Gözəl Bayramlı: «Tezliklə Həsən Kərimov sağlığına qovuşaraq yenidən sıralarımaza qatılacaq»
Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin Seçki Qərargahına hazırda onun səlahiyyətli nümayəndələri, AXCP sədrinin müavini Gözəl Bayramlı və Müsavat başqanının müavini Gülağa Aslanlı rəhbərlik edir. Bu dəyişikliyə səbəb bir neçə gün əvvəl Seçki Qərargahının həmsədri Həsən Kərimovun səhhətinin pisləşməsi üzündən xəstəxanaya yerləşdirilməsi olub. Qeyd edək ki, artıq bir neçə gündür Cəmil Həsənlinin seçki qərargahının digər həmsədri Arif Hacılı da obyektiv səbəbdən seçki işindən kənarlaşmaq məcburiyyətində qalıb. A. Hacılının qardaşı, Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli Türkiyədə ürəyindən əməliyyat olunub. A. Hacılı qardaşını Türkiyəyə aparıb. Seçki kampaniyasının ən gərgin vaxtında bu vəziyyəti aradan qaldırmaq üçün C.Həsənli qərar verərək seçki qərargahına rəhbərliyi səlahiyyətli nümayəndələri G.Bayramlı və G.Aslanlıya verib. G.Aslanlının “Yeni Müsavat”a verdiyi məlumata görə, o, A.Hacılı qayıdanadək onu əvəz edəcək. G.Aslanlı Arif Hacılının sentyabrın 24-də axşam Bakıya dönəcəyini və sentyabrın 25-də seçki qərargahındakı işinə başlayacağını dedi. G.Bayramlı isə H.Kərimov sağalıb işinin başına dönənədək onu əvəzləyəcək. Bəs Seçki Qərargahının rəhbərlərinin yoxluğu prosesə necə təsir edir?
G.Bayramlı bildirdi ki, H.Kərimovun Seçki Qərargahında ciddi fəaliyyəti var idi. Amma H.Kərimovun da iştirakı olmadan Seçki Qərargahındakı işləri davam etdirdiklərini deyən G.Bayramlı vurğuladı ki, A.Hacılı və H.Kərimovun yoxluğunda Seçki Qərargahının fəaliyyəti ona və G.Aslanlıya həvalə olunub: «Biz üzərimizə düşən məsuliyyətin öhdəsindən gəlməyə çalışırıq. Amma onların da yeri görünür. Tezliklə Həsən Kərimov sağlığına qovuşaraq yenidən sıralarımaza qatılacaq. Arif bəy də Türkiyədən qayıtdıqdan sonra yenidən Seçki Qərargahındakı işini bərpa edəcək. Hazırda Seçki Qərargahının fəaliyyətində elə bir ciddi problem yaşanmır və qərargahın digər üzvləri ilə yanaşı üzərimizə düşən işin öhdəsindən gəlməyə çalışırıq».
Xəyal