Kimin elektoratı güclüdür
Milli Şuranın sentyabrın 22-də baş tutmuş izdihamlı görüş-mitinqi hakimiyyəti bərk narahat edib. Buna görə də YAP icra katibinin müavini Mübariz Qurbanlı mitinqə “qiymət” verib. Mübariz Qurbanlı saytlara açıqlamasında bildirib ki, Yasamal rayonunda Milli Şuranın keçirdiyi mitinq müxalifəti pərt edib və bu mitinqdə 200-300 nəfər iştirak edib. Mübariz Qurbanlı bu mitinq haqqında başqa böhtançı fikirlər də söyləyib, ancaq biz mitinqdə iştirak edənlərin say məsləsinə diqqət çəkmək istəyirik.
Əvvəla onu qeyd edək ki, mitinqdə iştirak edən onminlərlə insanı 200-300 nəfər kimi qiymətləndirmək hakimiyyətin xalqa münasibətini göstərir. Bu mitinqdə 100 min insan iştirak etsəydi, yaptokratlar yenə də 200-300 adamın olduğunu iddia edəcəkdilər. Çünki bu hakimiyyət üçün ona etiraz edənlər, onun korrupsioner mahiyyətini ifşa edənlər, yaxşı yaşamağaı arzu edənlər “pis insan” kateqoriyasına aiddir. Ancaq Mübariz Qurbanlının yalanını ortaya çıxarmaq üçün ortada video görüntülər, fotolar var. Istənilən sayta girib Milli Şuranın mitinqi haqda real mənzərəni görmək olar.
Bir halda ki, Mübariz Qurbanlı say məsələsinə toxunub, biz də analoqu olmayan YAP-ın Ilham Əliyevin təbliğat kampaniyası çərçivəsində keçirdiyi görüşlərə nəzər salaq və bu görüşlərdəki insanları barmaqla saymağa cəhd edək. Çox vaxtınız getməyəcək, saya bilərsiniz.
YAP xəbərləri: “Ağdam rayonunun Zəngişallı, Qaradağlı və Əsədli kəndlərində seçicilərlə növbəti görüşlər keçirilib. Prezidentliyə namizəd cənab Ilham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlər davam edir”.
Göründüyü kimi bu görüşdə maksimum 10 nəfər iştirak edib.
YAP xəbərləri: “Şəki rayonunda Ilham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində sakinlərlə görüş keçirilib”. Şəki rayonunda keçirilən görüşdə də 13 nəfərin iştirak etdiyin fotodan görmək olur.
YAP xəbərləri: “Ilham Əliyevin seçki qərargahının üzvləri Siyəzən rayonunun Balaca Həmyə və Böyük Həmyə kəndlərində seçicilərlə görüş keçirilib”. Bu görüşdən çəkilmiş fotoda 8 nəfərin əksini görürük.
YAP xəbərləri: “Cənab Ilham Əliyevin Bərdə rayonu üzrə seçki qərargahının üzvləri dünən seçicilərlə növbəti görüş keçiriblər”. Aydın görünür ki, Ilham Əliyevin Bərdə seçicilərinin sayı 17-18 nəfərdən ibarətdir.
YAP xəbərləri: “Xızı rayonunun Fındığan kəndində Ilham Əliyevin təşviqat kampaniyasının üzvləri seçicilərlə görüş keçirib”. 20-yə yaxın seçicinin iştirakı ilə keçirilən görüşdə Ilham Əliyevin quruculuq fəaliyyətindən geniş söhbət açılıb.
YAP xəbərləri: “Ilham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Samux rayonunun Zazalı, Qiyaslı və Tatlı kəndlərində seçicilərlə görüşlər keçirilib”. Fotolardan görünür ki, Samux rayonunda Ilham Əliyevin siyasətini dəstəkləyən 5 nəfər qadın var.
Bu siyahını uzatmaq da olar. Ancaq dəniz suyunun dadın bilmək üçün dəniz suyunun hamısını içməyə ehtiyac yoxdur.
Qayıdaq analoqsuz ölkənin, analoqsuz partiyasının, analoqsuz funksioneri Mübariz Qurbanlının fikirlərinə. Milli Şuranın mitinqində 200-300 nəfər iştirak edibsə belə, yuxarıda göstərdiyimiz faktlar sübut edir ki, Ilham Əliyevin təbliğatı məqsədilə 6 rayonda keçirilmiş görüşdə 100 nəfər insan iştirak edib.
Milli Şuranın təkcə Bakı mitinqində iştirak edən insanların sayını, əminəm ki, Mübariz Qurbanlı bizdən yaxşı bilir. Çünki mitinq meydanına daxil olan hər bir şəxs polis tərəfindən yoxlanılır və insanların ümumi sayı haqda hakimiyyətə məlumat verilirdi.
Cənablar, bundan sonda say məsələsinə diqqət çəkəndə, partiyanızın rəsmi orqanı olan saytlardakı materiallara diqqət edin. Yeri gəlmişkən bildirim ki, yuxarıda adı çəkilən rayon görüşləri ilə bağlı xəbərlərin oxunma sayı 10-20 arasındadır. Deməli, görüşə gələnlər də özləri haqda məlumatı izləməyiblər. Məcburiyyət olan yerdə, səmimiyyət olarmı?
Cənab yaptokratlar Milli Şuranın mitinqinin görüntüsünə də baxın və müqayisə edin. Bu Milli Şuranın namizədi Cəmil Həsənlinin xitab etdiyi auditoriya, Ilham Əliyevin barmaqla sayılacaq seçiciləri.
Ilham Hüseyn