60-a yaxın qəsəbə sakini problemlərə görə ittiham etdikləri bələdiyyə sədrindən Ilham Əliyevə şikayət ünvanladı
Aşağı Güzdək qəsəbəsinin sakinləri ölkə başçısı Ilham Əliyevə müraciət edib. Müraciətin bir surəti də “Azadlıq” qəzetinə göndərilib. Sakinlərin şikayəti qəsəbənin yollarının bərbad olması, su, işıq verilməməsi ilə bağlıdır.
Sakinlərin sözlərinə görə, Aşağı Güzdək qəsəbəsində həyat bələdiyyə sədrinin evinə qədərdir: “Bələdiyyə sədrinin evinə qədər yol çəkilib. Su və kanalizasiya xətləri, işıq dirəkləri də onun evinə qədərdir. Bu nə qədər ədalətlidir? Qarşıdan qış gəlir, biz susuz, işıqsız nə edəcəyik? Bərbad yollar qış aylarında daha da acınacaqlı vəziyyətə düşür. Kəndin o başına maşın getmir. Belə zülmü Allah da götürməz. Dəfələrlə bələdiyyə sədri Bəyağa Abbasova müraciət etmişik lakin heç bir nəticəsi olmayıb. Bələdiyyə sədri deyir ki, gedin kimə şikayət edirsinizsə edin”.
Sakinlər bildirir ki, Bəyağa Abbasovun qanunsuz əməlləri ilə bağlı ölkə başçısına bir dəfə şikayət edilib. Lakin görünən odur ki, bələdiyyə sədri barədə tədbir görülməyib: “Əksinə, bu şikayətdən sonra bələdiyyə sədri iclas keçirərək tabeliyində olan şəxslərə tapşırıb, şikayətçilərin yaşadığı əraziyə işıq, su verməyin. Belə çıxır ki, bu adam heç kimi saymır, heç nədən qorxmur. Yaxud da, bizim şikayətlərimiz sizə (Ilham Əliyev nəzərdə tutulur) gəlib çatmır. Ona görə də qərara gəlmişik ki, növbəti dəfə sizə müraciət edək.
Cənab prezident, biz də sizə şikayət edirik. Əgər bələdiyyə sədrindən çəkinmirsinizsə göstəriş verin burada yaşayış üçün şərait yaratsın. Dövlət büdcəsindən regionların sosial-iqtisadi inkişaf üçün milyonlarla vəsait ayrılır. Aşağı Güzdək qəsəbəsinin problemlərini həll etmək üçün o qədər də iri məbləğ lazım deyil. Sadəcə məmurlar həmin vəsaiti öz şəxsi işlərinə sərf etməsinlər. Cənab Ilham Əliyev, sizdən xahiş edirik ki, bu məsələni diqqətdə saxlayasınız”.
Xatırladaq ki, “Azadlıq” qəzetinin ötən saylarında Aşağı Güzlək qəsəbəsindəki problemlərlə bağlı yazı dərc edilmişdi. Həmin yazı da eyni problemlərlə bağlı idi. Sakinlər həmçinin qəzetimizə bildirmişdi ki, əgər bələdiyyə sədrinin qanunsuz əməllərilə bağlı tədbir görülməsə onlar Bakı-Şamaxı yolunu bağlamağa məcbur olacaqlar. Bu baş vermədi. Görünür, sakinlər hələ radikal addımlar atmağa tələsmirlər. Ilham Əliyevin məsələyə reaksiyasını gözləyirlər.
Onu da qeyd edək ki, Aşağı Güzdək qəsəbəsinin bələdiyyə sədri ilə əlaqə saxlayıb deyilənlərə aydınlıq gətirilməsini istəsək də, səylərimiz nəticə vermədi. Bununla belə onun da mövqeyini dərc etməyə hazırıq.
Azad