, çirkin tərəflərini göstərmək tələb olunur, yalnız bu halda yaşamaq mümkündür, yalnız alçalmaq bahasına yüksələ bilərsən.

Halbuki “taun”suz, “vəba”sız – faşizmsiz, urfaşizmsiz bir toplumda məlum olacaq ki, bizə yalnız eybəcərlikləri, iyrənclikləri ilə tanış olan, uzun illər yaşamaq, yüksəlmək naminə sadəcə eybəcər, iyrənc tərəflərini nümayiş etdirən insanların belə, gözəllikləri daha çox imiş. Amma bunun heç bir ictimai, siyasi və sosial dəyəri olmadığı üçün onlar bunu nümayiş etdirmək ehtiyacı hiss etməyiblər, hətta əksinə, gizlətməyi məqsədəuyğun sayıblar.

“Bəlanı insan təyin etmir və adam fikirləşir ki, o mücərrəd bir məfhumdur, qorxulu yuxu kimi bir şeydir və keçib gedəcək. Lakin bəla həmişə keçib getmir, qorxulu yuxular bir-birini əvəz edir və keçib gedən adamlar olur” – bunu da Kamyu “Taun”da yazırdı. 

Əsl Azərbaycan reallığıdır – artıq 40 ildir bəla keçmir, amma nə qədər insanlar keçib gediblər. Nə qədər talelər qaralıb, nə qədər ömürlər qırılıb.

Düşündükcə dərin kədər sarır adamı. 

Amma nikbinlik üçün əsas var – bir gün mütləq taun özü də keçib gedəcək.